Oqtay Sadıx oğlu Seyidbəyov

Oqtay Sadıx oğlu Seyidbəyov

NEKROLOQ
Oqtay Sadıx oğlu Seyidbəyov



Azərbaycan səhiyyəsinə və tibb elminə ağır itki üz verib. Tanınmış təbabət alimi, Əməkdar həkim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Oqtay Seyidbəyov 82 yaşında vəfat edib.
Oqtay Sadıx oğlu Seyidbəyov 1940-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.
Bakıdakı 1 saylı orta məktəbi və N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Stomatologiya fakültəsini bitirdikdən sonra əmək fəaliyyətinə Semaşko adına Şəhər Klinik Xəstəxanasında ordinator kimi başlayıb, sonra Sankt-Peterburq Hərbi-Tibbi Akademiyasında və Moskva şəhəri Mərkəzi Elmi Tədqiqat Stomatologiya İnstitutunda kliniki ordinator kimi çalışıb.
Təhsilini Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun klinikasında aspiranturada davam etdirən Oqtay Seyidbəyov aspiranturanı bitirdikdən sonra fəaliyyətini Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) ilə bağlayıb. Burada əvvəlcə institutun Stomatologiya kafedrasında assistent, dosent, Cərrahi stomatologiya kursunun müdiri, sonra isə ömrünün sonunadək Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri vəzifəsində işləyib. 1995-1999-cu illərdə ADHTİ-nin tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb.
1970-ci ildə “Üzün orta zona sümüklərinin sınıqlarında üst çənə sinuslarının zədələnmələri” mövzusu üzrə tibb elmləri namizədliyi, 1991-ci ildə “Üz-çənə sahəsinin kəskin iltihabi xəstəliklərində qalxanvari, paratiroid, mədəaltı vəzilərin və böyrəküstü vəzi qabığının funksional vəziyyəti” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.
Professor Oqtay Seyidbəyovun bütün həkimlik fəaliyyəti tibb elminin son nailiyyətlərindən, təcrübə və texnikasından istifadə olunmaqla cərrahi stomatologiyanın inkişaf etdirilməsi ilə bağlı olub. 1973-cü ildə onun təşəbbüsü ilə Bakı şəhərində Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Üz-çənə cərrahiyyəsi şöbəsi yaradılıb.
Təbabət elmi qarşısında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilən Oqtay Seyidbəyov professor elmi adına, Əməkdar həkim və Əməkdar elm xadimi fəxri adlarına layiq görülüb.
Professor Oqtay Seyidbəyov öz elmi nüfuzu sayəsində öz sahəsi üzrə ölkəmizin yüksək elmi-tibbi qurumlarında təmsil olunub. O, 1999-cu ildən 2004-cü ilədək Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tibb üzrə ekspert şurasının üzvü, 2010-cu ildən isə sədr müavini kimi fəaliyyət göstərib. 2007-ci ildən ömrünün sonuna qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının sədri olub.
O.Seyidbəyovun geniş elmi tədqiqatları üz-çənə nahiyyəsi xəstəliklərinin klinikasına, diaqnostikasına, müalicəsinə, bərpaedici plastik cərrahiyyəyə, əsas stomatoloji xəstəliklərin profilaktikasına, stomatologiyanın təşkilinə və s. həsr edilib. Orijinallığı və qoyulan məsələlərin yeniliyi ilə fərqlənən bu tədqiqatlar Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafına dəyərli töhfələr verib.
Üç yüzdən çox elmi əsərin, o cümlədən 13 monoqrafiya, 15 səmərələşdirici təklif, 17 metodik tövsiyə, 10 dərs vəsaitinin müəllifi olan alimin rəhbərliyi altında 21 tibb elmləri üzrə fəlsəfə doktoru, 4 tibb elmləri doktoru dissertasiyası müdafiə olunub. Onun əsərləri tək Azərbaycanda deyil, onun hüdudlarından kənarda da nəşr edilib və elmi dairələrdə yüksək qiymətləndirilib.
Professor Oqtay Seyidbəyovun ölkə təbabəti qarşısında xidmətləri unudulmayacaq, onun əziz xatirəsi tanıyanların qəlbində həmişə yaşayacaq.
Allah rəhmət eləsin.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova