Milli Məclisdə ilkin səhiyyə xidməti ilə bağlı dinləmə keçirilib

Milli Məclisdə ilkin səhiyyə xidməti ilə bağlı dinləmə keçirilib

Milli Məclisin Səhiyyə komitəsində “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları" mövzusunda dinləmə keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilir ki, tədbirdə giriş sözü ilə çıxış edən komitə sədri Əhliman Əmiraslanov Prezident İlham Əliyevin dəstəyi və qayğısı sayəsində Azərbaycan səhiyyəsinin inkişafından, onun maddi texniki bazasının və kadr potensialının gücləndirilməsindən danışıb. Qeyd olunub ki, ölkə səhiyyəsinə vəsait qoyuluşu ilbəil artır. 2025-ci ildə bu rəqəm üç milyard manata çatıb. Əhaliyə göstərilən tibbi xidmətlərin həm keyfiyyətində, həm də kəmiyyətindəki ciddi yüksəlişdən, həmçinin icbari tibbi sığortanın tətbiqindəki uğurlardan danışan komitə sədri bildirib ki, müzakirə ediləcək ilkin səhiyyə xidmətinin yaxşılaşdırılması üçün də xeyli işlər görülüb, uğurlar əldə edilib.

İctimai dinləmədə çıxış edən səhiyyə naziri Teymur Musayev müstəqillik illərində Azərbaycanda bütün sahələrdə olduğu kimi, səhiyyə sektorunda da davamlı olaraq islahatların həyata keçirildiyini vurğulayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir bildirib ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahı, onun sağlamlığının qorunması dayanır: “Son 20 ildə səhiyyəyə ayrılan vəsait 30 dəfə artırılıb. Eyni zamanda, 700-dən artıq tibb müəssisəsində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Bunların 70%-dən çoxu regionlarda yerləşən tibb müəssisələrinin payına düşür”.
Teymur Musayev qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva daim insanların sağlamlığına xüsusi həssaslıqla yanaşır, müxtəlif sosial layihələrin təşəbbüskarı və dəstəkçisidir. Son 20 ildə qan xəstəlikləri ilə mübarizə tədbirlərinin gücləndirilməsi sayəsində talassemiyadan ölüm sayının 5 dəfə azalmasına nail olunub. 2023-cü ildə Azərbaycan malyariyadan tam azad ölkə kimi qeydiyyatdan keçib. 2021-ci ilin aprel ayından etibarən ölkəmizin bütün ərazilərində icbari tibbi sığortanın tətbiqi əhalinin bir sıra tibb xidmətlərinə əlçatanlığını mühüm dərəcədə artırıb. Hazırda xidmətlər zərfinə 3315 tibb xidməti daxildir. Müəyyən sahələr üzrə cərrahi əməliyyatların sayı 89 % artıb. Bu özü göstərir ki, əhaliyə yüksək səviyyəli tibb xidməti göstərə biləcək tibbi infrastruktur mövcuddur.
Teymur Musayev söyləyib ki, son illərdə tətbiq olunan icbari tibbi sığorta, səhiyyə sisteminin iqtisadi səmərəliliyinin artırılması ilkin tibbi sanitariya yardımına (İTSY) yenidən baxılmasını, onun təkmilləşdirilməsini, gücləndirilməsini zəruri edir. Nazir Azərbaycan Respublikasında ilkin səhiyyə sisteminin təşkilinə tarixi, iqtisadi və sosial kontekstdən yanaşmanın vacibliyini vurğulayıb. O, inamla bildirib ki, bu sahədə qarşılıqlı fəaliyyət sayəsində ölkəmizdə müasir səhiyyə sisteminin tələblərinə cavab verən ilkin tibbi sanitariya xidmətini əhalinin istifadəsinə vermək mümkün olacaq.
İclasda Səhiyyə Nazirliyinin “Sığortaolunanların ilkin tibbi-sanitariya yardımı üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası”na dair təklifləri səsləndirilib. Bildirilib ki, sığortaolunanların İTSY üzrə təhkim olunması inzibati ərazi, coğrafi relyef, risk və yaş qrupları, habelə əhalinin sayı üzrə aparılmalıdır. İTSY-nın gücləndirilməsi üçün əhalinin sağlamlığının qorunması və möhkəmləndirilməsi, xəstələnmə hallarının qarşısının alınması, ana-uşaq sağlamlığının və reproduktiv sağlamlığın qorunması, xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərin sağlamlıq vəziyyətinin davamlı müşahidəsi, uşaq əhalisi arasında profilaktika, müayinə, müalicə və reabilitasiya tədbirləri, habelə Dövlət proqramları və ya Xidmətlər Zərfi çərçivəsində nəzərdə tutulduğu hallarda dərman vasitələri və ya tibbi vasitələrlə təminat, onkoloji xəstəliklərin profilaktikası, erkən aşkarlanması ilə bağlı tədbirlərin vacibliyi qeyd edilib.
İTSY-nın qiymətləndirilməsi üçün kəmiyyət və keyfiyyət göstəricilərinin nəzərə alınmasının əhəmiyyəti vurğulanıb. Bunlara profilaktik müayinələrin sayı və xüsusi çəkisi, ilkin xəstələnmənin nozologiya üzrə sayı və xüsusi çəkisi, profilaktik müayinələr zamanı vərəm, şəkərli diabet, ürək-qan damar sistemi, dəri-zöhrəvi, onkoloji xəstələrin erkən mərhələdə aşkarlanması aiddir. Həmçinin, 1 yaşa qədər ana südü ilə qidalanan körpələrin sayı və xüsusi çəkisi, hamilələrin gecikmiş hospitalizasiya hadisələrinin (ekstragenital xəstəliklər, hamiləliklə bağlı patologiyalar zamanı) sayı, hamilənin erkən (12 həftəyədək) qeydiyyata alınması nəzərə alınmalıdır. Eyni zamanda, vaksinasiya ilə əhatə, uşaqların icbari dispanserizasiyası, ilkin əlillik hadisələrinin sayı və xüsusi çəkisi qiymətləndirilməlidir.
Səhiyyə Nazirliyinin təqdimatında İTSY-nın səhiyyə sistemi ilə əlaqələndirilmiş fəaliyyətinin vahid qeydiyyat sistemi üzərində qurulmasının vacibliyini vurğulanıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev çıxışında bildirib ki, icbari tibbi sığortanın tətbiqinin əsas məqsədi insanların tibbi xidmətə əlçatanlığını təmin etmək, əhalinin sağlamlıq səviyyəsini yüksəltməkdir. Qeyd olunub ki, ilkin səhiyyə xidməti əhalinin tibbi xidmətlərə əlçatanlığının təşkilində çox böyük rol oynayır. Agentliyin sədri bildirib ki, bizim üçün ən vacib məsələ yaşadığı regiondan asılı olmayaraq əhalimizin bərabər şəkildə tibbi xidmətlərə əlçatanlığının təmin olunmasıdır. İlkin səhiyyə xidmətinin insanların səhiyyə xidmətləri ilə daha keyfiyyətli şəkildə təmin olunmasında böyük əhəmiyyət daşıdığını vurğulayan Zaur Əliyev bu sahədə çalışanların bilik və bacarıqlarının qiymətləndirilməsi, inkişaf etdirilməsi və peşəkarlığının təmin olunması ilə bağlı görülən işlərdən danışıb.
Agentlik sədri ilkin səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsinin aktual məsələləri, o cümlədən regionlarda tibb məntəqələrinin yenidən qurulması, onların tibbi heyətlə təmin olunması ilə bağlı fikirlərini bölüşüb.
Səhiyyə Nazirliyinin nümayəndəsi Şərafət İsmayılova tədbirdə ilkin tibbi-sanitariya yardımının (İTSY) əsas prinsipləri barədə ətraflı məlumat verib. O bildirib ki, ilkin tibbi-sanitariya yardımı 3 əsas prinsip – əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, əhalinin keyfiyyətli İTSY-a bərabər çıxış imkanlarının yaradılması, həmçinin səhiyyə sisteminin iqtisadi səmərəliliyinin artırılması üzərində qurulub.
Şərafət İsmayılova qeyd edib ki, ilkin tibbi-sanitariya yardımına əlçatanlığın təmin edilməsi vətəndaşın yaşayış coğrafiyasından asılı olmayaraq İTSY-a çıxış imkanının, o cümlədən tibb məntəqəsi, həkim məntəqəsi, poliklinika, səyyar xidmət, teletibb xidməti, həmçinin patronaj xidməti, evə aktiv gedişlər və evə çağırışın təmin edilməsi ilə mümkündür. Səhiyyə sisteminin iqtisadi səmərəliliyinin artırılması üçün İTSY-ın gücləndirilməsi vacibdir.
Həmçinin ilkin tibbi-sanitariya yardımının kadr təminatı, o cümlədən “Ailə həkimi” rezidentura proqramının müddətinin və qəbul şərtlərinin yenilənməsi, baza tibb təhsili əsasında İTSY müəssisələrində çalışma imkanı, həmin müəssisələrdə çalışan tibb işçilərinə kəmiyyət və keyfiyyət göstəriciləri əsasında bonusların verilməsi, təhkim edilmiş əhalinin xüsusiyyətləri və coğrafi şərait nəzərə alınaraq əmək haqlarına əlavələrin verilməsi ilə bağlı təkliflər irəli sürülüb. Eyni zamanda, regionlarda təqaüd yaşına çatan həkimlərin “Ailə həkimi” kursunu bitirdikdən sonra İTSY-ın göstərilməsinə icazələrin verilməsi, regionlarda çalışan gənc həkimlərin sosial müdafiəsinin gücləndirilməsi, habelə İTSY sahəsində özəl tibb subyektlərinin iştirakının mərhələli qaydada və tənzimləyici mexanizmlərlə artırılması kimi təkliflər səsləndirilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev isə təqdimatında Azərbaycanda tibbi xidmətlərin təhlili ilə bağlı məlumatları diqqətə çatdırıb. O, Azərbaycanda ilkin səhiyyə xidmətində kadr çatışmazlığının aradan qaldırılması, maddi-texniki təminatın yaxşılaşdırılması, regionlarda tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və digər istiqamətlərdə aparılan işlərdən danışıb.
Dinləmədə parlamentin komitə sədrləri Hicran Hüseynova və Musa Quliyev, deputatlar Rəşad Mahmudov, Soltan Məmmədov, Səyyad Salahlı, Məlahət İbrahimqızı, Razi Nurullayev, Fatma Yıldırım, İlham Məmmədov, Pərvanə Vəliyeva, Müşfiq Məmmədli, Tamam Cəfərova, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektor müavini Zəhra Vəzirova çıxış ediblər. Çıxışçılar ilkin səhiyyə xidmətinin kadr təminatı, bu xidmətə qəbul şərtlərinin yenilənməsi, İTSY müəssisələrində çalışan tibb işçiləri üçün stimullaşdırıcı tədbirlərin nəzərdə tutulması, həmçinin mövcud qanunvericilik bazasının bugünkü tələblərə və beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi ilə bağlı fikirlərini bölüşüblər, qeyd və təkliflərini səsləndiriblər.
Səhiyyə naziri Teymur Musayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Agentliyin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev dinləmədə qaldırılan məsələlərə münasibətlərini bildiriblər, səsləndirilən sualları cavablandırıblar.
Tədbirdə Milli Məclisin deputatları, Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, TƏBİB-in, ali təhsil müəssisələrinin, tibb müəssisələrinin təmsilçiləri və digər şəxslər iştirak ediblər.







Dekabr 2024

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova