Risk qrupuna aid olanlar koronavirusun ilk simptomlarında dərhal mütəxəssisə müraciət etsinlər

Risk qrupuna aid olanlar koronavirusun ilk simptomlarında dərhal mütəxəssisə müraciət etsinlər

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva koronavirusa yoluxma hallarında artım, “omikron” ştamının yeni mutasiyası, risk qrupuna aid insanlara verilən tövsiyələrlə bağlı sualları cavablandırıb.

- Afaq xanım, bildiyimiz kimi, son zamanlar koronavirusa yoluxma hallarında artım müşahidə olunur...
- Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyasının hələ də bitmədiyini və ötən ayla müqayisədə dünyada koronavirusa yoluxma hallarının təxminən 30 faiz artdığını açıqlayıb. ÜST ABŞ və Avropada “omikron” ştamının yeni növlərinin üstünlük təşkil etdiyini bildirib. Ekspertlərin fikrincə, məhdudlaşdırıcı tədbirlərin ləğv edilməsi səbəbindən hazırda Asiya, Latın Amerikası, Yaxın Şərq və Avropanın 110 ölkəsində epidemioloji vəziyyət qənaətbəxş deyil. Yoluxma hallarının yüksək olduğu bəzi ölkələrdə karantin rejiminə keçid tətbiq edilib, qapalı məkanlarda qoruyucu maskalardan istifadə, sosial məsafənin qorunması və s. kimi qaydalara yenidən əməl olunur. ÜST dünya ölkələrinə qoruyucu maskalardan istifadə və digər qaydalara riayət etməyi tövsiyə edir.

- “Omikron”un yeni mutasiya olunan növü hazırda dünyada sürətlə yayılır. ÜST bununla bağlı məlumat yayımladı...
- Ötən ayın sonunda Hindistanın bəzi bölgələrində “omikron”un yeni alt növü müəyyən edilib. Böyük Britaniya, ABŞ, Avstraliya, Almaniya, Niderland, Kanada və s. ölkələrdə artıq yeni növ aşkarlanıb. Yeni alt növün fərqli əlamətləri barədə məlumat verilməsə də, “omikron”un ümumi əlamətlərinə baş və boğaz ağrısı, əzələlərdə, oynaqlarda ağrılar, yüksək hərarət daxildir. İybilmə, dadbilmə qabiliyyəti adətən itmir. Pnevmoniya yaratmaq qabiliyyəti “delta”ya görə daha aşağıdır. “Omikron” ştamının mənfi cəhəti isə onun “delta”ya nisbətən daha sürətlə yayılma xüsusiyyətinə malik olmasıdır.

- Ölkəmizdə də son günlər virusa yoluxmada artım müşahidə olunur. Bəzi mütəxəssislər 65 yaşdan yuxarı və yanaşı xəstəlikləri olan şəxslərə diqqətli olmağı məsləhət görürlər. Siz risk qrupuna aid insanlara nə tövsiyə edərdiniz?
- İki ildən artıq davam edən pandemiya müddətində ölkədə fəaliyyət göstərən səhiyyə qurumlarının COVID-19 infeksiyası ilə mübarizə tədbirləri nəticəsində virusun ölkə əhalisinin sağlamlığına mənfi təsiri minimum səviyyədədir. Hazırda COVID-19-a yoluxmuş insanların bir çoxunda xəstəlik əsasən yüngül formada keçir. Amma risk qrupuna daxil olan şəxslərdə xəstəlik nisbətən ağır keçə bilər. Ona görə bu vətəndaşlara tövsiyə edirəm ki, gigiyenik qaydalara ciddi şəkildə əməl etsinlər, koronavirusun ilkin simptomlarını hiss etdikləri təqdirdə dərhal sahə həkimi ilə əlaqə saxlasınlar. Eyni zamanda, sosial məsafəni qorumağı, ictimai yerlərdə isə qoruyucu maska və antiseptik məhsullardan istifadə etməyi unutmasınlar. Həmçinin zərurət yaranmadığı halda qapalı məkanlardan mümkün qədər uzaq olmağı məsləhət görürəm.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova