Hüquq məsləhəti

Oxucularımızın redaksiyaya ünvanladığı müxtəlif səpkili çoxsaylı sualları nəzərə alaraq, qəzetimizdə “Hüquq məsləhəti” rubrikası açmışıq. Səhiyyə sahəsi ilə bağlı sizi maraqlandıran bütün suallarınızı [email protected] elektron ünvanına göndərib, “Tibb qəzeti” vasitəsilə hüquqi məsləhət ala bilərsiniz. Suallarınızı “MedLEX” ixtisaslaşmış hüquq şirkətinin mütəxəssisləri cavablandırır.
“Mən dövlət xəstəxanalarından birində həkim-kardioloq vəzifəsində çalışıram. Üç aydan sonra 70 yaşımın olması ilə əlaqədar mənimlə bağlanmış 1 illik müqavilənin müddəti bitəcək. 70 yaş tamam olandan sonra müqavilənin müddətinin uzadılmasına qanunlara görə yol verilirmi?”
Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2011-ci il tarixli qərarı ilə “Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları” təsdiq edilib. Əgər siz bu meyarlardan hər hansı birinə sahibsinizsə, sizinlə bağlanmış əmək müqaviləsinin müddəti uzadıla bilər.
“Vərəm əleyhinə dispanserdə həkim-ftiziatr vəzifəsindəyəm. Bilmək istəyirəm ki, mənə əmək şəraitinin ağırlığına görə neçə gün əlavə məzuniyyət düşür?”
Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyul 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”na əsasən, sizə 6 gün əlavə məzuniyyət nəzərdə tutulmuşdur.
“Özəl klinikada həkim-terapevtəm. Şöbə müdirim məzuniyyətə çıxdığına görə onu mən əvəz edirəm. Əvəzetməyə görə mənə əmək haqqı necə ödənilməlidir?”
Cavab: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 162-ci maddəsinə uyğun olaraq, özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı, müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilərək verilir. Bu əlavə işçinin və işəgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir.
“Mən poliklinikada fəhlə işinə qəbul edilmişdim. Dörd aydan sonra səhhətimlə əlaqədar məcburiyyət qarşısında qalaraq öz xahişimlə işdən azad olundum. Müraciət etdikdə isə “Əmək kitabçamız yoxdur, olanda yazıb verəcəyik” deyirlər. Bu nə qədər düzgundür?”
Cavab: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin tələblərinə müvafiq olaraq, işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçalarında onların işə qəbul edilməsi haqqında qeydləri işçi işə qəbul olunarkən yazmalıdır. Həmçinin işçi başqa daimi işə keçirildikdə, yaxud əmək müqaviləsinə xitam verildikdə, bu barədə həmin vaxt müvafiq qeydlər aparılmalıdır. Qeyd edilən faktın baş verdiyi aşkarlanarsa, müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunmalı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləcinin 53.7-ci maddəsinə müvafiq olaraq vəzifəli şəxslər 500 manatdan 1000 manatadək cərimə edilməlidir, müəssisə rəhbərliyi tərəfindən əmək kitabçanızda müvafiq qeydlər aparılaraq sizə verilməsi təmin olunmalıdır.
“Uşaq poliklinikasında şöbə müdiri kimi çalışıram. Baş həkim ezamiyyətə getdiyinə görə rəsmi olaraq onu əvəz etmişəm, amma bu mənim əmək kitabçama yazılmayıb. Bu, qanuna uyğundurmu?”
Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na əsasən, əmək kitabçasına işçinin işə qəbulu, işdən azad olunması və bir işdən başqa işə keçirilməsi halları yazılır. Müvəqqəti əvəz etmə haqqında məlumat əmək kitabçasına yazılmır.
Xəbəri paylaş