Fuad Əfəndiyev - 110

Fuad Əfəndiyev - 110

“Sevinc bizi həyatın hər bir vurğusuna həssas edərək, bədəni inkişaf etdirir, bərkidir”
Fuad Əfəndiyev



Professor Fuad Əfəndiyevin fıtri istedada malik novator alim, hər kəs üçün örnək olan pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Bu dahi insanın həyat fəlsəfəsi, mənəvi dünyası, tibb elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun elmi, tibbi və pedaqoji fəaliyyətinə nəzər salarkən, genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Fuad Əfəndiyevin zəngin elmi irsi, hematologiya və cərrahiyyəyə aid müxtəlif sahələr üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.
Fuad Ələddin oğlu Əfəndiyev 1909-cu il fevralın 23-də Tiflis quberniyasının Axaltsix qəzasının Atsxuri kəndində anadan olub. 1928-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsini bitirib.
Namizədlik (1934) və doktorluq (1942) dissertasiyalarını müdafiə edən, professor elmi adına layiq görülən F.Əfəndiyev 1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilib.
O, müxtəlif illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun 2-ci fakültativ cərrahiyyə (indiki Cərrahi xəstəliklər) kafedrasının müdiri (1944-1963), Elmi Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutu direktorunun müavini (1960), Respublika Qanköçürmə stansiyasının direktoru, Elmi Tədqiqat Vərəm İnstitutunun Ağciyər cərrahiyyəsi şöbəsinin müdiri, Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı (1943-1952), 4-cü Baş İdarənin Cərrahiyyə şöbəsinin müdiri (1946-1963) vəzifələrində uğurla çalışıb.
F.Əfəndiyev döş qəfəsi cərrahiyyəsi, ürək cərrahlığı və qanköçürmə sahəsində beynəlxalq miqyasda tanınan görkəmli alimlərdən olub. Onun elmi fəaliyyətinin əsas istiqamətini döş qəfəsi xəstəliklərinin müalicəsi və cərrahlığı, hematologiya, qanköçürmə, qanın laxtalanması problemlərinin tədqiqi təşkil edib. O həmçinin ağciyər vərəminin cərrahi müalicəsi, plevranın empiyeması, ağciyərlərin irinli iltihabi proseslərinin müalicəsi ilə məşğul olub. Fuad müəllimin rəhbərliyi altında Azərbaycanda ilk dəfə ürək cərrahiyyəsinin, cərrahi hematologiyanın, anesteziologiyanın, eksperimental cərrahiyyənin əsası qoyulub və sonralar bu sahələr ayrı-ayrı elmi tədqiqat institutları kimi inkişaf etdirilib. Onun tərəfindən plevra boşluğunda qanın infeksiyalaşmasını asanlıqla təyin etməyə imkan verən orijinal üsul təklif edilib. Bu üsul SSRİ-də və beynəlxalq miqyasda “Əfəndiyev sınağı” kimi tanınır. Alim ağciyər əməliyyatlarını asanlaşdırmaq üçün xüsusi alət və aparatlar yaradıb, hematoraksın ekspres üsulla müalicəsinin mümkün olduğunu göstərib.
Professor F.Əfəndiyev 200-dən çox elmi əsərin, 3 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, elmi-metodik göstərişlərin, ixtira və səmərələşdirici təkliflərin müəllifi olub. Onun məsləhətçiliyi və rəhbərliyi altında 9 doktorluq, 14 namizədlik dissertasiyası müdafiə edilib. F.Əfəndiyev dünyanın bir sıra ölkələrində keçirilən beynəlxalq qurultay, konfrans və simpoziumlarda məruzələrlə iştirak edib, xarici mətbuatda çox sayda məqalələri çap olunub.
Fuad Əfəndiyev bir çox elmi qurumların, o cümlədən Hematoloqların Beynəlxalq Cəmiyyətinin, Beynəlxalq Cərrahlar Assosiasiyasının üzvü olub, iki dəfə Bakı Şəhər Sovetinin, 4 cağırış Azərbaycan Ali Sovetinin deputatı seçilib, Respublikanın Əməkdar həkimi, Əməkdar elm xadimi fəxri adlarına layiq görülüb, “Qırmızı Ulduz”, “Qırmızı Əmək Bayrağı” ordenləri, “Qafqazın müdafiəsi uğrunda”, “1941-1945-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyə görə” medalları və “SSRİ Səhiyyə Əlaçısı”, “SSRİ Sanitar Müdafiə Əlaçısı” döş nişanları ilə təltif edilib. F.Əfəndiyevin monoqrafiya şəklində dərc olunan elmlər doktorluğu dissertasiyası, eləcə də böyük nəzəri və praktiki əhəmiyyətə malik olan hematorakslar zamanı təklif etdiyi “ekspress” metod SSRİ Tibb Elmləri Akademiyası tərəfindən “Akademik N.N.Burdenko adına mükafata” (1949) layiq görülüb.
Ən çətin məqamlarda professor F.Əfəndiyev xəstəliklərlə cərrahi mübarizənin ön cəbhəsində olurdu. 1963-cü il sentyabrın 20-də o, Moskvadan Azərbaycana gəlmiş akademik Petrovski ilə birlikdə, pasiyent üzərində ağır ürək əməliyyatı apararaq, daha bir xəstəni ölümdən qurtardı. Lakin təəssüf ki, gərgin əməyin stresi faciəvi sonluqla bitdi – elə həmin gün böyük alimin özü qəflətən vəfat etdi.
Yüksək mənəvi keyfiyyətlərə malik insan olan akademik F.Əfəndiyev dövrünün görkəmli alimi, Azərbaycan elminin zirvəsində duran tədqiqatçılardan idi. Hazırda Azərbaycan Təbabəti Muzeyinin stend və vitrinlərində onun həyat və fəaliyyətini əks etdirən eksponatlar nümayiş olunur və bu böyük alimin irsini yeni nəslə tanıdır.

Sadatxan Əliyev
Azərbaycan Təbabəti Muzeyinin direktoru,
Sevinc Maniyeva
muzeyin baş mühafizi





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova