Mütəmadi dispanser müayinələr böyrək xəstəliklərini vaxtında aşkarlamağa imkan verir
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uroloq Rauf Nağıyev böyrək xəstəlikləri ilə əlaqədar suallara cavab verib.
- Rauf müəllim, xroniki böyrək çatışmazlığının ilkin əlamətləri hansılardır?
- Böyrək parenximasının tədricən atrofiyası ilə müşayiət olunan patoloji hallar nefronların böyük bir qisminin məhvinə, orqanizmdə su-duz və elektrolit mübadiləsinin tənzimlənməsi kimi funksiyaların qismən və ya tamamilə itirilməsinə gətirib çıxarır ki, bu da xroniki böyrək çatışmazlığına səbəb olur.
Xroniki böyrək çatışmazlığının əsas əlamətlərinə yorğunluq, halsızlıq, ürəkbulanma, qusma, bədəndə maye balansının pozulması ilə əlaqədar olaraq ayaqlarda və digər orqanlarda şişkinlik (ödem), yuxu problemləri və gözlərdə şişkinlik, dəri quruluğu, hipertenziya, başağrısı və s. aiddir.
Ümumiyyətlə, xroniki böyrək çatışmazlığının 5 mərhələsi var. Həmin mərhələlərə bölünmənin əsas meyarları qanda kreatinin səviyyəsi, yumaqcıqların filtrasiya sürətinin təyini və sidikdə albuminin dəyərləndirilməsidir.
- Hamiləlik vaxtı zülal itkisinin qarşısı alınmazsa, hansı problemlər yarana bilər?
- Hamiləlik dövründə sidikdə zülalın miqdarı fizioloji olaraq normadan 2 dəfə daha yüksək olur. Lakin proteinuriya səviyyəsinin bundan daha yüksək olması həm ananın, həm də ana bətnindəki uşağın sağlamlığına ciddi təhlükə hesab edilir və vaxtında müalicə olunmazsa, müxtəlif fəsadların yaranması ilə nəticələnir. Bu hal anada arterial təzyiqin yüksəlməsinə səbəb olaraq, preeklampsiya və eklampsiya vəziyyətlərinə gətirib çıxara bilər. Preeklampsiya olan zaman böyrəklərdə, qaraciyərdə və baş beynində funksional dəyişikliklər müşahidə edilir. Bu isə fetoplasentar çatışmazlığa gətirib çıxara bilər. Eklampsiya zamanı isə qıcolmalar, qaraciyər-böyrək çatışmazlığı, ağciyərlərin ödemi və beyin qansızmaları müşahidə edilir.
Ana bətnində olan uşaqda belə hallarda böyrək zədələnməsi, qaraciyər fermentlərinin yüksəlməsi, fiziki və zehni inkişaf geriliyi, az çəki ilə doğulma və s. müşahidə olunur. Çox ağır formalarda bu vəziyyət beyin qanaxmalarına da səbəb ola bilər. Bunları nəzərə alaraq, hamilələrdə hətta heç bir şikayətləri olmadığı hallarda üçüncü aydan sonra ayda bir dəfə sidiyin ümumi analizinin və sidikdə zülalın səviyyəsinin təyin olunması tövsiyə edilir.
- Böyrək daşının əmələ gəlməsi və kanala düşməsi nə ilə əlaqəlidir?
- Böyrək daşlarının əmələ gəlməsindən çox geniş danışmaq olar. Bunun əsas risk amillərinə qidalanma tərzi, metabolik pozulmalar, yetərsiz maye qəbulu, bəzi dərmanlar, insanın fərdi anatomik quruluşu, irsi və coğrafi amillər və s. aiddir.
Böyrəkdə yaranmış daşlar kiçik olduğu hallarda və yerləşməsindən asılı olaraq, sidik axarına düşə bilər. Ölçüsü kiçik olan daşlar (6 millimetrə qədər) spontan olaraq tamamilə sidik traktından xaric ola bilər.
- Uşaqlarda böyrək və sidik kanalında daşların yaranmasının əsas səbəbi nədir?
- Ümumiyyətlə, böyüklərlə müqayisədə uşaqlarda daş xəstəliyinə dəfələrlə az rast gəlinir. Uşaqlarda böyrək daşının yaranmasının əsas səbəblərindən coğrafi, iqlim, irsi və alimentar amilləri qeyd etmək olar. Bununla yanaşı, metabolik pozulmalar və sidik yollarında olan müxtəlif anadangəlmə qüsurlar da vacib amillər sırasındadır. Anadangəlmə qüsurlardan polikistik və nalvari böyrəkləri, böyrək-sidik axarı seqmentinin darlığını, sidik kisəsi-sidik axarı reflüksünü, sidik kanalının darlığını qeyd etmək olar.
- Uşaqlarda böyrək daşı xəstəliyinin əlamətləri hansılardır?
- Böyüklərdə olduğu kimi, uşaqlarda da böyrək daşı xəstəliyi özünü bel nahiyəsində kəskin və ya küt ağrılar, sidikdə qanın olması, temperaturun yüksəlməsi, ürəkbulanma, qusma, ümumi zəiflik, halsızlıq kimi şikayətlərlə büruzə verir. Bəzi hallarda isə sidik daşı xəstəliyi heç bir şikayət olmadan inkişaf edir. Bu baxımdan uşaqları vaxtlı-vaxtında dispanser müayinədən keçirmək vacibdir. Ümumiyyətlə, mütəmadi dispanser müayinələr böyrək xəstəliklərini vaxtında aşkarlamağa imkan verir.
Daşların tərkibinə gəldikdə isə, uşaqlarda daha çox – 75 faiz hallarda oksalat daşları, sonra urat və sistin daşlarına rast gəlinir.