COVID-19 zamanı radioloji müayinələr
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Ağakişi Yəhyayev kompüter tomoqrafiyası, koronavirusa yoluxub sağaldıqdan sonra radioloji müayinələr, COVID-19-dan qorunmağın yolları ilə bağlı müsahibə verib.
- Ağakişi müəllim, koronavirusa yoluxan şəxs hansı halda kompüter tomoqrafiyası müayinəsindən keçməlidir?
- Kompüter tomoqrafiyası (KT) ağciyərlərin görüntülənməsində əvəzsiz rol oynayır. Bu, kifayət qədər etibarlı və dəqiq müayinə formasıdır, bu üsulla ağciyər dəyərləndirilməsində kontrast maddəyə belə ehtiyac olmadan dəqiq diaqnoz qoymaq mümkündür. Ancaq bu müayinəni hər xəstəyə təyin etmək doğru deyil. Nəzərə alsaq ki, KT şüalanmaya səbəb olur, ona görə də bu müayinə daha ehtiyatla təyin olunmalıdır.
Öncə onu qeyd edim ki, bütün KT müayinələr kimi, ağciyər tomoqrafiyasını da mütləq şəkildə həkim (terapevt, pulmonoloq, infeksionist) təyin etməlidir. Müalicə həkimi xəstənin şikayətlərinə əsasən, ağciyərdə prosesin nə dərəcədə getdiyini və yayılma əhatəsini (arealını) müəyyən etmək üçün KT istəyə bilər. Bir xəstənin şikayət, klinik müayinə və qan analizlərinə əsasən pnevmoniya diaqnozu qoyulduqda və ya bundan şübhələndikdə xəstəliyin şiddəti haqqında məlumat almaq üçün ağciyər tomoqrafiyası çəkilir. Nəticə olaraq, tomoqrafiyada viral pnevmoniya təsdiqlənir, ağciyərin tutulma faizi hesablanır. Bütün bunlara əsasən müalicə strategiyası təyin olunur.
- Koronavirusa yoluxub sağaldıqdan sonra hansı radioloji müayinədən keçmək önəmlidir?
- COVID-19 virusunun kəskin dövründən sonra ağciyərlərdə çapıqlaşma (fibroz) müşahidə oluna bilər. Kiçik həcmli çapıqlar xəstəyə narahatlıq verməsə də, böyük ölçüyə malik olan fibroz tənəffüs çatışmazlığına səbəb ola bilər. Buna görə də kompüter tomoqrafiyası çəkilərək, zədənin həcmi dəyərləndirilməlidir.
Qeyd edim ki, ağciyərdə çapıqlaşma ilə xəstənin şikayətləri üst-üstə düşməyə də bilər. Məsələn, bir xəstənin ağciyərində 30-40 faiz tutulma varsa, şikayətləri daha az ağciyər tutulması olan xəstəyə nisbətən yüngül ola bilər. Bunun səbəbi sağlam ağciyərlərin depo funksiyasıdır. Bunun üçün müalicə həkimləri, məxsusən pulmonoloqlar xüsusi testlər edərək (spirometriya) ağciyərin rezervini yoxlayırlar. Bütün bunlardan sonra xəstəyə müalicə təyin edilir.
- Virusu ağır keçirən xəstəyə hansı radioloji müayinə məsləhət görülmür?
- Bəzi insanlar səhvən düşünürlər ki, maqnit rezonans tomoqrafiya (MRT) müayinəsi KT-dən üstündür. Bu kökündən yanlış fikirdir. MRT müayinəsi mədə-bağırsaq və ağciyərləri dəyərləndirə bilmir. Bu səbəbdən də ağciyər MRT-si çəkilməməlidir.
Bu sıraya həmçinin ultrasəs müayinəsi (USM) də daxildir. USM-in ucuz və şüasiz bir müayinə olmasına baxmayaraq, ağciyərlərin dəyərləndirilməsində çox zəifdir. Bəzən həkimlər ağciyərlərin zədəsini daha qısa intervallarda dəyərləndirmək istəyirlər. Verilən şüa dozasını nəzərə alaraq ard-arda tomoqrafiya çəkmək tövsiyə olunmur. Bu səbəbdən də ağciyər tomoqrafiyası yerinə ağciyər rentgeni çəkilməsi daha məqsədəuyğun ola bilər.
- Koronavirusa yoluxan xəstələrdə ağciyərlərdən başqa, digər orqanlar da zədələnə bilər. Bu halda radioloji diaqnostika nədən ibarətdir?
- Bəli, təəssüf ki, koronavirus ağciyərlərdən başqa, digər orqanlarda da fəsadlara səbəb ola bilər. Bu yalnız COVID-19 virusuna məxsus bir hadisə deyil. Digər viral pnevmoniyalarda da başqa orqanlar zədələnə bilər. Belə olan halda bizim vəzifəmiz zədələnmiş orqanlarda ehtimalı çox olan fəsadları üzə çıxartmaqdır.
Koronavirusun ən ağır fəsadlarından biri laxtalanma sisteminin aktivləşməsidir. Bu səbəbdən həkimlər virusa yoluxan xəstələrə bəzən qan durulducu dərmanlar tövsiyə edirlər. Laxtalanma və tromb müayinəsində çox istifadə olunan üsul damarların ultrasəs müayinə metodu olan Dopler müayinəsidir.
Bu cihazlardan başqa, invaziv angioqrafiya metodları da mövcuddur. Bu müayinə vasitəsilə müxtəlif orqanlarda damarda laxtanın (trombun) olduğunu aşkarlamaq mümkündür. İnvaziv angioqrafiyanın üstünlüklərindən biri də odur ki, bu müayinə metodu sadəcə trombun göstərilməsi ilə məhdudlaşmır.
- Yanaşı xəstəliyi olanlara virusdan qorunmaq üçün nə məsləhət görərdiniz?
- Yanaşı xəstəliklərdən əziyyət çəkən insanlar risk qrupuna daxildirlər. Məsələn, xroniki ağciyər xəstəliyi olanlarda koronavirusun fəsadı nəticəsində ağciyərin tutulması daha şiddətli və genişhəcmli ola bilər. Bu zaman koronavirusa qarşı müalicə təyin edən həkimə tövsiyə olunur ki, ağciyər həkimi və radioloqla məsləhətləşsin. Bundan başqa, şəkərli diabet və ürək-damar xəstələri, hemodializ müalicəsi alan şəxslər də risk qrupundadırlar. Siqaret çəkən şəxslərdə damar kirəcləşməsi (ateroskleroz) müşahidə oluna bilər, buna görə, onlar da COVID zamanı fəsadlaşma riski daşıyırlar.
Ona görə də yanaşı xəstəliklərdən əziyyət çəkənlər virusdan qorunmaq üçün gigiyena qaydalarına daha ciddi əməl etməlidirlər. Mümkün qədər insanların çox olduğu məkanlara getməkdən çəkinməli, qoruyucu maskalardan istifadə etməlidirlər. Unutmayaq ki, pandemiya hələ də davam edir və virusa yoluxanların sayı artır.