ÜST layihəsi çərçivəsində ölkənin bütün peyvənd məntəqələri temperatur monitorinqi cihazları ilə təmin edilib

ÜST layihəsi çərçivəsində ölkənin bütün peyvənd məntəqələri temperatur monitorinqi cihazları ilə təmin edilib

Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həyata keçirdiyi “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” layihəsi çərçivəsində tibbi avadanlıqların təhvil-təslim mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Nadir Zeynalov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli, ÜST-nin Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancı, Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko və yerli səhiyyə tərəfdaşları iştirak ediblər.
Ölkədə həm COVID-19, həm də rutin peyvəndlərin saxlanması və daşınması üçün soyuq zəncir sisteminin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi və TƏBİB-ə 3 min ədəd donma indikatoru, 520 peyvənd daşıyıcısı, 70 müxtəlif litrajlı soyuq qutu və ölkənin peyvənd məntəqələrində istifadə olunan bütün soyuducular üçün 1800 ədəd 30 günlük temperatur monitorinqini təmin edən cihaz təhvil verilib.
Tədbirdə yerli səhiyyə tərəfdaşlarına təhvil verilən avadanlıqların ölkədə soyuq zəncir sisteminin gücləndirilməsi və peyvəndlərin insanlara təhlükəsiz şəraitdə çatdırılması baxımından vacibliyi vurğulanıb. Avadanlıq və cihazlardan düzgün istifadə məqsədilə bütün peyvənd məntəqələrinin işçilərinə təlimlərin keçirilməsi planlaşdırılır. ÜST-nin texniki dəstəyi ilə ölkə üzrə keçirilən soyuq zəncir avadanlıqlarının inventarlaşdırılmasının nəticələrinə əsasən, layihə çərçivəsində ölkədə daha çox ehtiyac duyulan soyuq zəncir avadanlığı və tibbi cihazların təchizatının davam etdirilməsi nəzərdə tutulub.
Soyuq zəncir sistemi avadanlıqlarının yerli səhiyyə tərəfdaşlarına təhvil-təslim mərasimində səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib ki, Avropa İttifaqının və ÜST-nin dəstəyi ilə həyata keçirilən “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” layihəsi koronavirus pandemiyasının qızğın vaxtında irəli sürülüb. Layihə ölkə ərazisində peyvəndlərin saxlanılması və çatdırılması üçün zəruri olan avadanlığın gücləndirilməsi məqsədi daşıyır.
Nazir müavini bildirib ki, artıq dünya COVID-19 pandemiyasından çıxmaq ərəfəsindədir, lakin bu layihə uzun illər vaksinasiya prosesinə kömək edəcək.
Nadir Zeynalov Səhiyyə Nazirliyinin adından layihəyə görə Ümumdünya Səhiyyə Təşkilatına və Avropa İttifaqına təşəkkür bildirib.
ÜST-nin Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancı mərasimdə deyib ki, indiyə qədər yerli səhiyyə tərəfdaşlarına təhvil verilən avadanlıqlar 500 min dollar dəyərindədir.
“Bizim əsas məqsədimiz COVID-19 pandemiyası zamanı əldə etdiyimiz təcrübəni qüvvətləndirməkdir. Koronavirusa qarşı vaksinasiyaya dəstək layihələri bizə kömək edir ki, digər viruslar əleyhinə vaksinlərin ölkə ərazisində daha rahat istifadə edilməsinə şərait yaradaq. Biz avadanlıqlarla birlikdə öz təcrübəmizi də səhiyyə işçiləri ilə bölüşürük. Onların bilik və bacarıqlarının artırılması üçün təlimlərin keçirilməsi planlaşdırılır. Vaksinasiya ictimai sağlamlıq üçün ən vacib şərtdir”, - deyə H.Harmancı qeyd edib.
Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko mərasimdə iştirakından məmnun olduğunu söyləyib: “Avropa İttifaqı Azərbaycanın etibarlı tərəfdaşıdır. Pandemiya dövründən başlayaraq biz öz əlaqələrimizi gücləndirməyə davam edirik. Azərbaycan bu regionda ən yüksək peyvəndləmə statistikasına sahibdir”.
Səfir qeyd edib ki, bu təhvil-təslim mərasimində maddi dəyəri 100 min dollar olan avadanlıqlar tərəfdaşlara təhvil verilib. “Biz Azərbaycanla öz təcrübələrimizi bölüşürük. Tibb işçiləri üçün müxtəlif seminarlar təşkil edirik”, - deyə Peter Mixalko bildirib.
Xatırladaq ki, Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə və rutin immunlaşdırma proqramlarının gücləndirilməsi məqsədilə ÜST-nin Azərbaycandakı nümayəndəliyi 2021-ci ilin iyun ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə üçillik “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” layihəsini həyata keçirməyə başlayıb. Bu layihə Aİ və ÜST-nin Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova