Cinayət və İnzibati Xətalar məcəllələrinə sağlamlıqla bağlı dəyişikliklər edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin qəbul etdiyi “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunu imzalayıb.
Dəyişikliklər arasında səhiyyəyə və insan sağlamlığına aid olanlar da var.
Belə ki, Cinayət Məcəlləsində edilən dəyişikliklərdən biri “Təhlükəli qida məhsullarının istehsalı, satışı və ya satış məqsədilə saxlanması” adlanan 200-3-cü maddənin əlavə olunmasıdır. Bu maddəyə əsasən, bilə-bilə insan həyatı və sağlamlığı üçün təhlükəli qida məhsullarının istehsalı, satışı və ya satış məqsədilə saxlanması, bu əməllər xeyli miqdarda törədildikdə 2 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 10 min manatdan 15 min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, yaxud külli miqdarda törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur. Bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda şəxs 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum edilir. Həmin əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda 3 ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərdən biri “Qida təhlükəsizliyi haqqında qanunvericiliyin pozulması” adlanan 220-ci maddənin yeni redaksiyada verilməsidir. Bu maddənin 220.5-ci bəndinə görə, qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası proseslərinə ilkin və dövri tibbi müayinələrdən keçməmiş, yaxud müxtəlif yoluxucu xəstəliklərin daşıyıcıları olan və ya infeksion xəstəliklərə yoluxmuş əməkdaşların buraxılmasına görə fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.
Məcəllənin 221-ci maddəsinə 221.1-1-ci və 221.3-1-ci maddələr əlavə olunub. Bu maddələrə əsasən, tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitələrinin pərakəndə satışına görə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 5000 manatdan 7000 min manatadək məbləğdə cərimə edilir. Həmin xəta nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərərin vurulmasına görə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslərin 2000 manatdan 2500 manatadək, hüquqi şəxslərin 7000 manatdan 9000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
221.3-cü maddədə “fərqli” sözü “yuxarı” sözü ilə əvəz edilib. Beləliklə, dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətlərindən fərqli deyil, yuxarı qiymətlərlə satışına görə cərimə tətbiq olunur.
221.4-cü maddə 221.1, 221.1-1 və 221.3-1-ci maddələrdə nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə cəriməni nəzərdə tutur. Bu Qanunla həmin cərimələrin miqdarı artırılır.
221.8-ci maddədə “dərman vasitəsi deyildir” sözlərinin böyük hərflərlə yazılması, “fəallığa malik qida əlavələrinin” sözləri “aktiv qida məhsullarının” sözləri ilə əvəz edilməsi nəzərdə tutulur.
221.9-cu maddədə “bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılması” sözləri “bioloji aktiv qida məhsullarının reseptə yazılması” sözləri ilə əvəz edilib, buna görə cərimə də 50-100 manatdan 100-150 manata, 150-200 manatdan 300-400 manatadək artırılıb.
Həmçinin Məcəlləyə aşağıdakı məzmunda 221.12 – 221.14-cü maddələr əlavə edilib:
“221.12. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hal istisna olmaqla, dərman vasitələrinin dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin reseptə yazılmasına görə – vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.
221.13. Dərman vasitəsinin Azərbaycan dilində olan istifadə təlimatı qablaşdırmanın içərisində və ya qablaşdırmanın yanında dərman vasitəsini müşayiət etmədiyi təqdirdə, həmin dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi tərəfindən aptek təşkilatının Azərbaycan dilində olan istifadə təlimatı ilə təmin edilməməsinə görə – vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.
221.14. Dərman vasitəsinin Azərbaycan dilində olan istifadə təlimatı qablaşdırmanın içərisində və ya qablaşdırmanın yanında dərman vasitəsini müşayiət etmədiyi təqdirdə, istehlakçının tələbi əsasında aptek təşkilatı tərəfindən kağız formasında çap edilərək ona təqdim edilməməsinə görə – əlli manat məbləğində cərimə edilir”.
428.4-cü maddənin dispozisiyasında “Həkim resepti” sözləri “Resept” sözü ilə, “fəallığa malik qida əlavələrinin dərman vasitəsi olmadığı, həkim resepti” sözləri “aktiv qida məhsullarının dərman vasitəsi olmadığı və müalicəvi xüsusiyyətlərə malik olmadığı haqqında məlumat verilmədən, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınmasını təsdiq edən qeydiyyat nömrəsi göstərilmədən, resept” sözləri ilə əvəz edilib. Beləliklə, həmin maddəyə əsasən, resept əsasında buraxılan dərman vasitələrinin, istehsalına və ya satışına icazə verilməyən tibb vasitələrinin, yaxud tətbiqinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının, habelə bioloji aktiv qida məhsullarının dərman vasitəsi olmadığı və müalicəvi xüsusiyyətlərə malik olmadığı haqqında məlumat verilmədən, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınmasını təsdiq edən qeydiyyat nömrəsi göstərilmədən, resept olmadan buraxılan dərman vasitələrinin qəbulunun və tibbi texnikadan istifadənin əlavə təsirlə müşayiət olunması, həkimlə yaxud mütəxəssislə məsləhətləşmənin zəruriliyi barədə məlumat verilmədən reklam edilməsinə görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.
452-ci maddədə “ləvazimatları,” sözündən sonra “pərakəndə satış üçün nəzərdə tutulan əczaçılıq məhsulları (pambıq, tənzif, bint, sarğı materialları, leykoplastrlar və digər analoji məmulatlar),” sözləri əlavə edilib, “uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri” sözləri “xüsusi təyinatlı qida məhsulları, təbii mineral sular, bioloji aktiv qida məhsulları” sözləri ilə əvəz olunub.
Məcəlləyə aşağıdakı məzmunda 452.2-1-ci maddə əlavə edilib:
“452.2-1. Reseptə yazılmış təsiredici maddə üzrə aptek təşkilatında mövcud olan dərman vasitələri və onların qiymətləri barədə aptek təşkilatının satıcısı tərəfindən istehlakçıya məlumat verilməməsinə görə – iki yüz manat məbləğində cərimə edilir”.
Qanunun 3-cü maddəsində bildirilir ki, Cinayət Məcəlləsinin yeni əlavə olunmuş 200-3-cü maddəsi, eləcə də İnzibati Xətalar Məcəlləsinin yeni redaksiyada verilən 220-ci maddəsi 2025-ci il martın 1-dən qüvvəyə minir.