İlk azərbaycanlı cərrah-ginekoloq

İlk azərbaycanlı cərrah-ginekoloq

XIX əsrin sonu – XX əsrin əvvəllərində Rusiyanm müxtəlif ali təhsil ocaqlarında oxumuş, daha sonra Azərbaycan səhiyyəsinin inkişafında mühüm rol oynamış həkimlərimiz az olmayıb. M.Mirqasımov, M.Topçubaşov, Ə.Qarayev və başqaları bu qəbildəndir. Belələrindən biri də yüksək ixtisaslı mütəxəssis, Azərbaycanda mama-ginekoloji xidmətin təşkilatçılarından biri olan Mustafa Mahmud oğlu Hacıqasımov olub. Qeyd edək ki, XX yüzilliyin əvvəllərində Azərbaycanda mamalıq-ginekologiya üzrə cəmi 6 mütəxəssisdən yalnız biri azərbaycanlı olub. Bu, Mustafa Hacıqasımov idi.
Mustafa Hacıqasımov 12 iyun 1883-cü ildə Ağstafada dünyaya gəlib. 1904-cü ildə Tiflis I gimnaziyasını bitirərək, Xarkov Universitetinin Tibb fakültəsinə daxil olub. Bir çox mənbələrdə onun Hacı Zeynalabdin Tağıyevin təqaüdü ilə oxuduğu göstərilir. 1910-cu ildə ali təhsilini başa vuran Mustafa 1914-cü ilədək Xarkov Universitetinin Mamalıq-ginekologiya klinikasında çalışıb. I Dünya müharibəsi dövründə – 1914-1917-ci illərdə Xarkov Tibb Cəmiyyətinin şəhər hospitalının baş ordinatoru işləyib. 1917-1918-ci illərdə cərrahiyyə hospitalının baş həkimi olub.
Düz 100 il bundan qabaq – 1919-cu ildə Bakıya qayıdan M.Hacıqasımov o vaxtdan 1938-ci ilədək M.Əzizbəyov adına xəstəxananın Ginekologiya şöbəsinin müdiri kimi çalışıb, eyni zamanda, mamalıq kurslarına rəhbərlik edib. 1927-1938-ci illərdə doğum evinin direktoru vəzifəsində işləyib, həmin müddətdə çarpayıların sayı 24-dən 400-ə çatdırılıb, onun başçılığı ilə 6000-dən çox əməliyyat aparılıb. Xəstəxana Azərbaycan Tibb Universitetinin kadr hazırlıgı üzrə bazasına çevrilib. M.Hacıqasımov doğum evi ilə bərabər, Azərbaycan Tibb Universitetinin mamalıq-ginekologiya klinikasında da çalışıb.

Mustafa müəllim nəinki Azərbaycanda, keçmiş ittifaqın bir sıra respublikalarında və hətta xaricdə tanınan həkimlərdən idi. 1931-ci ildə Berlində nəşr edilən jurnalların birində onun məqaləsi dərc olunmuşdu. Xalq arasında böyük hörmətə malik bu nurlu şəxsiyyət elmi-tədqiqat və həkimlik fəaliyyəti ilə tibb elmləri doktoru elmi dərəcəsi, professor elmi adı qazanmış, Respublikanın Əməkdar həkimi, Əməkdar elm xadimi fəxri adlarına layiq görülmüşdü.
Azərbaycan Təbabəti Muzeyinin fondunda M.Hacıqasımova dair sənədləri araşdırarkən onun bir deputat kimi öz xalqı qarşısında xidmətlərini əks etdirən məlumatlarla rastlaşırıq. Ona ünvanlanan məktublardan aydın olur ki, yetirmələri müəllimlərini daim yad etmiş, onunla sıx təmasda olmuşlar. Tanınmış həkimlərdən biri olan Odenov Hacıqasımova ünvanladığı məktubda onu uzun illər ərzində Azərbaycan xalqına misilsiz xidmətlər göstərən bir şəxs kimi qiymətləndirir, bunu öz arzuları ilə maraqlı tərzdə ifadə edir: "...xalqın xoşbəxtliyi üçün sizə can sağlığı və uzun ömür arzulayıram". Bəli, M.Hacıqasımovun fəaliyyətini nəzərdən keçirərkən biz onun xalqın xoşbəxtliyi uğrunda çalışanlardan biri olduğunu görürük.
Millətinin, xüsusən ana və uşaqların sağlamlığı yolunda var qüvvəsini əsirgəməyən, Azərbaycanda mamalıq- ginekologiya üzrə ilk milli kadrlardan biri olan M.Hacıqasımovun adı yaddaşlarda əbədiləşdirilib. Belə ki, uzun illər fəaliyyət göstərdiyi Əzizbəyov adına 1 saylı Doğum Evi sonralar onun adını daşıyırdı. Onun rəhbərliyi altında insanlara sağlamlıq və yaradıcı əmək sevinci bəxş etməyi öyrənmiş minlərlə həkim Mustafa Hacıqasımovun işini yaşadıb, onun yolunu şərəflə davam etdirib.
Sadatxan Əliyev
Azərbaycan Təbabəti Muzeyinin direktoru,
Sevinc Maniyeva
muzeyin baş mühafizi





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova