Valyuta.com

74-cü Ümumdünya Səhiyyə Assambleyası

74-cü Ümumdünya Səhiyyə Assambleyası


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ali direktiv orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyası keçirilib.

Adətən, hər il İsveçrənin Cenevrə şəhərində toplanan Assambleya artıq ikinci ildir ki, mövcud COVID-19 pandemiyası ilə əlaqədar olaraq videokonfrans formatında baş tutur.
Builki sessiyanın mövzusu hazırkı pandemiyaya son qoymaq və növbəti pandemiyaların qarşısını almaq: daha sağlam, daha təhlükəsiz və ədalətli bir dünyanı birlikdə qurmaqdır.

“Dünya birliyini səhiyyədə yeni fövqəladə vəziyyətlərə hazır olmağa çağırıram”

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Ümumdünya Səhiyyə Təşkilatına üzv olan bütün dövlətlərin – 194 ölkə nümayəndəsinin onlayn qoşulduğu Assambleyada videomüraciətlə çıxış edib.
Baş katib dünya birliyinə müraciətlə koronavirus əleyhinə vaksinin bərabər dərəcədə əlçatan olmasının təmin edilməsi üzrə təcili qlobal plan işləyib hazırlamağa və qlobal səhiyyədə yeni fövqəladə vəziyyətlərə hazır olmağa çağırıb. O, beynəlxalq əməkdaşlıq və gələcək üçün həmrəylik çərçivəsini yaratmağın zəruri olduğunu bildirib.
“Biz səhiyyə sahəsində növbəti fövqəladə vəziyyətə hazırlaşmalıyıq”, - deyən Quterreş vurğulayıb: “Mövcud sistemin bütün hökumətlərin və cəmiyyətlərin iştirakı ilə koordinasiya edilmiş beynəlxalq plan əsasında transformasiyası üçün ən yüksək səviyyədə siyasi öhdəliklər götürülməlidir”.

“Vaksinlər ədalətli paylansaydı, dünyanın bütün tibb işçilərinə və qocalarına kifayət edərdi”

2021-ci ilin yalnız beş ayı ərzində 2020-ci ilə nisbətən daha çox koronavirusa yoluxma halları və xəstəlikdən ölüm hadisələri qeydə alınıb. COVID-19 pandemiyası dünya əhalisi üçün ciddi təhlükə yaratmağa davam edir. Bunu ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus Ümumdünya Səhiyyə Assambleyasının açılışında bəyan edib.
O, hər ölkədə virusun ötürülməsi nəzarət altına alınana qədər pandemiyanın bitməyəcəyini vurğulayıb: “İndi heç bir ölkə, əhalisinin peyvənd nisbəti nə qədər yüksək olsa belə, özünü koronavirusu məğlub etmiş ölkə hesab edə bilməz. Vaksinasiya sahəsində davam edən böhran məhz pandemiyanı uzadan bərabərsizliyin görünməmiş ifadəsidir. Dünyada bütün peyvəndlərin 75 faizindən çoxu cəmi 10 ölkədə vurulub”, - deyə doktor Tedros Gebreyesus bildirib.
"Bu fikri heç bir diplomatik formaya salmaq mümkün deyil: vaksinlərin böyük hissəsini istehsal edən və alan ölkələrin kiçik bir qrupu bütün dünyada vəziyyətə nəzarət edir", – deyə o əlavə edib.
ÜST rəhbərinin sözlərinə görə, bu günə qədər vurulmuş peyvəndlərin dozaları daha ədalətli paylansaydı, dünyada bütün tibb işçilərinə və yaşlı insanlara kifayət edərdi.
Doktor Tedros indiyədək COVAX təşəbbüsü çərçivəsində 72 milyon doza vaksinin 125 ölkəyə çatdırıldığını xatırladıb. "Bu, onların əhalisinin hətta bir faizinin vaksinasiyası üçün kifayət etməyə bilər", - deyə o qeyd edib. ÜST rəhbəri inkişaf etmiş ölkələri preparatları yoxsul ölkələrlə paylaşmağa çağırıb.
Ümumdünya Səhiyyə Təşkilatının beynəlxalq ictimaiyyət qarşısında qoyduğu məqsədlərdən bəhs edən Baş direktor deyib ki, hər bir ölkənin əhalisinin ən azı 10 faizi bu ilin sentyabr ayına, 30 faizi isə ilin sonuna qədər peyvənd olunmalıdır. Bu, ölüm hallarının və xəstəliyin ağır formada keçməsinin qarşısını almağa, tibb işçilərini qorumağa, iqtisadiyyata və ictimai həyata yenidən başlamağa imkan verəcək. O həmçinin diaqnostika, müalicə üsulları və peyvəndlərin koronavirusun yeni variantlarına və yeni ştamlarına qarşı effektivliyini hələ qoruyub saxladığını vurğulayıb. Lakin bir çox ölkələrdə virus nəzarətsiz şəkildə yayılmağa və mutasiyaya məruz qalmağa davam edərsə, virusun yeni, daha təhlükəli variantları ortaya çıxa bilər.

“Pandemiyanın idarə olunması milli, regional və beynəlxalq əməkdaşlıq tələb edir”

Azərbaycan Respublikasının səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Ümumdünya Səhiyyə Assambleyasında salamlama nitqində Qoşulmama Hərəkatına sədrliyin 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına həvalə edildiyini Assambleya iştirakçılarının diqqətinə çatdırıb, bu qurumun rəhbəri olaraq ölkəmizin COVID-19-la mübarizəyə verdiyi töhfələrdən danışıb. O qeyd edib ki, pandemiyanın idarə olunması və effektiv tədbirlərin görülməsi milli, regional və beynəlxalq əməkdaşlıq, həmrəylik tələb edir.
Daha sonra tədbir iştirakçılarına Azərbaycan hökuməti tərəfindən pandemiya ilə mübarizədə həyata keçirilən uğurlu siyasət barədə ətraflı məlumat verilib.
Həmçinin COVID-19 peyvəndinin ölkələr üzrə qeyri-bərabər paylanmasının pandemiya ilə mübarizədə yaratdığı çətinliklər də qeyd olunub.
Çıxışının sonunda Teymur Musayev dünya sivilizasiyasının ən qiymətli aktivi olan insan sağlamlığının qorunması sahəsində ölkələrin birgə səylərini artıracaqlarına inamını ifadə edib və konfransın işinə uğurlar arzulayıb.
Ümumdünya Səhiyyə Assambleyası COVID-19 pandemiyasına qarşı cavab tədbirləri, epidemiyaların qarşısının alınması üçün dünya ölkələrinin fəaliyyəti və əməkdaşlığı məsələlərini müzakirə edib. Həmçinin gündəlikdə duran antibiotiklərə rezistentlik, laboratoriyaların bioloji təhlükəsizliyi, pandemiya zamanı psixi sağlamlıq, İİV/QİÇS, poliomielit, malyariya, Dayanıqlı İnkişaf Məqsədləri və digər mövzular müzakirə olunub, müvafiq qətnamələr qəbul edilib.
Assambleyanın bağlanış mərasimində Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Gebreyesusun dəvəti əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olunub.

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli cənab Baş direktor.
Hörmətli tədbir iştirakçıları.
İlk növbədə, davam etməkdə olan COVID-19 pandemiyası ilə əlaqədar qlobal səhiyyə gündəliyi üçün olduqca çətin bir dönəmdə baş tutan Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında çıxış etməklə bağlı dəvətə görə minnətdarlığımı bildirmək istərdim.
Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizənin əlaqələndirilməsi də daxil olmaqla, qlobal səhiyyə sahəsində idarəçiliklə bağlı aparıcı rolunu və səylərini dəstəkləyir.
Pandemiyanın lap ilk günlərindən Azərbaycanda COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirilmişdir. Qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilmişdir. Ölkədə COVID xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının toplam sayı 10 mindən artıqdır.
Bununla yanaşı, COVID-in mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edilmişdir.
Ölkəmizdə görülmüş müfəssəl tədbirlər nəticəsində karantin rejimi tədricən yumşaldılmışdır.
Biz cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyasına başlamışıq və 99,94 faizi “Sinovac”, qalanı isə “AstraZeneca” və “Sputnik” olmaqla, 2 milyon doza peyvənd artıq istifadə edilmişdir. Bu rəqəm əhalimizin 20 faizini təşkil edir. 18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü olaraq peyvənd oluna bilərlər. Peyvənd olunanlara COVID-19 pasportları təqdim edilir.
Biz 2021-ci ilin “Səhiyyə işçiləri ili” elan edilməsini alqışlayırıq.
Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə olduqca səmərəli əməkdaşlıq edir. Ötən il Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırmışdır.
Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini təbliğ etmişdir. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslərlə çıxış etmişdir. Bu sırada Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısını və 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasını ayrıca qeyd etmək olar.
Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir. Bununla yanaşı, koronavirusla əlaqədar 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərilmişdir.
Azərbaycan bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini ictimai şəkildə pisləmişdir. Davam edən “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0,3 faizi azgəlirli ölkələrin payına düşmüşdür.
Bu problemin həlli məqsədilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürmüş və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunmuşdur.
Bu xüsusda, biz inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırırıq.
Təşəkkür edirəm.шаблоны для dle 11.2





Oktyabr 2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova