Qriplə koronavirusun simptomları oxşar olsa da, onları fərqləndirmək olur
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Günay İsmayılova koronavirus infeksiyası ilə bağlı vəziyyət, onun kəskin respirator infeksiyalardan fərqi, virusdan qorunmaq qaydaları ilə bağlı sualları cavablandırıb.
- Günay xanım, payıza doğru koronavirusa yoluxma sayında kəskin artım müşahidə oluna bilərmi?
- Son zamanlar qonşu ölkələrdə olduğu kimi, Azərbaycanda da koronavirus infeksiyasının yoluxma sayında artım müşahidə olunur. Buna səbəb əksər məhdudiyyətlərin aradan qaldırılması, qazanılmış kollektiv immunitetin zaman keçdikcə zəifləməsi ola bilər.
Unutmayaq ki, payız mövsümündə bir çox infeksiyalar aktivləşir. Fəsil dəyişkənliyi insanların orqanizmində müəyyən dəyişikliyə səbəb olur. Havalar soyuduqca bədənin müqaviməti azalır, orqanizm zəiflədiyi üçün xəstəliklərə yoluxma halları çoxalır. Payız aylarında tənəffüs yolu infeksiyalarının artmasının daha bir səbəbi isə havaların soyuması ilə mövsümə uyğun geyinməmək, qapalı məkanlardan daha çox istifadə etməkdir. Məlumdur ki, pandemiyanın hər yeni dalğasını infeksiyanın daha sürətli və immun nəzarətindən asan yayına bilən mutant variantları törədir. Bütün bunları nəzərə alaraq, ölkəmizdə koronavirus infeksiyasına yoluxma halının payızda yüksəlməsi istisna deyil.
- Kəskin respirator infeksiyaların koronavirusla fərqi nədədir?
- Koronavirusun, qripin və zökəmin simptomları oxşar olsa da, onları bir-birindən ayırmaq mümkündür. Həm koronaviruslu xəstələrdə, həm də kəskin respirator infeksiyalara yoluxmuş xəstələrdə ümumi zəiflik, bədən hərarətinin yüksəlməsi, boğaz ağrısı, öskürək müşahidə olunur. Amma COVID-19 xəstəliyinin ilkin mərhələsində kəskin respirator infeksiyalara xas olmayan bəzi simptomlar müşahidə edilə bilər: qoxu və dad itkisi, ayaqların aşağı hissəsində səpkilər. Bu şikayətlər bütün COVID-19 infeksiyasına yoluxmuş insanlarda müşahidə olunmur. Ona görə də bu əlamətlərin olmaması COVID-19 diaqnozunu inkar etmir.
Qrip də simptomlara görə koronavirusa bənzəyir. Amma bəzi fərqlər də var. Belə ki, qrip xəstənin vəziyyətinin kəskin pisləşməsi ilə xarakterizə olunur, COVID-19 zamanı isə simptomların şiddəti tədricən artır.
Bütün bu deyilənlərə baxmayaraq, xəstəliyi müəyyən etmək üçün xüsusi laboratoriya müayinələri aparmaq çox vacibdir.
- Yanaşı xəstəlikləri olan şəxslər özlərini virusdan necə qoruya bilərlər?
- Məlumdur ki, koronavirus infeksiyası ağırlığına görə müxtəlif formalarda keçə bilər: asimptomatikdən çox ağır dərəcəyə qədər irəliləyə bilər. Sübut olunub ki, xroniki xəstəliklərdən əziyyət çəkənlər və yaşı 65-dən yuxarı olan şəxslər üçün koronavirus infeksiyası daha təhlükəlidir.
Ümumiyyətlə, bütün xroniki xəstəlikləri olanlar üçün koronavirus infeksiyası təhlükəlidir. Ona görə də bu qrupda olanlar səhhətlərinə qarşı xüsusi diqqətli olmalı və daha ciddi profilaktik tədbirlər görməlidirlər. Belə ki, yanaşı xəstəlikləri, yaşı 65-dən yuxarı risk qrupuna daxil olanların səhhətində hər hansı şübhəli bir hal baş verərsə, mütləq həkimlə əlaqə saxlamaları vacibdir.
- Vətəndaşlar virusa yoluxmamaq üçün hansı qaydalara əməl etməlidilər?
- Sınaqdan keçirilmiş virusdan qorunma yolları dəyişməz olaraq qalır. İlk növbədə, qapalı məkanlarda, ictimai nəqliyyatda tibbi maskalardan düzgün istifadə, otaqları tez-tez havalandırmaq, insanların sıx toplaşdığı yerlərdə iştirakı minimuma endirmək, sosial məsafəni (ən azı 1,5 metr) gözləmək, əl və tənəffüs gigiyenası qaydalarına əməl etmək vacibdir.