Şəkərli diabet xəstələrinə gün ərzində 7-8 kilometr piyada gəzmək tövsiyə olunur

Şəkərli diabet xəstələrinə gün ərzində 7-8 kilometr piyada gəzmək tövsiyə olunur

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Səbinə Məşədiyeva-Bayramova şəkərli diabet xəstəliyinin yaranma səbəbləri, qanda şəkərin miqdarını normada saxlamağın yolları, diabet xəstələrinin düzgün qidalanması ilə bağlı suallara cavab verib.

- Səbinə xanım, şəkərli diabetin yaranma ehtimalını artıran səbəblər hansılardır?
- Şəkərli diabet hazırda ən geniş yayılmış endokrin xəstəlikdir. Birinci tip şəkərli diabet xəstəliyinin inkişafı üçün əsas risk amillərindən biri genetikadır. Bu tip diabetin güclü genetik komponenti var və inkişafının 50 faizindən çoxu genetik faktorlardan asılıdır. Birinci tip şəkərli diabet xəstəliyinin yaranma ehtimalını artıran səbəblərə valideynlərin birində və yaxud ikisində də həmin xəstəliyin olması, yaxud xəstəliyin geninin daşıyıcılığı, xarici faktorlar isə virus infeksiyaları sayılır. Təkanverici amil kimi isə tez-tez virus infeksiyalarına tutulma, immun sistemin zəifliyi, stres vəziyyətlər ola bilər.
İkinci tip şəkərli diabet xəstəliyinin yaranma ehtimalını artıran səbəblərə isə piylənmə, arterial hipertenziya, hiperlipidemiya (insanın qanında lipidlərin və ya lipoproteinlərin anormal yüksəlməsi), oturaq həyat tərzi, aşağı fiziki aktivlik və digər amillər aiddir.

- Hazırda ölkəmizdə neçə şəkərli diabet xəstəsi var?
- Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, dünyada 537 milyondan çox insan şəkərli diabetdən əziyyət çəkir. Ölüm səbəbi kimi bu xəstəlik kardioloji və onkoloji xəstəliklərdən sonra üçüncü yerdədir. Diabet tək tibbi yox, həm də sosial, iqtisadi, psixoloji problemlər yaradır.
Statistik məlumatlara görə, təəssüf ki, Azərbaycanda da diabet xəstələrinin sayında artım müşahidə olunur. Məsələn, 2017-ci ildə müalicə-profilaktika müəssisələrinin qeydiyyatında təqribən 243 min diabet xəstəsi olduğu halda, hazırda bu rəqəm 300 minə yaxındır.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da xəstələrin əksəriyyətində (85-90 faiz) 2-ci tip şəkərli diabet diaqnozu qoyulur.

- Qanda şəkərin miqdarını necə normada saxlamaq olar?

- Qanda şəkəri normada saxlamaq üçün ilk növbədə pəhrizə əməl etmək lazımdır. Bu, müalicənin artıq 60-70 faizini təşkil edir. Qalan hissə isə şəkərsalıcı dərmanların və yaxud insulin preparatlarının üzərinə düşür. Dərman qrupu hər bir xəstəyə görə fərdi seçilməlidir.
Həmçinin qanda şəkəri normada saxlamaqda fiziki aktivliyin böyük rolu var. Tövsiyə olunur ki, şəkərli diabet xəstələri gün ərzində 7-8 kilometr piyada gəzsinlər.
Eyni zamanda, həkim tərəfindən təyin olunan preparatlar vaxtında və təlimata uyğun olaraq qəbul edilməlidir. Dərman qəbulunu özbaşına dayandırmaq, dəyişmək və ya dozanı artırıb-azaltmaq olmaz. Bu, insulin müalicəsi alan xəstələrə də aiddir.

- Bu xəstəlikdən əziyyət çəkənlər necə qidalanmalıdırlar?
- Şəkərli diabet xəstələrinə tez həll olunan karbohidratları (tərkibində şəkər tozu olan məhsulları) qida rasionundan çıxarmaları tövsiyə olunur. Eyni zamanda, gec həll olunan karbohidratların, yağların və zülalların nisbəti gün ərzində düzgün tənzimlənməlidir. Gündəlik meyvə payı bir neçə yerə bölünməli və əsasən yeməkdən sonra qəbul edilməlidir.

- Bütün şəkər xəstələri insulin qəbul etməlidirmi?
- Birinci tip şəkərli diabet xəstələri ilk gündən pəhriz və insulinoterapiya vasitəsilə müalicə alırlar. Xəstəlik zamanı mütləq insulin çatışmazlığı olduğuna görə başqa müalicə üsulu yoxdur. Xəstəlikdən əziyyət çəkənlər müalicəni gecikdirsələr, yaxud insulin terapiyasından imtina etsələr, diabetik ketoasidotik komaya düşə bilərlər (DKK, şəkərli diabetin əhəmiyyətli dərəcədə dekompensasiyası).
Əgər insulinin kəşfindən əvvəl belə xəstələr ən çox 1,5–2 il yaşayırdılarsa, bu preparatlar istifadəyə verildikdən sonra 1-ci tip şəkərli diabet xəstələri tam sağlam yaşaya bilirlər. İkinci tip şəkərli diabet xəstələri də müəyyən vəziyyətlərdə insulin müalicəsinə keçirlər.

- Şəkərli diabetdən əziyyət çəkən insanları daha çox hansı yanaşı xəstəliklər narahat edir?

- İkinci tip şəkərli diabet xəstələrində yanaşı olaraq əksər hallarda hipertoniya, ürəyin işemik xəstəliyi olur. Birinci tip diabet xəstələrində isə birincili hipotireoz (qalxanvari vəzin çatmazlığı) müşahidə edilir.
Şəkərli diabetin ikinci tipi “metabolik sindrom” adlanan bir vəziyyətdən sonra yaranır. Buna görə belə diabet xəstələrində artıq o sindromun bütün təzahürləri olur.
Eyni zamanda, şəkərli diabet bəzi genetik sindromlardan əziyyət çəkən xəstələrdə də rast gəlinir.
Qeyd edim ki, əvvəllər şəkərli diabet gizli gedən mərhələlərdə diaqnoz qoyulmurdu. Hazırda müasir diaqnostika üsulları ilə diaqnozu daha erkən qoymaq mümkündür. Xəstəliyin başlanğıc mərhələsində sağlam həyat tərzi, həkimə vaxtında müraciət, pəhriz və müntəzəm fiziki məşqlər çox vacibdir.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova