Azər Qəribov: “Özümü heç yerdə qərib hiss etmirəm”
Bu dəfə həmsöhbətimiz Azərbaycanda ilk dəfə səyahət telelayihəsini reallaşdıran tanınmış jurnalist, düz 10 il “Qərib Azər” və “Oralar” kimi proqramları ilə bizləri televiziya ekranının önündən ayrılmağa qoymayan, ölkə-ölkə, şəhər-şəhər gəzdirən səyyahdır. Sosial şəbəkələrdə fərqli üslubu ilə seçilən, öz məzəli, düşündürücü, maarifləndirici statusları ilə on minlərlə izləyici auditoriyası toplayan, oxucularının, tamaşaçılarının sevimlisinə çevrilən tanınmış blogerdir. Bakı Media Mərkəzində media eksperti kimi fəaliyyət göstərən, sadəcə, maraqlı insan Azər Qərib.
Ənənəmizə sadiq qalaraq, söhbətimizə müsahibimizin sağlamlıq vəziyyətindən başladıq.
- Hərdən səhhətimdən gileylənməyim, bu barədə deyinməyim var. Amma şükür ki, heç bir ciddi problemim yoxdur. Göz dəyməsin, yaxşıyam.
Bacardığım qədər sağlamlığıma diqqət edirəm. Mövsümdən asılı olmayaraq, piyada gəzməyi çox sevirəm. Hər gün təxminən 50 dəqiqəlik yolu işə yeriyərək gəlirəm. Vaxtım olanda üzürəm. Ümumiyyətlə, özümü həmişə formada saxlamağa çalışıram. Sağlam qidalanmağa çalışıram, əlbəttə, doğma mətbəximizin reallıqları çərçivəsində. Yəni hələ yaşamaq, həyatdan zövq almaq istəyirəm. Mən heç vaxt “5 günlük dünyadır, nə gəldi ye, iç, kef elə” psixologiyası ilə hərəkət etməmişəm, amma suyu üfürə-üfürə içənlərdən də deyiləm. Məsələn, desəm ki, tam sağlam həyat tərzi keçirirəm, hər gün bu haqda düşünürəm, heç bir zərərli vərdişim də yoxdur, yalan olar. Hərdən bir az içki də içirəm, arada siqaret də çəkirəm. Bilirəm ki, həm səhhətim üçün, həm də tanınmış sima kimi gənclərə nümunə olmaq baxımından, siqaret çəkməyim yaxşı hal deyil. Təəssüf ki, bu vərdişdən hələ yaxa qurtara bilməmişəm. Lakin bəzi məqamlara mütləq diqqət yetirirəm. Məsələn, yanımda uşaq varsa, şəkil çəkdirirəmsə və s., əlimdə siqaret olmur. Bir sözlə, bacardığım qədər hər sahədə balansı qorumağa çalışıram.
- Səfərləriniz zamanı ölkələr arasındakı saat fərqi, iqlim dəyişikliyi və s. səhhətinizə necə təsir edir?
- Əfsus ki, bu dəyişikliklərdən özümü yaxşı hiss etmirəm. Təyyarədə yata bilmədiyim üçün uzaq məsafələrə uçanda daha çox narahat oluram. Məsələn, Amerikaya gedəndə 1-2 gün özümə gələ bilmirəm. Əlbəttə ki, 2-3 saatlıq məsafələrə uçmaq daha rahatdır.
Səyahət mənim üçün həm işdir, həm istirahət. Fiziki olaraq yorulsan da, mənəvi cəhətdən dincəlirsən, mühiti dəyişirsən, başqa mədəniyyətlərlə, yeni insanlarla tanış olursan və s.
- Dünyanın 90-a yaxın ölkəsində olmusunuz. Yəqin ki, onlardan hansınısa daha çox bəyənmisiniz...
- Bu suala cavab vermək bir az çətindir. Çünki heç birinə “ən yaxşı”, “ən gözəl”, “ən unudulmaz” deyə bilmirəm. Bəzən bu, bəzən də digər tam fərqli ölkədə özünü yaxşı hiss edirsən. Hava şəraiti, mövsüm, əhval-ruhiyyə, maliyə imkanı da yaranan təəssürata öz təsirini göstərir. Amma bəzi sevimli ölkələrim var. Məsələn, İtaliya, İngiltərə, İspaniyadan xüsusi xoşum gəlir. Asiya ölkələrinin, demək olar ki, əksəriyyətini bəyənirəm. Ekzotika, təbiət, möhtəşəm otellər... Həm də oraların insanları daha istiqanlıdır. Malayziya, Tailand, Sinqapurda insanların gülüşlərindəki səmimiyyətə inanırsan, bilirsən ki, qəlbdən gəlir. Avropa təbəssümlərində hərdən sünilik görürsən.
- Maraqlıdır, haranın mətbəxini daha çox bəyənirsiniz?
- Mənim üçün Azərbaycan mətbəxinin alternativi yoxdur. Öz yeməklərimizin ləzzətini heç yerdə ala bilməmişəm. Şərqi Avropa dövlətlərinin, məsələn, Macarıstan, Rumıniya, Ukrayna, Sloveniya, Xorvatiyanın mətbəxi də müəyyən qədər xoşuma gəlir. Qərbi Avropa ölkələrinin yeməkləri isə damaq zövqümə uyğun deyil. Hətta haqqında çox zaman bəh-bəhlə danışılan fransız mətbəxi də. Elə bu günlərdə Fransadan səfərdən qayıtmışam. Məni ən dəbdəbəli restoranlarına da dəvət etdilər, məşhur sayılan yeməklərini də daddım. Amma yenə də eyni fikirdəyəm. Zövq məsələsidir, əlbəttə.
- Azər müəllim, necə oldu ki, səyahət telelayihəsini gerçəkləşdirdiniz?
- Atam çox səyahət edirdi və hər yay tətilində bizi də harasa aparırdı. Zaman keçdikcə səyahət etməyi çox sevdim. Qeyd edim ki, ilk dəfə 12 yaşımda tək səfərə çıxmışam. Digər tərəfdən də jurnalist olmağı arzulayırdım. Sonradan bu maraqlarım birləşdi və belə bir layihə ortaya çıxdı.
- Bəs, televiziyadan niyə getdiniz?
- Bir sıra səbəbləri var. Ən əsas səbəb maliyyə problemidir. Səyahət proqramları dəyəri ən yüksək olan telelayihələrdəndir. Çünki bu, xarici səfərlərlə bağlıdır. Əvvəl mən hər şeyi özüm edirdim. Həm operator idim, həm rejissor, həm musiqi redaktoru və s. Bileti də özüm alırdım, viza üçün də özüm qaçırdım. Etiraf edirəm ki, öz kiçik kameramla çəkilişlər apardığım və hər bir işi özüm gördüyüm üçün verilişlərim texniki cəhətdən bir o qədər də keyfiyyətli deyildi. Amma o vaxtlar boşluq var idi efirdə.
Sonralar isə illər keçdikcə, gəzib gördüm ki, xarici ölkələrdə belə verilişləri çəkmək üçün 8-10 nəfərdən ibarət böyük komanda – rejissor, redaktor, işıqçı, səs mühəndisi, operatorlar və başqaları çalışır. Aparıcı üçün əvvəldən mətnlər yazılır, o özü bilet almır, viza üçün qaçmır, otel axtarmır. Belə nəticəyə gəldim ki, əvvəlki səviyyədə veriliş hazırlasam, bu, tamaşaçıya qarşı hörmətsizlik olacaq. Amma əgər nə vaxtsa qərb standartlarına uyğun layihədə iştirak etmək təklifini alsam, məmnuniyyətlə efirə qayıdaram. Əslində, səyahət verilişləri hər bir kanalda olmalıdır. Dünya praktikasında özünə hörmət edən hər kanalda səyahət proqramı olur. Hətta ayrıca səyahət kanalları belə var.
- “Qərib Azər” özünü daha çox harada qərib hiss edir?
- Özümü heç yerdə qərib hiss etmirəm. Heç təklikdə qalanda da darıxmıram. Düşünməyə, yazmağa, oxumağa və ya baxmağa mütləq bir şey tapıram.
- Seçim qarşısında qalsanız, Azərbaycandan sonra hansı ölkədə yaşamaq istəyərdiniz?
- Bu sualı mənə tez-tez verirlər. Əslində, bacım da, qardaşım da 20 ilə yaxındır Amerikadadırlar. Yəni bu gün qərar versəm, sabah gedib orada yaşamağa yerim də, imkanım da var. Sadəcə olaraq, özümü Azərbaycandan kənarda təsəvvür edə bilmirəm. Əzizlərim, yaxınlarım, ata yurdum Qəbələ, oradakı kənd evimiz, Azərbaycan mətbəxi... Bunlar məni Vətənə bağlayan, buradan qopmağa qoymayan amillərdir. Təbii ki, siyahını uzatmaq da olar.
Amma seçim etməkdən başqa yolum olmasa, ABŞ deyərdim. Çünki digər yerlərdən fərqli olaraq, orada sən də hamı kimi gəlməsən. Digər tərəfdən, ABŞ-da ölkə vətəndaşları üçün yüksək həyat standartları təmin edilib. Orada hər şey insan və onun rahatlığı üçündür.
- Oralardan buralara gətirmək və buradan oralara aparmaq istədiyiniz xüsusiyyətlər varmı?
- İlk növbədə, oralardakı qanuna, qaydalara münasibəti buraya gətirmək istərdim. Xarici ölkələrdə insanların ən xırda məsələdə belə necə qanunpərəst olduqlarını görəndə həsəd aparıram.
Onların növbədə durmaq, ictimai yerlərdə səliqəyə, təmizliyə riayət etmək mədəniyyətini ölkəmdə görmək istərdim.
Oralarda əlillər üçün yaradılan şəraitin, onlara olan münasibətin, böyük hörmətin burada da olmasını istərdim.
Sizin qəzetin profilini nəzərə alaraq qeyd edim ki, Azərbaycanda da ABŞ-da, Yaponiyada, Avropa dövlətlərində olduğu kimi, siqaretə qarşı daha ciddi mübarizə siyasətinin aparılmasını istərdim. Bu ölkələrdə qapalı yerlərdə, otellərdə, hava limanlarında və s., hətta bəzi açıq ərazilərdə siqaret çəkmək qadağan olunub. Küçədə siqaret satılmır, marketlərdə isə qapalı vitrinlərdə saxlanılır. Siqaret qutusunun yarıdan çox hissəsində siqaretə qarşı təbliğat şəkilləri verilir. Ən əsası isə, orta məktəblərdə birinci sinifdən uşaqlara siqaretin zərərləri, insanları öldürməsi və sairlə bağlı təbliğat aparılır. Mənim Amerikada yaşayan qardaşım qızı məndən küsülüdür ki, əmi, sən siqaret çəkirsən, görmüşəm.
Bir də oraların geyim tərzini bizdə görmək istərdim. Hərdən Bakıda metroya minəndə diqqət edirəm ki, hamı boz, qara geyimdədir. Xüsusən qış aylarında belə olur. Bu, insanın əhval-ruhiyyəsinə də mənfi təsir edir. Heç olmasa, şarfla, papaqla da rəng qatmırlar. Avropa ölkələrinin metrosu ilə bizim metronu müqayisə edəndə, istər-istəməz, aradakı böyük fərqi hiss edirsən. Xüsusən kişilərin geyim məsələsində cəmiyyətimiz sanki bölünüb. Bəziləri kişilərin rəngli, əlvan geyinməsini çox bəyənir, digərləri isə bunu qəbul etmir, ayıb bilir. Düşünürəm ki, zamanla bir çox şeydə olduğu kimi, bu məsələ də düşüncə tərzi dəyişəcək və balans tapılacaq – artıq şitliklə artıq ağırlıq ortaq məxrəcə gələcək ki, zövq qələbə çalsın.
Buradan oralara aparmaq istədiyim isə qonaqpərvərliyimiz, insanlara qarşı isti münasibətimiz, səmimiliyimiz və s. müsbət xüsusiyyətlərdir.
- Oraları qarış-qarış gəzirsiniz, bəs buraları?
- Təəssüf ki, Azərbaycanı istədiyim qədər gəzə bilməmişəm. Tez-tez Qəbələyə getdiyim üçün yolumun üstündəki rayonlarda çox olmuşam, ancaq çox yeri hələ görməmişəm.
- Tanınmış blogerlərimizdən biri kimi, sosial şəbəkələrin sizin həyatınızda və işinizdə rolunu necə dəyərləndirirsiniz?
- Sosial şəbəkələrin həm mənfi, həm də müsbət cəhətləri var. Burada sənə hörmət edən insanları tanıyırsan, onların sənə müsbət münasibətinin, sevgilərinin şahidi olursan, izləyicilərinlə ünsiyyət qurursan. Həm də çəkdiyin şəkli, videonu insanlara göstərmək, əvvəllər olduğu kimi, həftə ilə vaxt aparmır, elə həmin dəqiqə sosial şəbəkəyə qoyursan və 1 dəqiqədən sonra səni 20-30 min adam görür. Ancaq eyni zamanda, sosial şəbəkələrdə kimsə sənə haqsız irad bildirə bilər, acı, xoş olmayan sözlər yaza bilər, bu da adamın əhvalını pozur.
- Sosial şəbəkə sayəsində check-up müayinələrinizdən də xəbərimiz olur. Bununla həm də sağlamlığın qayğısına qalmağı təbliğ edirsiniz...
- Çalışıram ildə bir dəfə, imkan olanda xaricdə, olmayanda burada check-up müayinədən keçim. Son 2 ildir ki, Respublika Diaqnostika Mərkəzində yoxlanıram. Orada olan avadanlıq, həkimlərin münasibəti yüksək səviyyədədir. Bəzən mən tərifləyəndə deyirlər ki, səni tanıdıqları üçün yaxşı qulluq edirlər. Bəli, bunu inkar etmək düzgün olmazdı, amma hər halda, nə oradakı müasir avadanlığı, nə də xaricdə təhsil almış gənc, savadlı mütəxəssisləri mənə görə gətirməyiblər.
Bir də qeyd etmək istəyirəm ki, ölkəmizdə kardiologiya və oftalmologiya sahəsindəki inkişaf məni sevindirir. Hesab edirəm ki, bu sahələr üzrə istənilən inkişaf etmiş ölkənin səhiyyəsi ilə rəqabət apara bilərik. Bu sahədə uğurlarımız göz qabağındadır.
Səhiyyəmizin qayğıları mənə çox yaxındır, çünki həyat yoldaşım həkimdir. Ona görə vəziyyəti hər iki tərəfdən qiymətləndirə bilirəm. Təbii ki, hələ problemlər də var. Məncə, səhiyyənin ən böyük problemi həkimlərin maaşının az olmasıdır. Digər böyük problem isə tibbi sığorta məsələsi idi ki, indi yavaş-yavaş həll olunur. Tibbi sığorta tam tətbiq edildikdən sonra vəziyyətin daha da yaxşı olacağına ümid edirəm. Bir problem də ölkəmizdə dərmanların qiymətinin bahalığıdır. Amma mən optimist insanam. Bu və digər problemlərin zamanla öz həllini tapacağına inanmaq istəyirəm.
- Sizinlə Yeni il ərəfəsində görüşürük. Ən yaddaqalan Yeni il bayramını hansı ölkədə qeyd etmisiniz?
- Yeni ili bir çox ölkələrdə qarşılamışam. Amma bu bayram heç yerdə postsovet ölkələri qədər, xüsusilə Rusiya, Ukrayna, Gürcüstan, Azərbaycanda olduğu kimi təmtəraqlı qeyd olunmur. Avropalılar bayram əhvalını əsasən Miladda yaşayırlar, Yeni ildə isə adi günlərdən biri kimi evdə otururlar. Bu ərəfədə paytaxt şəhərlərinə həddən artıq turistlər axın edir, küçələr dolur insanla. Mən də heç sıxlıq sevən deyiləm.
Bir dəfə Yeni ili oğlumla Santa Klausun vətəni sayılan Laplandiyada qeyd etmişəm. Orada nisbətən fərqli ab-hava var idi.
Ümumiyyətlə, Yeni ildə bayram əhval-ruhiyyəsini ən yaxşı öz ölkəmdə hiss edirəm.
- Valideynlərimizdən, bizdən yaşlı nəsildən tez-tez eşitdiyimiz fikir var: “Bizim uşaqlığımızın bayramları başqa idi”...
- İnsan həmişə öz keçmişini bəzəyir, daha da gözəlləşdirir. Amma bu fikirdə reallıq payı da var. O vaxt insanlar arasında səmimiyyət daha çox idi. Bayramlar əksər hallarda restoranlarda yox, evlərdə qeyd edilirdi. Bəzən kiçik “xruşşovka” mənzildə 30-40 nəfər qohum-qonşu yığışırdı, hamı mehriban yeyib-içir, deyib-gülürdü. Heç kim də darısqallıqdan gileylənmirdi. İndi 150 kv.m evi olanlar da deyir ki, qonaq qəbul etməyə yerim yoxdur. Əfsuslar ki, bəzi ənənələri itiririk.
Bir də o vaxt hər şey indiki kimi əlçatan deyildi, qıtlıq dövr idi. Məsələn, bizim uşaqlığımızda Yeni il ərəfəsi “Yolka şənlikləri” keçirilirdi. Ən yaxşı şənlik Bayıl qəsəbəsindəki Neftçilərin Mədəniyyət Evində olurdu və oraya da ancaq neft sahəsində çalışanlar dəvətnamə ala bilirdilər. Xoşbəxtlikdən, bizim də belə qohumlarımız var idi. Bu şənliyi həm də ona görə digərlərindən üstün sayırdıq ki, onların hədiyyələrinin içərisində mandarin olurdu (gülür).
- Sonda Yeni il arzularınızı eşitmək istərdik...
- Həkimlərimizə səbr, iradə, insanlara qarşı diqqət və qayğıkeşlik arzulayıram. Canları sağlam, ruziləri bol, maaşları yüksək olsun.
İnsanlara isə arzulayıram ki, heç vaxt həkimlərə ehtiyacları olmasın, xəstələnməsinlər.
Ü.FƏRZƏLİYEVA