Prezident İlham Əliyev: “Azərbaycan Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləyəcək”

Prezident İlham Əliyev: “Azərbaycan Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləyəcək”

Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilmiş Zirvə görüşündə iştirak edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Zirvə görüşündə iştirak edən Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Ayman Benabderrahmanı, Keniyanın Baş naziri Uakylif Musalia Mudavadini, Tanzaniyanın Vitse-prezidenti Filip İsdor Mpanqonu, Kuba Respublikasının Vitse-prezidenti Salvador Antonio Valdes Mesanı, Birləşmiş Ərəb Əmirliklərinin Ali Şurasının üzvü, Ras əl-Xeymə Əmirliyinin hakimi Əlahəzrət Şeyx Saud Bin Saqr Al Qasimini, Qabonun Vitse-prezidenti xanım Rouz Kristian Ossuka Rapondanı, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösini, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçi, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidi, Liviyanın Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfini, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevi qarşılayıb.
Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbiri açaraq qonaqları salamlayıb: “Üç ildən bir qədər çox əvvəl elə həmin bu zalda Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi qəbul etdi. Qürurla deyə bilərəm ki, bu Hərəkat son bir neçə ildə beynəlxalq münasibətlərdə mühüm aktorlardan biri olub”.
Sammit səviyyəli görüşün gündəliyi təsdiq olunduqdan sonra Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi çıxış edib.
İştirakçıları salamlayan dövlət başçısı Azərbaycanın sədrliyinə göstərdikləri dəstəyə görə üzv dövlətlərə minnətdarlıq edib: “Qoşulmama Hərəkatının sədri olaraq məqsədimiz ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu.
Biz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürdük. Zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alındı. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün bu məlumat bazasına istinad edib.
Mən həmin Zirvə toplantısında BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılmasını təklif etmişdim. Bu təklif BMT-yə üzv dövlətlər arasında böyük dəstək qazandı.
Xüsusi sessiya 2020-ci ilin dekabr ayında keçirilib və tədbirdə 70-dən çox dövlət və hökumət başçısı çıxış edib. Xüsusi sessiyada beynəlxalq həmrəyliyin artırılmasının zəruriliyi vurğulanıb, Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyi qəbul edilib.
Biz bəzi varlı ölkələrin həyata keçirdiyi “peyvənd millətçiliyi”ni xüsusilə pandemiya ilə mübarizədə ciddi maneə kimi qiymətləndirdik. Nəticədə, Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu.
Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi.
Azərbaycan əksəriyyəti bizim Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib.
Azərbaycan Hərəkatın institusional inkişafına güclü dəstək verir. Biz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etdik. Şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirilib.
Bundan başqa, 2022-ci ilin iyulunda Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb. Təşkilatın daimi katibliyi Bakıda yerləşəcək.
Məqsədimiz institusional davamlılıq yaratmaq və Azərbaycandan sonra sədrliyi təhvil alacaq üzvlərə uğurlu miras qoymaqdır.
2021-ci ildə Belqradda keçirilən Yüksək Səviyyəli yubiley görüşündə mən Hərəkatın COVID-19-dan sonrakı dövrlə bağlı mövqeyini formalaşdırmaq məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli görüşünün keçirilməsi ideyasını irəli sürdüm. Bunu nəzərə alaraq mən bu Zirvə toplantısını çağırdım və inanıram ki, bu tədbir yeni meydana çıxan qlobal əhəmiyyətli məsələləri müzakirə etmək imkanı yaradacaq”.
Prezident İlham Əliyev həmçinin beynəlxalq təhlükəsizlik arxitekturası və multilateralizmin üzləşdiyi təhlükələr, beynəlxalq hüququn norma və prinsiplərinin aşınması, suverenliyin və ərazi bütövlüyünün pozulması, neokolonializm, dövlətlərin daxili işlərinə müdaxilə halları kimi təhdidlər haqqında da danışıb.
Dövlət başçısı BMT sistemində islahatlarla bağlı fikrini də açıqlayıb.
Prezident İlham Əliyev bildirib ki, pandemiya “2030: Davamlı İnkişaf Məqsədləri”nin icra olunmasına mənfi təsir edib: “Hədəflərə çatmaqda geriləmənin qarşısını almaq və 2030-cu il gündəliyinin icrasına vaxtında nail olmaq üçün qlobal səylər gücləndirilməlidir. Bu məqsədlə biz BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif etmişik. Bu panel postpandemiya dövrü üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlaya bilər. Mən Qoşulmama Hərəkatına üzv olan ölkələri bu təşəbbüsü dəstəkləməyə çağırıram”.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan COVID-19 pandemiyası dövründə olduğu kimi, Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və humanitar yardım göstərməyə davam edəcək: “Mən burada iki qlobal çağırışı bəyan edirəm. Bunlar Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləməkdir. Məmnuniyyətlə elan edirəm ki, Azərbaycan ilk donor ölkə kimi hər iki qlobal çağırışa 1 milyon ABŞ dolları məbləğində vəsait ayırır. İnanıram ki, Qoşulmama Hərəkatının üzvləri və beynəlxalq ictimaiyyətin digər üzvləri Azərbaycanın təşəbbüsünü dəstəkləyəcək və bizə qoşularaq postpandemiya bərpası dövründə ehtiyacı olan ölkələrə dəstək verəcəklər”.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə öz maliyyə resursları ilə genişmiqyaslı yenidənqurma işləri apardığını söyləyən Prezident İlham Əliyev bildirib ki, Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır: “Ölkə üçün humanitar minatəmizləmənin böyük əhəmiyyətini nəzərə alaraq, Azərbaycan hazırda xüsusi milli Dayanıqlı İnkişaf Məqsədinin müəyyən edilməsini nəzərdən keçirir. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri və minatəmizləmə fəaliyyəti arasında birbaşa əlaqə görür, çünki minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin geri dönməsini ləngidir. Azərbaycan minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsünü fəal şəkildə təşviq edir. Biz Qoşulmama Hərəkatına üzv olan ölkələri bu təşəbbüsü dəstəkləməyə dəvət edirik”.
Sonra BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi çıxış edərək hazırda bəşəriyyətin dünyada yaşanan müxtəlif proseslərin, o cümlədən COVID-19 pandemiyasının ciddi təsirlərinə məruz qaldığını vurğulayıb, bu problemlərin qarşısını almaq üçün qarşılıqlı əlaqələrin genişləndirilməsi baxımından belə görüşlərin önəmini qeyd edib: “Pandemiya yaşadığımız əsrin ən böyük səhiyyə böhranını yaratdı. Bu göstərdi ki, pandemiyadan yeganə çıxış yolu təkcə sərhədlər daxilində deyil, beynəlxalq səviyyədə həmrəyliyin inkişaf etdirilməsidir”.
Azərbaycanın COVID-19-a qarşı mübarizə istiqamətində irəli sürdüyü təşəbbüslərin önəmini vurğulayan Tsaba Körösi deyib: “Azərbaycan tərəfindən bununla bağlı irəli sürülən təşəbbüslər, həmçinin peyvəndlərə vaxtında və ədalətli qaydada çıxış və əlçatanlıq da qarşılıqlı dəstəyin bir nümunəsidir. Qoşulmama Hərəkatı bu böhrana cavab vermək və pandemiyanın nəticələrini aradan qaldırmaq üçün qlobal həmrəylik göstərərək təşəbbüslər irəli sürmüşdür”.
BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin adından çıxış edərək Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə ev sahibliyinə görə Prezident İlham Əliyevə və Azərbaycana minnətdarlığını ifadə edib. XXI əsrdə çoxtərəfli əməkdaşlıq baxımından Qoşulmama Hərəkatının əhəmiyyətinin daha da artdığını vurğulayan T.Valovaya Hərəkatın dayanıqlı inkişaf, iqlim dəyişikliyinə qarşı mübarizə və sülhün bərqərar olunması istiqamətində aktiv fəaliyyət göstərdiyini bildirib. O, dünyada 6,5 milyon insanın ölümünə, bərabərsizliyin daha da güclənməsinə, böyük depressiyaya və işsizliyə səbəb olan pandemiyanın bir sıra sahələrə, xüsusilə təhsilə sarsıdıcı təsirlər göstərdiyini qeyd edib. Postpandemiya dövründə qlobal əməkdaşlığın, xüsusilə gənclər üçün lazımi şəraitin yaradılmasının və onların arasında əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edən BMT rəsmisi bu baxımdan institusional tədbirlərin görülməsinin vacib rol oynadığını bildirib, Azərbaycanın bununla bağlı irəli sürdüyü təşəbbüsləri xüsusi vurğulayıb.
Daha sonra Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Gebreyesusun videomüraciəti dinlənilib. T.Gebreyesus videomüraciətində Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırıb. Qoşulmama Hərəkatına üzv ölkələrin pandemiyadan əziyyət çəkdiyini vurğulayan Baş direktor bildirib ki, postpandemiya dövründə daha təhlükəsiz və sağlam sistemlərin qurulmasında Hərəkatın üzvlərinin kollektiv təcrübəsindən faydalanmaq çox zəruridir. Ümumdünya Səhiyyə Təşkilatı beynəlxalq səviyyədə pandemiyaya hazırlıq və cavab tədbirləri ilə bağlı sənədlərin qəbul olunması istiqamətində Qoşulmama Hərəkatına üzv ölkələrin səylərinin gücləndirilməsinə dair müraciət edib. Tedros Adhanom Gebreyesus Ümumdünya Səhiyyə Təşkilatının maliyyələşdirilməsinə fəal qoşulmağın zəruriliyini və yerli istehsalın qurulmasına sərmayə qoyulmasının prioritet hədəflər olduğunu vurğulayıb.
Zirvə görüşü işini plenar sessiya ilə davam etdirib.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev qeyd edib ki, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının beynəlxalq arenada rolu və nüfuzu əsaslı şəkildə artıb, bu mühüm platforma çərçivəsində ölkələr arasında çoxtərəfli əməkdaşlıq yeni səviyyəyə çatdırılıb. Pandemiya dövrünün çətinliklərinə baxmayaraq, həmrəylik və sıx birlik daha da möhkəmlənib. Təşkilatın tarixində ilk dəfə onun parlament və gənclər şəbəkələri yaradılıb.
Özbəkistan Prezidenti BMT-də islahatlar məsələsinə toxunaraq, Azərbaycan Prezidentinin Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatının üzvlərinin daimi yeri olması barədə təklifini dəstəkləyib.
Zirvə görüşündə iştirak üçün dəvətə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkürünü bildirən İraq Prezidenti Əbdüllətif Camal Rəşid qlobal pandemiya böhranından sonrakı dövrdə infrastrukturun və xidmətlərin təkmilləşdirilməsinin, qida təhlükəsizliyinin təmin olunmasının vacibliyini diqqətə çatdırıb, ölkəsində bu istiqamətlərdə atılan addımlardan bəhs edib.
Liviya Dövləti Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfi Azərbaycanın Qoşulmama Hərəkatının inkişafına və beynəlxalq arenada onun nüfuzunun artmasına göstərdiyi səylərə və verdiyi töhfələrə, habelə bu təşkilatda uğurlu sədrliyinə görə təşəkkürünü bildirib. Qeyd edib ki, COVID-19 pandemiyası bəşəriyyət üçün beynəlxalq münaqişələrin çoxundan daha ciddi nəticələr doğurub. Prezident Şurasının sədri Liviyanın qarşılıqlı münasibətlərin inkişafına yönəlmiş birgə əməkdaşlığa sədaqətini saxladığını bildirib, bütün dövlətləri Liviyada davam edən münaqişənin həllinə və bu ölkənin inkişafına dəstək verməyə çağırıb.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov koronavirus pandemiyasının nəticələrinin bütün ölkələrin siyasi, iqtisadi və digər sahələrdə inkişafına ciddi təsir göstərdiyini vurğulayıb. Türkmənistan Prezidenti pandemiyanın nəticələrinin qısa müddətdə aradan qaldırılması üçün dövlətlərin öz səylərini birləşdirməsinin və bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməsinin önəmini qeyd edib. Sərdar Berdiməhəmmədov bu məqsədlə fikir mübadiləsinin aparılması, ortaq mexanizmlərin müəyyənləşdirilməsi üçün birgə platformanın yaradılması təklifini irəli sürüb, üzv ölkələrin parlamentləri və aidiyyəti qurumları ilə yanaşı, elm və təhsil müəssisələrinin də bu prosesə cəlb olunmasının vacibliyini vurğulayıb.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç Zirvə görüşündə iştirak üçün dəvətə görə Qoşulmama Hərəkatının sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. O, Qoşulmama Hərəkatının yarandığı zaman dünyaya lazım olan sülh, sabitlik və əməkdaşlıq kimi məsələlərin bu gün də öz aktuallığını saxladığını söyləyib. Koronavirus pandemiyasının uzunmüddətli mənfi təsirlərə səbəb olduğunu deyən Jelka Tsviyanoviç insan itkilərini, səhiyyə sistemində və digər sahələrdə yaranan çətinlikləri qeyd edib. Həmçinin bildirib ki, iqtisadi problemlər qlobal səviyyədə və dövlətlərdə, xüsusilə yoxsul ölkələrdə daha mürəkkəb tənəzzülə səbəb olub.
Qoşulmama Hərəkatının rolunu təqdirəlayiq hesab edən Jelka Tsviyanoviç Hərəkatın koronavirus pandemiyasının qarşısının alınması istiqamətində böyük səylər göstərdiyini vurğulayıb. Qeyd edib ki, COVID-19 pandemiyasından sonra bir çox digər mövzular da aktualdır. Böyük çağırışlar var, çətinliklər heç də azalmayıb, yaxud da yox olmayıb. O, məhz bu səbəbdən Sammitin dünya ictimaiyyətinin diqqətini postpandemiya dövründə bərpa proseslərinə cəlb edəcəyinə əminliyini bildirib.
Zirvə görüşü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə plenar sessiyalarla davam edib.
Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesa, Qabonun Vitse-prezidenti xanım Rouz Kristian Ossuka Raponda, Tanzaniyanın Vitse-prezidenti Filip İsdor Mpanqo, Efiopiya Baş nazirinin müavini Demeke Mekonnen Hassen çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb, qarşıda dayanan problemlərin həlli istiqamətində səylərin birləşdirilməsinin vacibliyindən danışıblar.
Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Ayman Benabderrahman, Serbiya Baş nazirinin birinci müavini – xarici işlər naziri İvitsa Daçiç, Belarus Baş nazirinin müavini İqor Petrişenko, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Bəhreynin səhiyyə naziri Jaleela Sayed Javad Hasan Javad, Çadın ictimai səhiyyə naziri Abdelmajid Abdelrahim Mahamat, Tunisin səhiyyə naziri Ali Mrabet və digərləri çıxış edərək bildiriblər ki, pandemiya böyük insan itkisi ilə nəticələnib. Pandemiya müddətində Ümumdünya Səhiyyə Təşkilatı və Qoşulmama Təşkilatı uzunmüddətli əməkdaşlığın əsasını qoyub. COVID-19 pandemiyası insanlara çoxtərəfli əməkdaşlıqların əhəmiyyətini nümayiş etdirib. Pandemiya səbəbindən yaranan iqtisadi tənəzzül birgə fəaliyyəti zəruri edir. Bu baxımdan, Qoşulmama Hərəkatı daxilində əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı faydalı əlaqələrin qurulması da mühüm əhəmiyyət kəsb edir.
Çıxışlarda qeyd olunub ki, pandemiya miqrantlar və köçkünlərlə bağlı bərabərsizliyi daha da dərinləşdirib, onlar üçün ciddi problemlər yaradıb. Bundan əlavə, dünya əhalisinin üçdəbiri hələ də COVID-19 vaksininin ilk dozasını qəbul etməyib. Diqqətə çatdırılıb ki, dünya gələcəkdə yeni pandemiyaların olmasından sığortalanmayıb, ona görə də insanlar gələcəkdə potensial pandemiyalara və onların yarada biləcəyi çətinliklərə hazır olmalıdırlar.
Eyni zamanda, Hərəkata sədrliyi dövründə Azərbaycanın COVID-19-la mübarizədə göstərdiyi səylərə, sadiqlik və beynəlxalq həmrəyliyə görə ölkəmizə minnətdarlıq ifadə edilib. Vurğulanıb ki, Azərbaycanın sədrliyi dövründə Prezident İlham Əliyev tərəfindən Hərəkatın gələcəyi naminə bir çox təşəbbüslər irəli sürülüb. Həmçinin bildirilib ki, Qoşulmama Hərəkatı pandemiyadan sonrakı dövrdə çox mühüm rol oynaya bilər.
Sonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Sammit iştirakçılarına dərin minnətdarlığını bildirərək qeyd edib ki, tarixindən, siyasətindən və mədəniyyətindən asılı olmayaraq, Hərəkat üzvləri eyni prinsiplər ətrafında birləşiblər. Nazir vurğulayıb ki, bu Sammit həmrəylik, əməkdaşlıq və multilateralizmin əsl nümunəsinə çevrilib. Sammit çərçivəsində ikitərəfli gündəlikdə duran məsələlər üzrə səmərəli görüşlər keçirilib və müzakirələr aparılıb.
C.Bayramov həmçinin vurğulayıb ki, Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan beynəlxalq gündəmdəki bir sıra aktual məsələlərin həllində liderlik nümayiş etdirib. Onun sözlərinə görə, Azərbaycanın təşkilatda sədrlik müddəti bu il başa çatsa da, ölkənin Qoşulmama Hərəkatına yardımı və onunla əməkdaşlığı fəal şəkildə davam edəcək.
Sonda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşünün yekunlarına dair sənəd qəbul olunub.
Qeyd edək ki, Azərbaycan bu ilin sonunda Qoşulmama Hərəkatına sədrliyi Uqandaya təhvil verəcək.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova