Təbii çiçək əleyhinə vaksin və preparatlar meymunçiçəyinin profilaktikası üçün faydalı ola bilər
Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin direktor müavini Rita İsmayılova meymunçiçəyi xəstəliyi, onun ilkin əlamətləri, təbii çiçək xəstəliyi ilə fərqi, xəstəlikdən qorunma yolları ilə bağlı sualları cavablandırıb.
- Rita xanım, son aylarda dünyanın bir çox ölkələrində yayılmış meymunçiçəyi virusu haqqında nələri bilmək vacibdir?
- Meymunçiçəyi zoonoz virus xəstəliyidir, yəni heyvandan insana keçən infeksiyadır. Xəstəlik qızdırma, halsızlıq, şişkinlik, baş, bel, əzələ ağrısı ilə başlayır. Sonra kəskin qaşınan səpgilər əmələ gəlir. Əvvəlcə üzdə yaranan səpgi ovuclara, ayaqların altına və bədənin digər hissələrinə yayılır, qabıq qoyandan sonra azalır, dəridə izlər qoya bilər. Adətən xəstəlik 2-3 həftə davam edir.
Bu virus ilk dəfə 1958-ci ildə laboratoriyada sınaq aparmaq üçün nəzərdə tutulmuş meymunlarda aşkar edilib, ona görə də onu rəsmi olaraq “Monkeypox virus” adlandırıblar. Virusun zoonoz ötürülməsi xəstəliyə yoluxmuş heyvanın qanı, bioloji mayeləri və ya zədələnmiş dəri və selikli qişaları ilə bilavasitə təmas yolu ilə baş verir.
- Meymunçiçəyi ilə təbii çiçəyin fərqi nədir?
- Meymunçiçəyi də, indi tamamilə ləğv olunmuş təbii çiçək də ortopoksviruslara aiddir. Hər iki infeksiyada yoluxmanın kliniki təzahürləri, simptomları oxşar olsa da, meymunçiçəyində xəstəliyin kliniki gedişi təbii çiçəyə nisbətən yüngül olur.
Təbii çiçək yüksək yoluxuculuğu və yüksək ölüm faizi ilə (hadisələrin 30 faizi) fərqlənir. Bu virusa son təbii yoluxma 1977-ci ildə baş verib. 1980-ci ildə isə vaksinasiya üzrə qlobal kampaniya aparıldıqdan sonra təbii çiçək tamamilə ləğv olunub. İnək çiçəyi virusu əsasında hazırlanmış təbii çiçək vaksini ilə peyvəndləmə bütün ölkələrdə 40 il bundan əvvəl dayandırılıb.
Təbii çiçək virusuna yoluxmanın qarşısının alınması məqsədilə qlobal səviyyədə vaksinlər, diaqnostika üsulları və virus əleyhinə preparatlar hazırlanıb. Bütün bu hazırlıq işləri meymunçiçəyi virusunun nəzarəti və profilaktikası üçün faydalı ola bilər.
- Virusun inkubasiya dövrü nə qədərdir? Xəstəliyin ilkin əlamətləri nələrdir?
- Meymunçiçəyinə yoluxma ilə simptomların başlanmasına qədər olan müddət, yəni inkubasiya dövrü 6-13 gün arasında, bəzən 21 günə qədər ola bilər. Bundan sonra simptomlar üzə çıxır – yüksək hərarət, güclü baş ağrısı, limfoadenopatiya (limfa düyünlərinin böyüməsi), kürəkdə ağrılar, mialgiya (əzələ ağrısı), güclü asteniya (zəiflik).
Dəridə səpgilərin əmələ gəlməsi bədən hərarətinin yüksəlməsindən 1-3 gün sonra başlayır. Səpgilər üzdə və ətraflarda nisbətən çox olur. 95 faizi əsasən üzdə müşahidə olunur. 75 faiz hallarda isə əlin içi və ayaqların altını zədələyir. Bundan başqa, ağızın selikli qişasında (70 faiz), cinsiyyət üzvlərində (30 faiz), konyunktivalarda (20 faiz), eləcə də gözün buynuz qişasında səpgilər əmələ gəlir.
Limfoadenopatiya oxşar ilkin simptomları olan digər xəstəliklərlə (suçiçəyi, qızılca, təbii çiçək) müqayisədə meymunçiçəyinin patoqnomik simptomu sayılır.
- İnsanlar özlərini bu xəstəlikdən necə qorumalıdırlar?
- Qeyd edim ki, bu gün üçün meymunçiçəyi ilə bağlı Azərbaycanda yoluxma faktı qeydə alınmayıb. Proses ölkəmizin səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və epidemioloji vəziyyət nəzarət altındadır. Şübhəli hallar qeydə alınan təqdirdə Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində xəstəlik hadisələrinin PZR üsulu ilə laborator diaqnostikası üçün bütün imkanlar mövcuddur.
Vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskalardan istifadə və gigiyena qaydalarına riayət etmələrini tövsiyə edərdim. Eyni zamanda, ictimai yerlərdə dezinfeksiyaedici məhlullardan istifadə önəmlidir.
Ümid edirik ki, bütün bu qaydalara riayət etməklə biz virusun ölkəmizdə yayılmasının qarşısını alacağıq.