“Azərbaycan tibb elminin tarixi” kitabı nəşr edilib

“Azərbaycan tibb elminin tarixi” kitabı nəşr edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Elm” nəşriyyatında AMEA-nın həqiqi üzvü, Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş direktoru Cəmil Əliyevin və AMEA Elm Tarixi İnstitutunun direktoru, professor Nərgiz Həsənbəylinin “Azərbaycan tibb elminin tarixi” kitabı çapdan çıxıb.
Monoqrafiyada Azərbaycanda tibb elminin ən qədim zamanlardan müasir dövrə qədər keçdiyi tarixi inkişaf yolu ilk dəfə bu qədər geniş və əhatəli şəkildə tədqiq edilib. Kitab tərtib edilərkən müxtəlif dillərdə əlyazma qaynaqlarından, tarixi mənbələrdən, arxiv materiallarından, statistik məlumatlardan, Azərbaycan, türk, rus, ingilis, habelə digər Avropa və şərq dillərində müasir tədqiqatlardan kompleks şəkildə istifadə olunub.
Birinci fəsildə Azərbaycan tibb tarixinin mənbəşünaslıq və tarixşünaslığının qısa xülasəsi verilir. İkinci fəsildə müəlliflər ölkəmizin ərazisində ən qədim dövrdən erkən orta əsrlərədək mövcud olmuş tibbi bilik və təsəvvürlər haqqında məlumatı təqdim edirlər. İslamın ilkin yaranma çağından XVIII əsrədək olan dövrdə təbabət elminin inkişafı üçüncü fəsildə əks olunur. Dördüncü fəsil XIX-XX əsrlər Azərbaycanda tibb elminin inkişafına həsr edilib. Bu bölmədə XIX əsr təbabət alimləri, yeni yaranmış Azərbaycan mətbuatında tibbin inkişafının əks olunması, xalq təbabətinin tədqiqi və təbliğində ədəbiyyatımızın rolu, XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində Azərbaycanda səhiyyə xidmətləri, Azərbaycan Xalq Cümhuriyyəti dövründə təbabət, sovet Azərbaycanında səhiyyə sistemi və tibb elmi barədə məlumat verilir.
Kitabın beşinci fəsli müstəqil Azərbaycan Respublikası səhiyyəsinin və tibb elminin tarixinə həsr olunub. Burada ilk növbədə Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan səhiyyəsinin inkişafında başlanan yeni dövr şərh olunur. Bu fəsildə həmçinin ölkəmizin müasir dövr görkəmli həkimləri və təbabət alimləri haqqında məlumatlar yer alıb, müstəqillik dövrü Azərbaycan tibb elminin inkişafı əksini tapıb.
Kitabda qeyd olunur ki, İlham Əliyevin 2003-cü ildə prezident seçkilərində qələbə qazanaraq hakimiyyətə gəlməsi ilə Azərbaycan tarixində yeni keyfiyyət mərhələsi başlayıb. Ölkədə səhiyyəyə ayrılan büdcə vəsaiti ildən-ilə artırılıb, əhalinin sağlamlığının qorunması problemləri ardıcıllıqla öz həllini tapıb. Bu inkişaf özünü tibb elmində də göstərib. Tədqiqatda həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin beynəlxalq təşkilatlarla əməkdaşlığı, Azərbaycan səhiyyəsinin qlobal COVID-19 pandemiyası ilə mübarizəsi, 44-günlük Vətən müharibəsi dövründə Azərbaycan səhiyyəsi geniş şərh olunub, müasir dövrdə tibb kadrlarının hazırlanması və səhiyyə ocaqlarının yaradılması ilə bağlı statistik məlumatlar yer alıb.
Monoqrafiyanın elmi redaktoru AMEA-nın A.Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova, rəyçi tarix elmləri doktoru, akademik Nərgiz Axundovadır.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova