“Gen Pharma Caucasus”: Azərbaycanın əczaçılıq sənayesində yeni dövr

“Gen Pharma Caucasus”: Azərbaycanın əczaçılıq sənayesində yeni dövr

Azərbaycanda əczaçılıq sahəsinə böyük investisiyalar qoyulur

Azərbaycanın bütün sahələrdə dinamik inkişafı, müsbət investisiya iqlimi və əlverişli biznes mühiti xarici və yerli sərmayədarlar üçün geniş imkanlar yaradır. Davamlı iqtisadi islahatlar, müasir infrastruktur və strateji coğrafi mövqe ölkəmizi regional biznes və sənaye mərkəzinə çevirir.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Səhiyyə Nazirliyinin dəstəyi ilə həyata keçirilən belə mühüm təşəbbüslərdən biri ölkənin əczaçılıq sənayesinin inkişafı üçün əhəmiyyətli hadisə olan “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-yə məxsus zavodun tikintisidir.
Bu layihə dövlətin səhiyyə və sənaye sahələrinə verdiyi strateji önəmin bariz nümunəsidir. 7 dekabr 2023-cü ildə təməli qoyulmuş bu iddialı layihə Pirallahı Sənaye Parkında yerləşən müasir istehsal müəssisəsinin yaradılmasını nəzərdə tutur. Layihənin birinci fazasının yekunu kimi, zavodun 2027-ci ilin ilk rübündə tam fəaliyyətə başlaması planlaşdırılır.

Birgə investisiyalar və dövlət dəstəyi

İrimiqyaslı investisiya tələb edən bu layihə Azərbaycanın əczaçılıq sənayesinin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Bu strateji tərəfdaşlıqda Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri”, Azərbaycan Biznesinin İnkişafı Fondu və “SIA Pharmaceuticals” kimi aparıcı şirkətlər konsorsiumu iştirak edir.
Layihənin reallaşmasına İqtisadiyyat Nazirliyi tərəfindən hərtərəfli dəstək verilir, həmçinin Səhiyyə Nazirliyi layihənin beynəlxalq standartlara uyğun tənzimlənməsi və ölkənin səhiyyə sisteminə töhfə verməsi üçün yaxından iştirak edir. Bu əməkdaşlıq layihənin regional əczaçılıq sənayesinin inkişafında oynadığı açar rolu nümayiş etdirir.

Beynəlxalq standartlara uyğunluq

"Gen Pharma Caucasus" zavodu Etibarlı İstehsalat Təcrübəsi (GMP) beynəlxalq standartlarına, o cümlədən EU GMP və US FDA GMP standartlarına tam cavab verəcək. Beynəlxalq sertifikatlaşdırma prosesi zavodun qlobal bazarda rəqabət qabiliyyətliliyini təmin edəcək və istehsal olunan dərman vasitələrinin digər ölkələrə ixracına imkan yaradacaq.

Müasir istehsalat kompleksi və məhsullar

17 000 m² sahəni əhatə edən və 8 hektar ərazidə yerləşən zavod ən müasir texnoloji həllər hesabına illik 50 milyon qutu dərman vasitəsi istehsal edəcək. 2 500 palet tutumuna malik müasir anbar kompleksi effektiv logistikanı təmin edəcək. Layihə gələcəkdə üç əlavə istehsal sahəsinin genişləndirilməsi potensialı nəzərə alınaraq dizayn edilib.
Yeni müəssisədə geniş çeşidli həyati əhəmiyyətli dərman vasitələrinin istehsalı nəzərdə tutulur. Bunlara antibiotiklər, analgetiklər, ürək-damar, diabet, mədə-bağırsaq, sinir sistemi və immun sistemi xəstəliklərinin müalicəsində istifadə olunan preparatlar daxildir. İstehsalat xətti tablet, örtüklü tablet, kapsul (bərk və yumşaq), toz və maye suspenziyalar, saşe və siroplar kimi qeyri-steril bərk dərman formalarını əhatə edəcək.

Ekoloji normalar və enerji effektivliyi

"Gen Pharma Caucasus" zavodu ciddi ekoloji standartlara uyğun layihələndirilib. Enerji baxımından effektiv texnologiyaların və emissiyaları minimuma endirən sistemlərin tətbiqi ətraf mühitə təsirin azaldılmasını təmin edəcək. Tullantı sularının təmizlənməsi və tullantıların utilizasiyası üzrə müasir sistemlər beynəlxalq ekoloji normalara tam uyğun olacaq ki, bu da layihəni davamlı və ekosistem üçün təhlükəsiz edir.

Kadr hazırlığı

Bu cür yüksək texnoloji istehsal, ilk növbədə, orada çalışan personalın yüksək kvalifikasiyası və hazırlığını tələb edir. Layihə üzrə 400 nəfərə qədər personalın çalışması planlaşdırılır. İşçilərin yüksəkixtisaslı olmasını təmin etmək üçün kompleks təlim proqramı nəzərdə tutulub. Zavodun gələcək əməkdaşları “Gen İlaç” (Türkiyə) şirkətinin istehsalat sahələrində təlim keçəcək və praktik təcrübə əldə edəcəklər. Bu onların beynəlxalq standartlara uyğun işləməsinə və Etibarlı İstehsalat Təcrübəsini Azərbaycanda tətbiq etməsinə kömək edəcək.
Eyni zamanda, ölkənin bir sıra ali təhsil müəssisələri, o cümlədən Azərbaycan Tibb Universiteti (ATU) ilə birgə əməkdaşlıq proqramları hazırlanır. Gələcəkdə zavodun bazasında ATU-nun Əczaçılıq fakültəsinin tələbələri üçün istehsalat təcrübələrinin keçirilməsi nəzərdə tutulur ki, bu da potensiallı kadrların seçilməsinə imkan yaradacaq.

Əczaçılıq müstəqilliyinə doğru addım və beynəlxalq bazarlara çıxış


Yeni zavodun fəaliyyətə başlaması ilə əhalinin əsas dərman vasitələrinə çıxışı xeyli asanlaşacaq. İdxaldan asılılığın azalması qiymətlərin sabit qalmasına, bəzi hallarda isə ucuzlaşmasına şərait yaradacaq. Vətəndaşlar dərmanlarını vaxtında və daha əlçatan şəkildə əldə edə biləcəklər. Bundan başqa, istehsalın ölkə daxilində qurulması dərmanların keyfiyyətinə və təhlükəsizliyinə nəzarəti gücləndirəcək. Şirkət yerli bazarın tələbatını ödəməklə yanaşı, istehsal olunan dərman vasitələrini Gürcüstan, Rusiya və Orta Asiya ölkələrinə ixrac etməyi planlaşdırır. Bu, Azərbaycanın əczaçılıq məhsullarının beynəlxalq bazarda mövqeyini möhkəmləndirəcək, satış həcmini artıracaq və regional iqtisadi əməkdaşlığa töhfə verəcək.
"Gen Pharma Caucasus" layihəsinin həyata keçirilməsi ilə Azərbaycan dərman vasitələrinin idxalından asılılığı azaltmaq və yerli istehsalı inkişaf etdirmək yolunda mühüm addım atır. Bu layihə təkcə ölkənin səhiyyə sistemini gücləndirmir, həm də Azərbaycanı regional əczaçılıq sənayesində əsas oyunçulardan birinə çevirir.


Xəbəri paylaş




Sentyabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova