Allergik xəstəliyin kəskinləşməsi istənilən peyvəndləmə üçün əsas əks göstərişdir
Səhiyyə Nazirliyinin Bakı şəhəri üzrə baş allerqoloqu Lalə Allahverdiyeva allergik xəstələrin COVID-19 infeksiyasına yoluxması zamanı baş verə biləcək ağırlaşmalar barədə və peyvəndləmənin hansı hallarda aparıla biləcəyi haqqında müsahibə verib.
- Allergiyadan əziyyət çəkənlər koronavirus üçün risk qrupuna aiddirmi? Ümumiyyətlə, COVID-19 bu xəstələrə necə təsir edir?
- Allergiyadan əziyyət çəkən xəstələr COVID-19-un inkişaf etməsinə görə risk qrupuna daxil deyillər, çünki belə xəstələrin tənəffüs yollarının hüceyrələrində AÇF2 (angiotenzin çevirici ferment-2) geninin ekspressiyasının azalması müşahidə olunur. Lakin ağır dərəcəli, nəzarət olunmayan bronxial astmalı xəstələr istisna təşkil edirlər, onlar COVID-19-a görə yüksək risk qrupundadırlar. Onlardan başqa, digər allergik xəstəliklərin gedişini koronavirus infeksiyası ağırlaşdırmır. Dünya üzrə aparılmış son tədqiqatların nəticələri göstərib ki, respirator allergiya və bronxial astmadan əziyyət çəkən xəstələr COVID-19-un ciddi və həyati təhlükəli formaları ilə xəstələnməyə bilərlər.
Ancaq virus xəstəlikləri və COVID-19 allergiyanın simptomlarını ağırlaşdıra bilər. Bu, respirator allergiyalı – bronxial astma, allergik rinitlər və pollinoz olan xəstələrə aiddir. Virus iltihablaşmış selikli qişadan asanlıqla orqanizmə daxil olur və xəstədə allergiyanın gedişini ağırlaşdırır. Digər klinik mənzərə də ola bilər. Məsələn, bronxial astmanın remissiya mərhələsində olan xəstə koronavirusa yoluxanda infeksiya tənəffüs yollarının selikli qişasının virus mənşəli iltihabına səbəb olur. Allergenlərin zədələnmiş selikli qişadan keçməsi artır və beləcə, allergik iltihab kəskinləşir.
SARS-CoV-2 koronavirusu bronxial astmanın kəskinləşməsi üçün triggerdir və ağır pnevmoniyaya səbəb ola bilər. Ağır dərəcəli, nəzarət olunmayan bronxial astma COVID-19 ilə xəstələnmiş şəxslərdə daha ağır nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən, allergiyası olan pasiyentlərdə koronavirus infeksiyasının ən yaxşı profilaktikası elə allergiyanın özünün müalicə edilməsidir. Xəstələr allergiya əleyhinə bazis terapiyanı almalıdırlar, bu da xəstəliyi nəzarətdə saxlamağa və ağırlaşmalardan qaçmağa imkan verər.
- COVID-19 xəstəliyinin əlamətləri ilə allergiya əlamətləri bir-birindən necə fərqlənir?
- Respirator allergiyanın (atopik bronxial astma, allergik rinit, pollinoz) və koronavirus infeksiyasının simptomları, həqiqətən də, çox oxşardır. Tənəffüsün çətinləşməsi, təngnəfəslik, öskürək, rinoreya, asqırma, burunda, boğazda, gözlərdə qaşınma, qıcıqlanma kimi simptomlar həm allergik xəstəliklərdə, həm də COVID-19 infeksiyasında ola bilər. Əgər bu simptomlara yüksək hərarət, başağrısı və boğazda ağrı, ümumi halsızlıq və mialgiya, quru öskürək, iy və dadbilmənin itirilməsi də qoşularsa, onda mütləq həkimə müraciət etmək və COVID-19-a görə müayinədən keçmək lazımdır.
- Mətbuatda allergiyadan əziyyət çəkən insanların istifadə etdikləri antihistamin preparatlarının immun sistemini zəiflətməsi barədə yazılara rast gəlmək olur. Bu nə dərəcədə həqiqətə uyğundur?
- Antihistamin preparatlar allergik xəstəlikləri olan xəstələrin immun sistemini heç bir şəkildə zəiflədə bilməz. Koronavirus infeksiyasının və COVID-19 pnevmoniyasının müalicəsində antiviral preparatlar, antibiotiklər, antikoaqulyantlar, hormonlar, vitaminlər istifadə olunur. Bütün bu preparatlar allergiyası olan xəstələrdə koronavirus infeksiyası zamanı toksikodermiya və ya övrə şəklində təzahür edən dərman allergiyasına səbəb ola bilər. Belə xəstələrə eyni zamanda çox sayda dərmanları ehtiyatla təyin etmək lazımdır. Bu, xüsusilə antibiotik və vitaminlərə aiddir.
- Ən çox verilən suallardan biri də budur ki, allergiyası olan insanlar COVID-19 peyvəndi vurdura bilərmi?
- Ümumilikdə, allergik xəstəliklər peyvəndlənmə, o cümlədən də COVID-19 əleyhinə vaksinasiya üçün əks göstəriş deyil. İstənilən peyvəndləmə üçün əsas əks göstəriş xəstəliyin kəskinləşməsi və nəzarətə alınmayan gedişinin olmasıdır.
Peyvəndlənməyə mütləq əks göstəriş əvvəllər yeridilmiş digər peyvənd və ya zərdablara qarşı allergik reaksiyaların, peyvəndin tərkibinə daxil olan komponentlərə qarşı ağır sistem və anafilaktik reaksiyaların olmasıdır. Peyvəndlərlə və ya inyeksiya şəklində olan dərman preparatları ilə bağlı olmayan digər allergik reaksiyalar COVID-19 əleyhinə peyvəndlənmənin aparılmasına əks göstəriş deyil.
Digər tərəfdən, allergik xəstəliyin kəskinləşməsi peyvəndlənmənin aparılmasına müvəqqəti əks göstərişdir. Xəstəliyin kəskin əlamətlərini aradan qaldırmaq və remissiya dövründə peyvəndlənmək lazımdır.