Kiyevdə akademik Zərifə Əliyevanın xatirəsinə həsr edilmiş dördcildliyin təqdimatı olub
Kiyevdə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr edilmiş “İnfeksion nəzarət üzrə elmi işlər məcmuəsi” dördcildliyinin təqdimatı keçirilib. Təqdimat “İnfeksion nəzarətin innovasiya texnologiyaları: dezinfeksiya, sterilizasiya, nozokomial infeksiyaların monitorinqi, mikrob əleyhinə preparatlardan səmərəli istifadə, mikrob əleyhinə rezistentlik” mövzusunda beynəlxalq elmi-praktik konfrans çərçivəsində keçirilib.
Dördcildliyin müəllifi həmvətənimiz, Kiyevdə akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin rəhbəri, P.L.Şupik adına Ukrayna Diplomdansonrakı Təhsil Milli Tibb Akademiyasının (DTMTA) mikrobiologiya və epidemiologiya kafedrasının müdiri, Ukraynanın Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosundakı milli əlaqələndiricisi, tibb elmləri doktoru, professor Aydın Salmanovdur.
Dördcildliyə A.Salmanovun 2006-2014-cü illərdə apardığı əsas tədqiqatlar daxildir. Müəllif bu kitabı akademik Zərifə Əliyevanın nurlu xatirəsinə həsr edib. Bütün cildlərdə müəllifin ötən əsrin 70-ci illərinin sonu və 80-ci illərinin əvvəlində N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda (indiki Azərbaycan Tibb Universiteti) təhsil aldığı dövrdə akademik Zərifə Əliyeva haqqında xatirələri yer alıb.
Professor A.Salmanov dünya şöhrətli akademik Zərifə Əliyevanın xatirəsinə həsr edilmiş daha üç kitabın müəllifidir. Həmin kitabların təqdimatı 2014-cü ilin aprelində Kiyevdə beynəlxalq konfransda və ÜST-nin himayəsi, Avropa ölkələrindən milli əlaqələndiricilərin iştirakı ilə bu ilin fevralında Kopenhagendə keçirilən müşavirədə olub.
Aydın Salmanov bildirib ki, Kiyevdə konfransın təşkilatçıları DTMTA və akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzdir. Azərbaycan xalqının şanlı qızı akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbirdə ÜST-nin, Ukrayna Səhiyyə Nazirliyinin, Milli Tibb Elmləri Akademiyasının, Dövlət Sanitariya-Epidemiologiya Xidmətinin nümayəndələri, habelə Ukrayna, Azərbaycan, Almaniya, Danimarka, Polşa, ABŞ və İsveçdən aparıcı alimlər iştirak ediblər.