Bu il 2874 qutu dərman satışdan çıxarılıb

Bu il 2874 qutu dərman satışdan çıxarılıb

Buna səbəb həmin preparatların dövlət qeydiyyatından və nəzarətindən keçməməsidir

2015-ci ilin sonuna gəldik. Arxada qoyduğumuz il digər sahələrdə olduğu kimi, ölkəmizin əczaçılıq sektorunda da bir sıra aktual məsələlərlə yadda qaldı – dərmanların dövlət qeydiyyatına alınması, onların qiymətinin tənzimlənməsi, yararsız preparatların satışdan çıxarılması, qanunsuz apteklərin fəaliyyətinin dayandırılması və sair. Bəs, ilin yekunu kimi nə demək olar? Bu sualla Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) direktoru Murad Süleymanova müraciət elədik.

- Başa vurduğumuz 2015-ci ildə AEM-in apteklərdə apardığı yoxlamalar və əldə etdiyi nəticələr barədə nə deyə bilərsiniz?
- Əvvəlcə, qeyd edim ki, AEM-in Dərmanların keyfiyyətinə nəzarət inspeksiyası bu il ölkəmizin aptek müəssisələrində əczaçılıq fəaliyyətinə dair tələblərin yerinə yetirilməsini yoxlamaq məqsədi ilə, təsdiq olunmuş plana və Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində yoxlamaların qeydiyyata alınmasına dair vahid məlumat reyestrindən müvafiq çıxarışlara əsasən, 113 aptekdə yoxlama aparıb. Xüsusi razılıq (lisenziya) olmadan əczaçılıqla məşğul olan 4 aptek aşkarlanıb və fəaliyyətləri dayandırılıb. Könüllü şəkildə qanunsuz fəaliyyətlərini dayandırmayan iki aptekin sahibinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.1 maddəsi ilə protokollar tərtib edilib. Həmçinin, yoxlamalar zamanı 23 aptekdə reseptlə buraxılmalı olan dərman vasitələrinin reseptsiz satıldığı, yetkinlik yaşına çatmayanlara dərmanların buraxılması qaydalarının pozulduğu müəyyən olunub və aptek rəhbərlərinə həmin Məcəllənin 230.1-ci maddəsi ilə protokollar tərtib edilib.
Bundan əlavə, qeydiyyatsız dərman vasitələrinin satışı ilə məşğul olan, habelə reseptlə satılmalı dərmanları reseptsiz satan iki aptekin fəaliyyəti dayandırılıb, bir aptekin lisenziyası ləğv edilib. Cari ildə aparılan yoxlamalar nəticəsində 835 seriyada (2874 qutu) qeydiyyatsız və dövlət nəzarətindən keçməmiş dərman preparatı satışdan çıxarılıb.

- Bildiyimiz kimi, hazırda dərmanların qiymətinin tənzimlənməsi istiqamətində əsaslı addımlar atılır. Amma son günlər əhali bu qiymətlərin bahalaşacağından narahatdır...
- Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq “Azərbaycan Respublikası dərman vasitələrinin Reyestri”nə daxil edilmiş preparatların qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Nazirlər Kabinetinin bununla bağlı qəbul etdiyi qərara əsasən, dərman satışında qiymət intizamına nəzarəti Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir.
Fürsətdən istifadə edib, bildirmək istəyirəm ki, Tarif (qiymət) Şurası tərəfindən qiymətləri təsdiqlənən dərman vasitələrinin siyahısı AEM-in rəsmi internet saytında (www.pharma.az) yerləşdirılib.

- Bu il Azərbaycanda nə qədər dərman vasitəsi dövlət qeydiyyatına alınıb? Qeydiyyatından imtina edilən dərmanlar varmı?
- Hazırda Azərbaycan Respublikası dərman vasitələrinin Reyestrində 4700-dən çox preparat var. Bu il ərzində 803 dərman dövlət qeydiyyatına alınıb, ilkin ixtisaslaşdırılmış ekspertizada 203, ixtisaslaşdırılmış ekspertizada isə 195 dərman vasitəsindən imtina edilib.

- İndi ölkəmizdə hansısa dərman preparatları istehsal olunurmu?
- Azərbaycanın əczaçılıq sənayesi müəssisələri olan Azərfarm Ltd və Bakıkimyaəczasənaye ASC tərəfindən 55 adda dərman vasitəsi istehsal edilir. Bunlar əsasən həyati vacib və təcili hallarda istifadə olunan antibiotiklər, iltihab əleyhinə preparatlar, vitaminlər, antiseptiklər, sakitləşdiricilər və sairdir.

- Tibbi məhsullar idxal edən şirkətlər üçün idxal prosedurlarını asanlaşdırmaq məqsədilə hansı işlər görülür?
- Analitik Ekspertiza Mərkəzində həyata keçirilən islahatlar və struktur dəyişiklikləri ilə əlaqədar olaraq bir sıra daxili əmrlər imzalanıb, bu işlərə məsul şəxslərin vəzifə bölgüsü dəqiqləşdirilib.
Həm AEM-də görülən işlərin, həm də digər məsul qurumlarla birgə fəaliyyətimizin səmərəliliyini artırmaq üçün daim müşavirələr təşkil olunur. Məsələn, dekabrın 24-də Hava Nəqliyyatında Baş Gömrük İdarəsində, 28-də isə Bakı Baş Gömrük İdarəsində görüşlər keçirildi, idxalına razılıq verilməyən məhsulların geri ixracı və ya məhv edilməsi prosesi müzakirə olundu. İqtisadiyyat və Sənaye Nazirliyində digər nazirliklərin iştirakı ilə bununla bağlı dəyirmi masa da keçirildi.
Həmçinin vurğulamaq istərdim ki, Mərkəzdə dərman və tibbi vasitələrin ekspertizasının daha səmərəli təşkili üçün işçi qruplar yaradılıb, buraya gənc mütəxəssislər cəlb olunub. Məqsədimiz müasir dünya təcrübəsinə əsaslanaraq, bütün proseslərdə nəzarətin keyfiyyətini itirməmək şərtilə, şirkətlər üçün idxal prosedurlarını asanlaşdırmaqdır.

- Bəs, AEM-də aparılan laborator tədqiqatlar barədə nə deyə bilərsiniz?
- Mərkəzin müasir tələblərə cavab verən avadanlıqla təchiz olunmuş Laborator tədqiqatlar şöbəsi öz fəaliyyəti müddətində bir çox uğurlar əldə edib. Göstərilən xidmətin səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə uyğunlaşdırmaq məqsədilə bu istiqamətdə işlər davam etdirilir. Son iki ildə laboratoriyamız dünya səviyyəsində keçirilən, müxtəlif profilli laboratoriyaların iştirak etdiyi peşəkarlıq testlərində 5 dəfə iştirak edib, qabaqcıl laboratoriyalar arasında yüksək nəticələr əldə edərək, layiqli yerlər tutub. Təsadüfi deyil ki, laboratoriyamız 2015-ci ildə “Qlobal Fond”un müfəttişləri tərəfindən aparılan ətraflı təftiş nəticəsində 100 ballıq yoxlama sistemi üzrə 91 bal toplayıb.
Laborator tədqiqatlar şöbəsində tədqiqatlar dəqiqliyi və həssaslığı yüksək olan cihazlar vasitəsilə yerinə yetirilir. İstifadə olunan avadanlıqlar planlı şəkildə, mütəmadi olaraq istehsalçıların texniki baxım xidməti və Dövlət Standartlaşdırma və Metrologiya Komitəsinin mütəxəssisləri tərəfindən kalibrlənir, kvalifikasiya və validasiya prosedurlarından keçirilir.
Şöbənin işçiləri 11 xarici təlimdə və seminarda iştirak ediblər. AEM-in idarə heyəti tərəfindən laboratoriyanın bütün personalı üçün müxtəlif mövzularda 34 daxili təlim təşkil olunub, işçilərin daim inkişaf etməsi istiqamətində işlər görülüb. Bu ay Mərkəzin iki mütəxəssisi Türkiyədə əczaçılıq sahəsində milli tənzimləyici orqanlarda “Keyfiyyətin idarəolunma sisteminin gücləndirilməsi” mövzusunda seminara qatılıblar.
Qarşımızda duran prioritet məsələlərdən biri də ölkədə farmakoloji nəzarət sisteminin gücləndirilməsidir. Bu səbəbdən növbəti ilin birinci yarısında İsveçrədə sözügedən sahədə keçiriləcək seminarda mərkəzin mütəxəssislərinin iştirakı nəzərdə tutulur.
Q.NURİYEV





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova