Mədə xəstəlikləri zamanı yayda necə qidalanmalı?
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədov mədə-bağırsaq xəstəlikləri, onların streslə əlaqəsi, yay aylarında, xüsusilə mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən şəxslərin qidalanması zamanı diqqət edilməli məqamlarla bağlı sualları cavablandırıb.
- Emin müəllim, hansı hallarda insanlar mədə xəstəliklərindən şübhələnməlidirlər?
- Mədə xəstəlikləri istənilən yaşda, hətta ciddi pəhriz saxlanılsa belə, rast gəlinə biləcək bir problemdir. Çünki bizdən asılı olan və olmayan səbəblər çoxdur.
Mədə xəstəliyi insanda əsasən köp, mədədə yanma hissi, həzmsizliklə müşahidə olunur. Bəzi əlamətlər var ki, çox diqqətli olmaq lazımdır. 40 yaşdan yuxarı şəxslərin mədəsində köp, ağrı, ürəkbulanma uzun zaman davam etdiyi təqdirdə həkimə müraciət olunmadan dərman vasitələrini qəbul etmək doğru deyil. İştahasızlıq, çəki itirmə, ürəkbulanma mədə xərçənginin ilkin əlamətləri ola bilər.
Bir insan qanazlığından daim əziyyət çəkirsə, mütləq mədə yoxlanılmalıdır, çünki dəmirin sorulma prosesi məhz mədədən başlayır.
- Stres, əsəb mədə-bağırsaq xəstəliklərinə necə təsir edir?
- Gündəlik müraciət edən xəstələrin, demək olar ki, 50 faizdən çoxu şikayətləri məhz stres-əsəb pozuntularına bağlı olan xəstələrdir. Stres həzm sisteminə birbaşa təsir göstərir. Hətta bunun öyrənilməsi məqsədilə neyroqastroenterologiya adlı yeni elm sahəsi yaranıb. Güclü stresdən hətta mədə xorası yarana bilər.
Xüsusilə, pandemiyadan sonra bu nevroloji vəziyyətlə əlaqəli mədə-bağırsaq şikayətli müraciətlər ciddi artıb.
Streslə bağlı bağırsaq xəstəliyi olan qıcıqlanmış bağırsaq sindromundan əziyyət çəkən insanların əksəriyyətində qəbizlik, ishal və ya hər ikisi birgə müşahidə olunur. Aparılan son elmi tədqiqatlar sübut edib ki, mədə-bağırsaq yolunda yerləşən milyardlarla mikroblar insanın nevroloji vəziyyətinə və hətta davranışlarına təsir edə bilər.
- Ağızdan xoşagəlməz qoxu da mədədə hansısa problemin mövcudluğuna işarə ola bilərmi?
- Tibbi adı Halitosis olan ağız qoxusunun ağız boşluğu gigiyenasından başlayaraq, mədənin xəstəliklərinə qədər bir çox səbəbləri ola bilər.
Uşaqlarda ağız qoxusunun əsas səbəbi şəkərli qidaların həddindən artıq qəbuludur.
- Mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlər yay aylarında qidalanma zamanı nəyə diqqət etməlidir?
- Bu xəstəliklərdən əziyyət çəkən insanların qidalanmasında bəzi vacib məqamları qeyd etmək istərdim. Məlumdur ki, yay fəslində mədə-bağırsaq infeksiyaları və qida zəhərlənmələri artır. Xüsusilə, mədə turşuluğunu azaldan dərmanlar qəbul edən şəxslərə dərman dozalarını azaltmağı tövsiyə edirəm. Çünki mədə turşuluğu ətrafdan zərərli mikrob və maddələrin orqanizmə daxil olmasının qarşısını alır.
Bundan başqa, reflüks və ishaldan əziyyət çəkən insanlara süd, kofeinli və energetik içkilərdən imtina etmələrini məsləhət görürük.
Ən çox zərərli vərdişlərdən biri də sarımsaq udmaqdır. Sarımsaq çox güclü aşındırıcı bir qida olaraq onikibarmaq bağırsağın qanamasına və kəskin reaktiv qastritə səbəb ola bilər.
Qızardılmış ət və ət məhsullarının çox istifadəsi qastrit, xora xəstəliyinin daha da kəskinləşməsinə şərait yarada bilər. Mədəaltı vəzi və öd daşı xəstəliklərindən əziyyət çəkən şəxslərdə bu zaman kəskin ağrılar müşahidə oluna bilər.
Yağlı ət məhsulları və soyuq içkilərin birgə qəbulu zamanı ishal, kəskin qarın ağrıları, ürəkbulanma və qusma hallarına tez-tez rast gəlinir. Bu da həzm sisteminə ciddi şəkildə mənfi təsir göstərir. Bundan əlavə, xüsusilə yay aylarında düzgün saxlanılmayan və boyat qidalardan istifadə edildikdə kəskin qastroduodenit, yəni qusma və ishal baş verə bilər.
Yay aylarında vətəndaşlara tərəvəzlərlə zəngin qidalanmağı və çətin həzm olunan ət yeməklərini azaltmağı tövsiyə edirəm.