Səhiyyə qanunvericiliyinə dəyişikliklər edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Əhalinin sağlamlığının qorunması haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunlarına dəyişikliklər edilməsi barədə Milli Məclisin qəbul etdiyi iki Qanunu imzalayıb.
“Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna edilən dəyişikliklər “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun tətbiqi ilə əlaqədardır və əsasən redaktə xarakteri daşıyır. O cümlədən 56-cı maddənin 4-cü hissəsinin yeni redaksiyasına görə, “Tibb və əczaçılıq işçiləri əmək funksiyalarının icrası zamanı bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığorta edilirlər”.
“Dərman vasitələri haqqında” Qanuna edilən dəyişikliklər isə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlıdır. Belə ki, Qanuna aşağıdakı məzmunda 4.6-cı maddə əlavə edilib: “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir”.
Dövlət başçısı hər iki Qanunun tətbiqi ilə bağlı Sərəncamlar da imzalayıb.