ATU ilə Litvanın Sağlamlıq Elmləri Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ilə Litvanın Sağlamlıq Elmləri Universitetinin rektoru, professor Rimantas Benetisin görüşü olub.
Bu barədə ATU-nun mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, görüş zamanı Gəray Gəraybəyli Azərbaycan Tibb Universitetinin tarixi haqqında məlumat verib, qocaman ali məktəbin indiki fəaliyyətindən bəhs edib. Hazırda zəngin maddi-texniki bazası, tədris korpusları, tələbə yataqxanaları olan ATU-nun klinika və elmi-tədqiqat laboratoriyaları müasir cihaz və avadanlıqla təchiz edilib. Bu da elmi axtarışların əhəmiyyətinin artırılmasına, tibb sahəsində kifayət qədər kadrların yetişdirilməsinə imkan yaradır.
ATU-nun bu il beynəlxalq akkreditasiyadan keçdiyini vurğulayan rektor universitetdə 39 ölkədən tələbələrin təhsil aldığını da diqqətə çatdırıb. Tibb Universitetində həyata keçirilən rezidentura təhsili haqqında məlumatları bölüşən professor Litva Sağlamlıq Elmləri Universiteti ilə əməkdaşlığın istiqamətləri barədə də fikirlərini açıqlayıb.
Litvanın Sağlamlıq Elmləri Universitetinin rektoru, professor Rimantas Benetis təmsil etdiyi tibb təhsili müəssisəsi haqqında məlumat verərək bildirib ki, mövcud 8 min tələbənin 25 faizini əcnəbilər təşkil edir. Qeyd edilib ki, Litva Sağlamlıq Elmləri Universitetinin nəzdində güclü maddi-texniki bazası olan klinikalar və hətta apteklər də var. Səfər çərçivəsində Azərbaycanın Səhiyyə və Təhsil nazirliklərində görüşlər keçirdiyini bildirən qonaq səfərin məhsuldar olmasından məmnunluğunu ifadə edib. O, ölkəmizlə səhiyyə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi işində maraqlı olduğunu deyib.
Sonra Azərbaycan Tibb Universiteti və Litvanın Sağlamlıq Elmləri Universitetinin rektorları əməkdaşlığa dair memorandum imzalayıblar.
Görüşdə Litva Respublikası Prezidentinin elm, təhsil və mədəniyyət məsələləri üzrə müşaviri Paulius Baltokas və universitetin beynəlxalq əlaqələr üzrə dekanı, professor İnqrida Yanuleviçene, ATU-nun prorektorları dosent Zülfüqar Musabəyov və dosent Rauf Bəylərov, İctimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müşfiq Orucov iştirak ediblər.