Görkəmli alim Dəmir Hacıyevin 90 illik yubileyi qeyd edildi

Görkəmli alim Dəmir Hacıyevin 90 illik yubileyi qeyd edildi

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Dəmir Hacıyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.
Tədbirdə çıxış edən universitetin elmi işlər üzrə prorektoru Rauf Bəylərov görkəmli alimin Azərbaycan elminə verdiyi töhfələrdən danışıb: “Dəmir Hacıyev 1964-cü ildən 1999-cu ilədək ATU-nun Tibbi biologiya və genetika kafedrasına rəhbərlik edib. Həmin dövrdə kafedranın elmi-tədqiqat və tədris proqramlarında mühüm dəyişikliklər baş verib. Belə ki, Azərbaycan faunasının pareontoloji baxımdan tədqiqi tədris və elmi tədqiqat işlərinə əhəmiyyətli təsir edib, nəticə etibarilə zooloji muzeyin yaranmasına gətirib çıxarıb. Görkəmli alim ömrünün yarısını kafedranın yenidən qurulmasına həsr edib”. R.Bəylərov Dəmir Hacıyevin öz intellektual səviyyəsi, təfəkkürü və xarakteri ilə onu tanıyanlar arasında xüsusi hörmət qazandığını da qeyd edib.
ATU-nun Tibbi biologiya və genetika kafedrasının müdiri, dosent Vaqif Kərimov Dəmir Hacıyevin həyat və elmi yaradıcılığı haqqında məlumat verib. O bildirib ki, alimin elmi tədqiqatlarının istiqamətini paleontologiya, paleobiologiyа, paleoteratologiya və paleopatologiyanın bir çox istiqamətləri, eləcə də zoologiya, stratiqrafiya, tibbi biologiya, tibbi genetika və kosmik biologiya təşkil edib. D.Hacıyev uzun müddət Avrasiyanın miosen faunasını tədqiq edib, qədim məməlilərin yeni cins və növlərini təsvir edib. Bununla yanaşı, 1960-cı illərdə Məmmədəli Hüseynov tərəfindən Dağlıq Qarabağın cənubunda – Azıx mağarasında aşkar edilmiş çoxtəbəqəli qədim insan məskəninin öyrənilməsində, dünya miqyasına qaldırılmasında Dəmir Hacıyevin böyük rolu olub. Alim Azıx mağarasının 5-ci təbəqəsində tapılan ibtidai insanın alt çənəsinin 20-22 yaşlı qadına məxsus olduğunu müəyyənləşdirib. Tapıntı hazırda Azərbaycan Dövlət Tarix Muzeyinin Qızıl Fondunda saxlanılır.
Azərbaycanın Əməkdar elm xadimi Dəmir Hacıyev 120-dən çox elmi işin, o cümlədən 12 monoqrafiya və dərsliklərin müəllifidir. Onun rəhbərliyi ilə 3 elmlər doktoru, 12 fəlsəfə doktoru yetişdirilib.
Histologiya, embriologiya və sitologiya kafedrasının müdiri, professor Eldar Qasımov, Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının professoru Tamara Hüseynova, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Daş dövrü şöbəsinin müdiri, professor Əsədulla Cəfərov, bəstəkar Ruhəngiz Qasımova görkəmli alim haqqında öz xatirələrini bölüşüb, onun insani keyfiyyətlərindən, elmin inkişafındakı rolundan danışıblar.
Sonra professor Dəmir Hacıyev haqqında sənədli film nümayiş etdirilib.
Görkəmli bioloq alimin ailə üzvləri çıxış edərək, konfransın təşkilinə görə hər kəsə öz minnətdarlıqlarını bildiriblər.
Konfrans plenar iclaslarla davam etdirilib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova