ATU ilə Qırğızıstan-Türkiyə Manas Universiteti arasında yeni müqavilə imzalanıb

ATU ilə Qırğızıstan-Türkiyə Manas Universiteti arasında yeni müqavilə imzalanıb

Azərbaycan Tibb Universiteti (ATU) ilə Qırğızıstan-Türkiyə Manas Universiteti əməkdaşlıq haqqında yeni müqavilə bağlayıblar.
Qırğızıstan-Türkiyə Manas Universitetinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin qonağı olub. ATU-nun rektoru, professor Gəray Gəraybəyli nümayəndə heyəti ilə görüşdə universitet haqqında geniş məlumat verib.
Rektor qeyd edib ki, ATU öz fəaliyyətində xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulmasına böyük önəm verir: “Xüsusilə qardaş Türkiyənin universitetləri ilə son illərdə yaxşı əlaqələrimiz formalaşıb. Hazırda 30-dan çox universitetlə müqaviləmiz qüvvədədir. Bildiyiniz kimi, ATU hərtərəfli tibb təhsili verir. Böyük tarixi olan universitetin tibb, stomatologiya, əczaçılıq, ictimai səhiyyə və hərbi tibb olmaqla, ümumilikdə 6 fakültəsi var. Bu ali tibb təhsili müəssisəsinin 4 müasir klinikası da fəaliyyət göstərir”.
Professor G.Gəraybəyli bildirib ki, ötən il ATU-nun 90 illiyi qeyd olunub: “Universitetdə tədrisyönümlü yeniliklər aparılır, proqramlar müasirləşdirilir, ikili diplom məsələsi üzərində iş davam edir. Xüsusi qeyd etmək istəyirəm ki, bizim universitet xarici tələbə sayına görə Azərbaycanda birinci yerdədir, 2000-dən artıq əcnəbi tələbəmiz var”.
Manas Universitetinin Türkiyə üzrə rektoru, professor Alpaslan Ceylan rəhbəri olduğu təhsil müəssisəsi haqqında məlumat verib: “Biz Türkiyə və Qırğızıstanın ortaq universitetiyik. Buranı bitirən tələbələr hər iki ölkədə diplom alır və hər iki diplom digər diplomlar qədər tanınır. Yəni bizim sənədimiz digər Türkiyə universitetlərinin diplomları ilə eyni statusdadır. Dərslər isə həm Qırğızıstan, həm də Türkiyədən olan müəllimlər tərəfindən aparılır”.
Qeyd edək ki, indiyədək ATU ilə Qırğızıstan-Türkiyə Manas Universiteti arasında əsasən humanitar və elmi sahələri əhatə edən əməkdaşlıq müqaviləsi olub. Lakin onun müddəti başa çatdığı üçün bu görüşdə o yenilənib.
Bu haqda danışan Manas Universitetinin Qırğızıstan üzrə rektoru, professor Asılbek Kulmırzayev hazırkı müqavilənin daha işlək olacağına əminliyini bildirib. Çünki gələn ildən etibarən universitetin Tibb fakültəsi fəaliyyət göstərəcək və bununla da fakültələrin sayı 12-yə çatacaq: “İnanıram ki, biz tezliklə müəllim, həkim, eləcə də tələbə mübadiləsinə başlaya biləcəyik”.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova