VIII Qlobal Bakı Forumu ən aktual dünya problemini müzakirə etdi

VIII Qlobal Bakı Forumu ən aktual dünya problemini müzakirə etdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.
VIII Qlobal Bakı Forumunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açıq elan edib. Adətən yaz aylarında keçirilən bu Forumun bu il pandemiya səbəbindən məhz bu vaxt təşkil olunduğunu deyən həmsədr toplantının bir sıra mövzulara həsr edildiyini, o cümlədən pandemiya təcrübəsindən çıxış edərək, onunla mübarizə yollarını araşdıracağını, eləcə də qadınların müxtəlif hüquqları uğrunda mübarizənin müzakirə olunacağını söyləyib.
Forumun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Mərkəzin həmsədrləri ilə 2021-ci ildə keçiriləcək illik Qlobal Bakı Forumunu müzakirə edəndə burada geniş təqdimatların olacağını təsəvvür etmirdilər: “Bu, birinci növbədə onu göstərir ki, COVID-lə bağlı vəziyyət yaxşılaşır. İkinci növbədə isə həm də onu göstərir ki, siz bu tədbirə böyük əhəmiyyət verirsiniz. Çünki Qlobal Bakı Forumu qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından aparıcı platformalardan birinə çevrilib”.
Pandemiya dövründə quruma mükəmməl rəhbərlik etdiklərinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri xanım Vayra Vike-Freyberqaya və cənab Serageldinə təşəkkürünü bildirən dövlət başçısı Forumun çox geniş gündəliyindəki bir neçə məsələyə toxunub: “Birincisi, əlbəttə ki, pandemiya ilə bağlıdır. Çünki, bu indi qlobal gündəlikdə bir nömrəli məsələdir. ... Azərbaycan lap əvvəldən – bu xəstəliyin, böhranın baş qaldırdığı vaxtdan həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə çox fəal addımlar atmışdır. Biz bu il yanvarın 18-dən regionda ilk ölkələrdən biri olaraq peyvəndləməyə başladıq. Bu vaxta qədər yaşı 18-dən yuxarı olan əhalinin 60 faizindən çoxu iki dozanı alıb. Nisbətən qısa müddət ərzində biz ümumi çarpayı sayı, demək olar ki, 4 min olan 13 yeni dövlət xəstəxanası açdıq. Ümumilikdə, pandemiya ilə mübarizə aparmaq üçün 46 dövlət xəstəxanası ayrılmışdır. İndi bizdə qapanma yoxdur. Vəziyyət nəzarət altındadır. Yeganə məhdudiyyət ondan ibarətdir ki, biz daxili məkanlarda maska taxmaq məcburiyyətindəyik. Ümidvaram ki, biz vəziyyəti nəzarət altında saxlaya biləcəyik.
Eyni zamanda, biz əvvəllər olan qapanmaların yükünü azaltmaq üçün ciddi tədbirlər gördük. Biz işini itirmiş, qapanmalardan əziyyət çəkmiş insanlar üçün 2020-ci və 2021-ci illərdə sosial-iqtisadi yardım paketini ayırdıq və paketin ümumi dəyəri 2,9 milyard ABŞ dolları idi. Bu vəsait dövlət büdcəsindən maliyyələşmişdir. Biz bunu etməyə davam edəcəyik, çünki biz özlərini tamamilə yeni bir vəziyyətdə görən insanların üzərinə düşmüş yükü azaltmalıyıq. Biz əsasən iki peyvənddən istifadə edirik. “Sinovac” və “Pfizer”dən. Qeyd etdiyim kimi, peyvəndləmə səviyyəsi yüksəkdir. Bu, əlbəttə ki, dövlət siyasəti sayəsində mümkün olmuşdur. Eyni zamanda, bildirmək istərdim ki, əhalimizin bu məsələyə çox məsuliyyətlə yanaşması bizdə məmnunluq doğurur. Peyvəndləmə məcburi deyil. Bizdə hər hansı bir antipeyvəndləmə kampaniyası və ya hətta antipeyvəndləmə tendensiyası yoxdur. Azərbaycan xalqı peyvəndləmənin vacibliyini anlayır və bu, bizim işimizi xeyli asanlaşdırır. Azərbaycan qlobal miqyasda da çox fəal addımlar atıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının hazırkı sədri olaraq ötən il bizim təşəbbüsümüzlə aprel və may aylarında hər iki təşkilatın COVID-ə həsr olunmuş xüsusi Zirvə görüşü keçirildi.
Qoşulmama Hərəkatının Sammitində biz BMT-nin Baş Assambleyasının COVID-ə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdik. Bu təşəbbüs beynəlxalq birliyin mütləq əksəriyyəti tərəfindən dəstəkləndi və bu xüsusi sessiya keçən ilin 3-4 dekabr tarixlərində baş tutdu.
Bu, bizim qlobal məsələlərin müzakirəsinə olan töhfəmiz idi. Eyni zamanda, biz BMT-nin İnsan Hüquqları Şurasında peyvəndlərə bərabər və universal çıxışa, peyvəndlərin ədalətli bölgüsünə dair təşəbbüs irəli sürdük. Biz qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkələrdənik. Bəzi ölkələr artıq peyvəndin üçüncü dozasının tətbiqini planlaşdırır. Digər ölkələrdə isə vaksinasiyanın səviyyəsi aşağıdır. Beləliklə, biz bərabər imkanların yaradılması üçün bu məsələni müzakirə etməliyik.
Bununla yanaşı, qeyd etmək istəyirəm ki, bizim təşəbbüsümüzlə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə edir. Bu isə öz növbəsində ÜST-yə öz dəstəyini düzgün planlaşdırmağa və proqnozlaşdırmağa kömək edir. Qoşulmama Hərəkatının sədri qismində biz 30-dan artıq ölkəyə maliyyə və humanitar yardımı etmişik. Biz təmənnasız olaraq bir neçə ölkəni peyvənd dozaları ilə təmin etmişik. Eyni zamanda, biz yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi etmişik. Bunlar bizim qlobal səviyyədə atdığımız addımlardır. Əlbəttə, beynəlxalq ictimaiyyətin səylərinin birləşdirilməsi və dünyanın aparıcı dövlətlərinin məsuliyyətli yanaşma nümayiş etdirməsi bu xəstəliyin öhdəsindən gəlməyə yardım edəcək”.
Prezident İlham Əliyev öz çıxışında digər aktual mövzulara da toxunub. Çıxışının sonunda dövlət başçısı iştirakçılara təşəkkür bildirib və Foruma uğurlar arzulayıb.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Şefik Caferoviç diqqəti 5 milyon insanın ölümünə səbəb olan COVID-19 pandemiyasına çəkərək, bu vəziyyətin dünyanın gələcəyi ilə bağlı qarşıda yeni vəzifələr qoyduğunu qeyd edib. “Vəziyyət heç vaxt əvvəlki kimi olmayacaq, artıq dünya dəyişdi”, - deyən Şefik Caferoviç vurğulayıb ki, COVID-19 hamıdan ümumi səylərin göstərilməsini tələb edir. Çünki bu böhran təkbaşına aradan qaldırıla bilməz.
Latviya Prezidenti Eglis Levits videomüraciətində bildirib ki, dünyanın hazırkı vəziyyəti dəqiq nizam-intizam və qlobal səfərbərlik tələb edir. Latviya Prezidenti bu istiqamətdə Azərbaycanın təşəbbüslərini yüksək qiymətləndirərək deyib: “Bu baxımdan mən koronavirusa cavab olaraq 2020-ci ilin dekabrında BMT-nin Baş Assambleyasında xüsusi sessiya təşəbbüsü ilə çıxış etmiş Azərbaycanı alqışlamaq istərdim. Bu tədbir pandemiyaya qarşı qlobal səylərin səfərbər olunması məqsədilə BMT platformasının idarə olunmasına çox gözəl nümunə oldu. Ötən il Latviyanın COVID-19 şəraitində yalan məlumata qarşı mübarizə ilə bağlı BMT daxilində irəli sürdüyü regionlararası bəyanata verdiyi dəstəyə görə Azərbaycana bir daha təşəkkür etmək istəyirəm”.
Tədbir iştirakçılarını salamlayan Böyük Britaniyanın Azərbaycandakı səfiri Filip Barkley Böyük Britaniya Hökuməti və öz adından Qlobal Bakı Forumuna uğurlar arzulayıb, Böyük Britaniyanın Baş naziri Boris Consonun Foruma ünvanladığı müraciətin mətnini oxuyub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından çıxış edən Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım da Forumun əhəmiyyətini vurğulayaraq deyib ki, Bakı Forumunun mövzusunun “COVID-19-dan sonrakı dünya” kimi müəyyən edilməsini vaxtında və tam yerində olan düşüncə hesab edir. Binəli Yıldırım pandemiya dövründə Türkiyədə həyata keçirilən qabaqlayıcı tədbirlərdən danışıb, səhiyyə sektorunda görülən işlərə diqqət çəkib.
Sonra tədbir iştirakçılarına Roma Papası Fransiskin xüsusi müraciəti çatdırılıb. VIII Qlobal Bakı Forumunun iştirakçılarına xeyir-duasını yetirən Fransisk Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə təsadüf edən bu mühüm tədbiri beynəlxalq birlik rəmzi kimi dəyərləndirib. COVID 19-un Forumun gündəliyinin əsas mövzularından biri olmasının əhəmiyyətini xüsusi vurğulayan Roma Papası tədbir iştirakçılarına uğurlar arzulayıb.
Daha sonra Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus videobağlantı vasitəsilə çıxış edib. Hamı üçün bərabər səhiyyə imkanlarının təmin olunması ilə bağlı razılığa gəlindiyini söyləyən ÜST rəsmisi bu imkanı yaratmaq üçün təşkilata maliyyə yardımı göstərdiyinə, Qoşulmama Hərəkatının sədri kimi peyvəndlərin digər ölkələrlə bölüşdürülməsi təşəbbüsü ilə çıxış etdiyinə görə Azərbaycan Prezidentinə öz minnətdarlığını bildirib. O deyib: “Multikulturalizm qlobal çağırışlarla mübarizə aparılması üçün vacib bir məqamdır. Lakin çoxtərəfli səylərimizə və bərabərliyi təmin etmək üçün gördüyümüz işlərə baxmayaraq, yenə də bəzi məsələlər bizdən daha çox həmrəylik tələb edir. Biz dəyişikliklərə nail olmalıyıq. Hazırda baş verən böhran hər yerdə hiss olunur. Dünya ölkələrinin təxminən üçdəikisi öz əhalisinin kifayət qədər çoxunu peyvəndləyib. Lakin digər ölkələrdə bu göstərici aşağı səviyyədədir. ÜST-nin məqsədi hər bir ölkənin əhalisinin azı 40 faizinin bu ilin sonunadək peyvəndlənməsidir. Növbəti ildə bu rəqəmin daha da artırılması əsas məqsəddir”.
Tedros Gebreyesus COVID-lə mübarizədə beynəlxalq səviyyədə səylərini əsirgəməyən Azərbaycana səfərini də məmnunluqla xatırlayıb: “2018-ci ildə mən məmnunluq hissi ilə Azərbaycana səfər etdim. Azərbaycan Prezidenti zati-aliləri cənab İlham Əliyev tərəfindən qəbul olundum və universal səhiyyə paketi məsələsini müzakirə etdik. Biz bu növbəti addıma hazırlaşmalıyıq. Gəlin, bu pandemiyaya bizim gələcəyimizlə bağlı vacib məsələ kimi yanaşaq. Bu, bizim iqtisadi sabitliyimizə aparan yoldur”.
BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovay
a planeti narahat edən məsələlərin müzakirəsinə xüsusi həssaslıqla yanaşdığına görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə minnətdarlıq edib. O, COVID-19-un dünyadakı sosial bərabərsizliyi daha qabarıq üzə çıxardığını və bu problemin öhdəsindən uğurla gəlmək üçün beynəlxalq ictimaiyyətin səylərini gücləndirməsinin vacibliyini bildirib. Bu istiqamətdə BMT-nin üzərinə düşən vəzifələrin öhdəsindən gəlmək üçün həyata keçirilən tədbirlərdən danışıb.
Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Baxın tapşırığı ilə foruma qatılan Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç çıxış edərək pandemiyanın beynəlxalq olimpiya hərəkatına da təsir göstərdiyini deyib. Vurğulayıb ki, cəmiyyətlərin böhranlara qarşı daha müqavimətli olması üçün beynəlxalq əməkdaşlıq vacibdir. Həmrəylik heç vaxt arxa plana keçməməli, səhiyyə və peyvəndlər siyasiləşdirilməməlidir. Beynəlxalq Olimpiya Komitəsi hesab edir ki, COVID-19-a qarşı peyvəndlər bütün ölkələr arasında bərabər paylanmalıdır.
Beynəlxalq Valyuta Fondunun direktoru Kristalina Georgiyeva videomüraciətində bildirib ki, pandemiya ilə əlaqədar dünya iqtisadiyyatı böyük böhranla üzləşib. O əminliyini bildirib ki, dünya əhalisinin 40 faizinin peyvənd olunması iqtisadiyyatların bərpası prosesinə töhfə verəcək. Kristalina Georgiyeva bununla bağlı birgə səylərin göstərilməsinin əhəmiyyətinə toxunub, bunun gələcək iqtisadi şoklara qarşı müqavimətin yaradılması baxımından vacib olduğunu diqqətə çatdırıb.
BMT-nin qlobal təhsil üzrə xüsusi elçisi, Ümumdünya Səhiyyə Təşkilatının Qlobal sağlamlığın maliyyələşdirilməsi üzrə səfiri Qordon Braunda videomüraciətində COVID-19-a, həmçinin iqlim dəyişikliyinə qarşı birgə mübarizənin əhəmiyyətindən danışıb. “Pandemiya səhvlərdən nəticə çıxarmaq üçün mühüm hadisədir”, - deyən Qordon Braun ÜST-nin dünya əhalisinin ən azı 40 faizinin peyvənd olunması ilə bağlı təşəbbüsünün bütün ölkələr və ictimai təşkilatlar tərəfindən dəstəklənməsinin, peyvəndlərin bərabər paylanmasının vacibliyini qeyd edib.
Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa COVID-19-dan sonra dünyanın dəyişəcəyini, buna görə Bakı Forumunun budəfəki mövzusunun gələcəyi müzakirə etmək baxımından əhəmiyyətli olduğunu bildirib. “Bütün mövcud problemlərin həlli birgə müzakirələrdən, birgə səylərdən keçir”, - deyən həmsədr Forumun məqsədinin də məhz bu yolla problemlərin həll variantlarını tapmaq olduğunu söyləyib.
Sonra 2021-ci il üçün “Nizami Gəncəvi beynəlxalq mükafatı”nın təqdimatı olub.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin bu il bu mükafata Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesusun və BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovayanın layiq görüldüyünü bildirib.
Tedros Gebreyesus bu mükafatı COVID-19-a qarşı ön sırada mübarizə aparan insanlara həsr etdiyini, onu qəbul etməkdən şərəf hissi duyduğunu söyləyib. Bu mükafatı həm də Azərbaycanın dahi şairi Nizami Gəncəvinin tolerantlıq, müxtəliflik və insansevərlik hisslərinin ifadə olunduğu fikirlərinə bağlılıq kimi qəbul etdiyini deyib.
Tatyana Valovaya da mükafata görə təşəkkürünü bildirib: “Bu mühüm medalı qəbul etmək mənim üçün böyük şərəfdir. Dahi şair Nizami Gəncəvi uzaqgörənliyi ilə seçilən bir şəxs olub. Onun dəyərli fikirləri artıq çoxdan öz ana vətənindən kənara çıxıb. O, dünya mədəni irsinin bir hissəsidir. Nizami Gəncəvinin “Xəmsə”sində yazdığı fikirlər BMT-nin də ideyalarına uyğundur.
Sonra VIII Qlobal Bakı Forumu öz işini panel iclaslarında müxtəlif mövzularda müzakirələrlə davam etdirib.

“İctimai səhiyyə və insanların vaksinasiyası”


VIII Qlobal Bakı Forumu çərçivəsində “İctimai səhiyyə və insanların vaksinasiyası” mövzusunda beşinci panel iclası keçirilib.
ABŞ-ın Xarici Siyasət üzrə Milli Komitəsinin prezidenti Suzan Elliottun moderatorluğu ilə keçən iclasda qlobal pandemiya ilə mübarizə, COVAX platformasının fəaliyyəti, vaksinlərin qeyri-bərabər bölgüsü müzakirə edilib.
Suzan Elliott bildirib ki, COVID-19 peyvəndlərinin vaxtında, keyfiyyətli və ədalətli paylanılması çox vacibdir. Hazırda dünyanın aztəminatlı ölkələrində əhalinin yalnız 10 faizə qədəri vaksinasiyadan keçib. Peyvəndləmə ilə əlaqədar xüsusilə Afrikada acınacaqlı vəziyyət müşahidə olunur: “Afrika əhalisinin yalnız 5 faizi birinci doza vaksin qəbul edib. COVAX platformasından daha çox faydalanmaq lazımdır. ÜST-yə vaksinlərin daha ədalətli paylanması sisteminin hazırlanmasına kömək etməliyik. Zəngin ölkələr də vaksinlərin paylanmasında böyük rol oynamalıdır.
Panel iclasında çıxış edən İsrailin sabiq prezidenti, 2006-2009-cu illərdə Knessetin prezidenti Daliya İtzik İsrailin əhalisinin əksəriyyətinin vaksinləndiyi nadir ölkələrdən biri olduğunu qeyd edib: “İsraildə əhalinin böyük əksəriyyəti qısa zamanda peyvəndlənib. 6 milyon əhali birinci doza, 3 milyon isə hər iki doza peyvəndi qəbul edib. 2 milyon əhaliyə isə üçüncü doza vurulub. Ölkədə əhalinin 60 faizi peyvəndlənib. Həmçinin ölkədə 12 yaşdan yuxarı uşaqların peyvəndləməsinə başlanılıb. Yaş azaldıqca peyvəndləmə göstəricisi də azalır. Gənclər arasında vaksinasiya aparılmasında çətinlik çəkirik. Bu da vaksinlər haqqında dezinformasiyaların yayılması səbəbindən baş verir”.
D.İtzik xatırladıb ki, qlobal səviyyədə peyvəndlərin paylanması üçün yaradılmış COVAX sistemi hər bir ölkənin maraqlarını nəzərə alır: “Bu məsələdə hər bir ölkənin əvvəlcə öz vətəndaşlarının sağlamlığının qayğısına qalması başa düşüləndir, lakin istərdik ki, hər bir ölkə üçün də eyni əlçatanlıq olsun. Bu sahədə ölkələrin beynəlxalq sazişə qoşulması təqdirəlayiqdir”. Sabiq prezident İsrailin müxtəlif ölkələrlə əməkdaşlıq etdiyini, peyvənd yardımı göndərdiyini vurğulayıb.

Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev COVID-19-un dünya ölkələrinin səhiyyə sisteminə təzyiqindən, ÜST-nin vaksinlərin paylanması ilə bağlı statistikasından söz açıb. T.Musayev yüksək gəlirli ölkələrdə hər 100 nəfərə 133 doza vaksin düşdüyü halda, aşağı gəlirli ölkələrdə bu rəqəmin 4-ə bərabər olduğunu təəssüflə qeyd edib: “Belə bir şəraitdə pandemiyanı istənilən şəkildə idarə edə bilməyəcək və onun dalğaları qarşısında aciz qalacağıq”.
Səhiyyə nazirinin birinci müavini bildirib ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət və qurduğu beynəlxalq münasibətlər sayəsində Azərbaycan vaxtında lazımi miqdarda vaksin alıb. Milli Vaksinasiya Strategiyası hazırlanıb və ölkədə yanvarın 18-dən peyvəndləmə prosesi başlayıb: “Əhalinin hədəf qruplarının 60 faizi iki doza ilə peyvəndlənib. İkinci dozadan 6 ay keçdikdən üçüncü doza ilə peyvəndləmə də aparılır. Azərbaycanda pandemiyanın ilk günlərindən ictimai kampaniya, maarifləndirmə tədbirlərinə başlanıldı. Burada kütləvi informasiya vasitələri, vətəndaş cəmiyyəti də mühüm rol oynadılar. Ölkəmizdə vaksinasiyadan keçənlərin, virusa yoluxan və sağalanların sayı ilə bağlı rəqəmlər şəffaf şəkildə paylaşılır”.
T.Musayev Azərbaycanda vaxtında görülən tədbirlər nəticəsində COVID-19-la bağlı vəziyyətin nəzarət altına alındığını da diqqətə çatdırıb: “İlk gündən Azərbaycan hökuməti bütün strateji imkanlarını həmin qlobal bəla ilə mübarizəyə yönəltdi. 50 yeni laboratoriya yaradıldı və mövcud şəbəkəyə inteqrasiya edildi, COVID xəstələrinin müalicəsi üçün çarpayıların sayı 50 minə çatdırıldı, ölkəyə süni tənəffüs aparatları gətirildi. Azərbaycan vaksinasiya kampaniyasına qoşulan ilk ölkələrdəndir. COVAX elə platformadır ki, təsis olunması insan həyatının xilası məqsədi daşıyır. O, sərt azad ticarət qaydalarına uyğun deyil. Dünya ictimaiyyəti bu platformaya dəstək göstərməlidir ki, vaksinlərin paylanması təmin edilsin. ÜST-nin bu sahədə siyasəti vaksinlərin dünya ölkələrinə ədalətli paylanmasına töhfə verəcək.
“Vaksinlərin ədalətsiz paylanması çox ciddi qərarlar qəbul edilməsini şərtləndirir. Qlobal siyasət hazırlanmalı və qəbul olunmalıdır. Azərbaycan ilk gündən “vaksin millətçiliyinə” qarşı mübarizə aparır. Təəssüf ki, hələ də dünyada “vaksin millətçiliyi” davam edir”, - deyə T.Musayev diqqətə çatdırıb. O, dünya ölkələrinin peyvəndlərin ədalətli paylanmasına töhfə verəcəklərinə ümid etdiyini bildirib.
Sloveniyanın sabiq prezidenti Danilo Turk qeyd edib ki, COVID-19 dünyanın reallığını, çatışmazlıqlarını, problemlərini üzə çıxardı: “Bu, bizim üçün dərs olacaq və gələcəkdə strategiyaların hazırlanmasında kömək göstərəcək. Hazırda dünyada beynəlxalq əməkdaşlığın zəif olduğu görünür, daha çox milli sistem üzə çıxır. İctimai səhiyyə xidmətləri o qədər güclü deyil. Peyvəndlərlə bağlı millətçilik hökm sürür. Biz buna tənqidi yanaşmalı, ədalətsiz paylanmanın qarşısını almalı, qlobal bir platforma üzərində səylərimizi birləşdirməliyik. Yüksək səhiyyə standartları ilk növbədə insan hüquqlarının göstəricisidir. Səhiyyə xidmətləri əlçatan olmalıdır”.
Panel iclasında çıxış edən Latviyanın sabiq Baş naziri Lamdota Strauyuma deyib: “Hesab edirəm ki, az inkişaf etmiş və xüsusilə kasıb dövlətlərə COVID-19 vaksinlərinin əlçatanlığı üçün yardımımızı əsirgəməməliyik. Beynəlxalq əməkdaşlıq gücləndikcə vaksinlərin istehsalının səmərəliliyi də artır. Onu da qeyd edim ki, Avropa İttifaqının üzvü olan Latviya pandemiya dövründə vaksinlərin işlənib hazırlanması işinə 2,5 milyard dollar vəsait yönəldib. Bundan başqa, vaksinlərin təhlükəsizliyi və təchizatı məsələsinə də diqqət yetirmək lazımdır. Pandemiya dünya ölkələrinin ictimai səhiyyə sistemindəki boşluqları ortaya çıxardı. Bir sıra ölkələrdə tibb işçiləri çatışmazlığı və monitorinq işinin zəifliyinin şahidi olduq. Hesab edirəm ki, problemlərin həlli və təkmilləşdirilmiş səhiyyə xidmətlərinin təşkili üçün beynəlxalq əməkdaşlığı artırmaq lazımdır. Təəssüf ki, səhiyyə sistemi hələ də çaşqınlıq dövrünü yaşayır. Hazırda COVID-19 əleyhinə vaksinasiya infeksiya ilə ən yaxşı mübarizə üsuludur”.
Tacikistan Respublikasının Prezidentinin sosial inkişaf məsələləri və ictimaiyyətlə əlaqələr üzrə köməkçisi, parlamentin Qanunvericilik və insan hüquqları komitəsinin sədri Emomali Nasriddinzoda COVID-19 pandemiyasının dünya ölkələrinin təhsil sisteminə və az təminatlı əhali təbəqəsinə daha çox mənfi təsir etməsindən danışıb, qlobal problemlərin həlli üçün Tacikistanın bütün vacib tədbirləri həyata keçirməyə hazır olduğunu deyib.
Qeyd edək ki, üç gün davam edən VIII Qlobal Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak ediblər. Hibrid formatda təşkil edilən tədbirə 300-ə yaxın qonaq canlı və onlayn qaydada qoşulub.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova