Cahangir Abdullayev - 120

Cahangir Abdullayev - 120

Bu il Azərbaycanda tibb elminin inkişafında misilsiz xidmətləri olan dünya şöhrətli bir alimin, özündən sonra böyük bir məktəb qoyan pedaqoqun, ölkəmizdə kardioloqlar məktəbinin yaradıcısı Cahangir Məhəmməd oğlu Abdullayevin anadan olmasının 120 illiyi tamam olur.
Böyük insan, tanınmış alim Cahangir Abdullayev 1901-ci ilin mayın 1-də Gəncə şəhərində usta ailəsində anadan olmuşdu. Gəncədə klassik gimnaziyanı bitirdikdən sonra Bakıda Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olmuş, 1925-ci ildə oranı müvəffəqiyyətlə, yüksək göstəricilərlə başa vurmuşdu.
Bundan sonra gənc Çahangir 1926-cı ildə təhsilini davam etdirmək üçün Leninqrad şəhərinə, tanınmış terapevt, kardioloq, akademik G.Lanqın rəhbərlik etdiyi məşhur klinikaya göndərilir, orada elmi biliklərə, klinik təcrübəyə, ən yeni əməli vərdişlərə yiyələnir, ürək-damar sistemi xəstəlikləri zamanı orqanizmdə fizioloji və patoloji dəyişiklikləri çox ətraflı və dərinliklə öyrənir.
1932-ci ildə Azərbaycana qayıdan C.Abdullayev Tibb İnstitutunun Hospital terapiyası kafedrasına dosent vəzifəsinə seçildi. O, Azərbaycan Tibb İnstitutunun N.A.Semaşko adına 1 saylı Klinik Xəstəxanada yerləşən və 1920-ci ildən fəaliyyət göstərən Hospital terapiya kafedrasında o vaxtın məşhur professorlarından A.Levin, P.Mezernitski, N.Afonski ilə birlikdə yüksək ixtisaslı həkim kadrların hazırlanmasında, dövrün tələblərinə uyğun elmi tədqidat işlərinin və rasional müalicə-profilaktika tədbirlərinin həyata keçirilməsində çox fəal iştirak edirdi. C.Abdullayevin kafedraya gəlməsi ilə o zamanlar ölkədə geniş yayılmış infeksion xəstəliklər, xüsusilə də malyariya üzrə elmi tədqiqat işləri, kurortologiya, alimentar distrofiya, qanyaradıcı sistem və qan dövranı patologiyaları, revmatizm, mədə-bağırsaq traktına aid problemlərin tədqiqində canlanma yarandı. 1936-cı ildə “Malyariyalı xəstələrdə ürək-damar sistemi patologiyaları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edən alim bundan sonra Hospital terapiyası kafedrasının professoru, 1942-ci ildən isə həmin kafedranın müdiri vəzifəsinə seçildi.
Azərbaycanda kardiologiyanın təşəkkülü və inkişafı tibb sahəsində dünya ədəbiyyatından aldığı geniş informasiyaya istinad edən ardıcıl tədqiqatçı və novator alim C.Abdullayevin adı ilə bağlıdır.
Akademik C.Abdullayev respublikamızda ilk dəfə elektrokardioqrafiyadan istifadə edən və həkimlərin onu təcrübədə tətbiq etməsinə imkan yaradan mütəxəssis idi. O, ürək-damar sistemi xəstəliklərinin etiologiyası, patogenezi, klinika və müalicəsi, profilaktik tədbirlərin işlənib hazırlanması, hemokoaqulyasiya və hemodinamika məsələləri, quruda və dənizdə neft çıxarılmasının tibbi problemləri üzrə araşdırmalar aparmışdı. Əhalinin kardioloji yardımla təminatına və təxirəsalınmaz kardioloji yardımın təşkilinə daim xüsusi diqqət yetirən C.Abdullayev ürək-damar sisteminin patologiyalarını, neftin tərkibindəki maddələrin neft emalı sənayesi işçilərinin ürək-damar sisteminə təsirini tədqiq edirdi. Dərin biliyə, çox geniş erudisiyaya və tükənməz enerjiyə malik olması ona Azərbaycan və rus dillərində 10-dan çox dərslik, monoqrafiya yazmağa imkan vermişdi. Müəllifin “Ürək-damar sistemi xəstəliklərinin diaqnostikası”, “Kardiologiya məsələləri”, “Daxili xəstəliklər”, “Qan dövranı və qan sisteminin patoloji məsələləri”, “Ateroskleroz və hipertoniya xəstəlikləri” kimi çox dərin məzmunlu kitabları tibb elminə verdiyi əhəmiyyətli töhfələrdir.
İkinci dünya müharibəsi zamanı C.Abdullayev Bakıda Semaşko adına Klinik Xəstəxana ilə yanaşı, həmin dövrdə bu xəstəxanada yerləşmiş 3687 saylı hərbi evakohospitala da rəhbərlik edib.
Akademik C.Abdullayev Azərbaycan Tibb İnstitutundakı intensiv elmi və pedaqoji fəaliyyətindən başqa, xeyli müddət Elmi Tədqiqat Qanköçürmə İnstitutunun klinik bölməsinə də yüksək səviyyədə başçılıq edib. Onun tarixi xidmətlərindən biri də 1960-cı ildə Bakıda Elmi Tədqiqat Eksperimental Klinik İnstitutunun nəzdində Klinik kardiologiya bölməsini yaratmağı olub. Burada böyük alimin rəhbərliyi altında yüksək ixtisaslı həkim-kardioloqlar hazırlanıb. Yaranmasında C.Abdullayevin xüsusi xidmətlərə malik olduğu Azərbaycan kardioloqlar məktəbi respublikadan kənarda da tanınırdı. Onun rəhbərliyi altında 46 elmlər namizədi, 14 elmlər doktoru hazırlanmışdı.
Cahangir Abdullayev bir müddət Azərbaycan Tibb Cəmiyyətinin sədri olmuşdu. 1964-cü ildə respublikada yeni təşkil olunan Azərbaycan Terapevtlər Cəmiyyətinin ilk sədri seçilmişdi. O, “Azərbaycan Tibb Jurnalı”nın redaksiya şurasının, SSRİ Kardiologiya Cəmiyyətinin, Beynəlxalq Terapevtlər və Hematoloqlar Assosiasiyasının üzvü, Böyük Tibb Ensiklopediyasının kardiologiya bölməsi üzrə redaktoru kimi çox məhsuldar fəaliyyət göstərmişdi.
1959-cu ildə C.Abdullayev Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1969-cu ildə isə həqiqi üzvü seçilmişdi.
Akademik C.Abdullayev Vətən qarşısında xidmətlərinə görə bir çox orden və medallarla, habelə Fəxri Fərmanlarla təltif edilib. Azərbaycanda kardiologiyanın banisi kimi onun əziz xatirəsi Elmi Tədqiqat Kardiologiya İnstitutuna adının verilməsi ilə əbədiləşdirilib.
Müasirləri C.Abdullayevi istedadlı, yorulmaz alim, çox səmimi, prinsipial və qayğıkeş insan kimi tanıyırdılar. O, Azərbaycan xalqının xatirəsində böyük bir şəxsiyyət kimi yaşayır.
Hazırda Azərbaycan Təbabəti Muzeyinin 7 zalının stend və vitrinlərində görkəmli alim Cahangir Abdullayevin həyat və fəaliyyətini əks etdirən eksponatlar nümayiş olunur.

Sadatxan Əliyev
Azərbaycan Təbabəti Muzeyinin direktoru,
Sevinc Maniyeva
muzeyin baş mühafizi





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova