Hüquq məsləhəti

Oxucularımızın redaksiyaya ünvanladığı müxtəlif səpkili çoxsaylı sualları nəzərə alaraq, qəzetimizdə “Hüquq məsləhəti” rubrikası açmışıq. Səhiyyə sahəsi ilə bağlı sizi maraqlandıran bütün suallarınızı [email protected] elektron ünvanına göndərib, “Tibb qəzeti” vasitəsilə hüquqi məsləhət ala bilərsiniz. Suallarınızı “MedLEX” ixtisaslaşmış hüquq şirkətinin mütəxəssisləri cavablandırır.
Sual 1: Atam vəfat edənə qədər xəstəxanalardan birində kardioloq vəzifəsində çalışırdı. Sualım budur ki, vəfat edənin vərəsələrinə nə qədər müavinət ödənilməlidir?
Cavab: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq, işçinin vəfatı ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə onun orta aylıq əmək haqqının ən azı üç misli miqdarında müavinət ödənilməlidir.
Sual 2: Tibb işçisiyəm. İş günü hesab edilməyən günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilərmi?
Cavab: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.
Sual 3: Mən işlədiyim son 3 ildə məzuniyyətə çıxmamışam. Əgər mən işdən çıxaramsa, istifadə etmədiyim məzuniyyətlərə görə pul əvəzi tələb edə bilərəmmi?
Cavab: Bəli, sizin buna görə pul əvəzi tələb etmək haqqınız var. Çünki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinə əsasən, işçi ilə əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq, işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
Sual 4: Mərkəzi xəstəxanada həkim-travmatoloq vəzifəsində çalışıram. Doğuş zamanı həyat yoldaşım vəfat edib. Uşağa qulluq edən olmadığı üçün məzuniyyətə çıxmaq hüququmun olub-olmadığını öyrənmək istərdim.
Cavab: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 127.1-ci maddəsinə əsasən, uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir.
Sual 5: Poliklinikada kadrlar işini aparıram. Sualım isə ondan ibarətdir ki, bəzən şöbədə bütün işçilər eyni vaxtda əmək məzuniyyətinə çıxmaq arzusunda olurlar. Belə hallarda nə etməliyik?
Cavab: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 133.1-ci və 133.2-ci maddələrinə əsasən, müəssisə, idarə və təşkilatlarda istehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək məqsədilə əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəlləri tərtib edilə bilər. Əmək məzuniyyətlərinin verilmə növbəsi həmkarlar ittifaqları təşkilatının, o olmadıqda isə işçinin rəyi öyrənilməklə işəgötürən tərəfindən təsdiqlənir.
Xəbəri paylaş