Bioloji aktiv qida əlavələrinin ekspertizası üçün yeni sənəd tələb olunacaq
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) patentləşdirilmiş əmtəə nişanları ilə əlaqədar bildiriş yayıb.
AEM-dən verilən məlumata görə, bu il mayın 1-dən etibarən ərizəçilər Bioloji fəallığa malik qida əlavələrinə aid olan məhsullarla bağlı “Analitik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsə müraciət edərkən onlardan təqdim etdikləri sənədlərə əlavə olaraq “Bioloji Fəallığa Malik Qida Əlavələrinin əmtəə (patentləşdirilmiş) nişanı və seriyası” haqqında sənəd rəsmi şəkildə tələb olunacaq.
Yeni qayda “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “F” bəndinə əsasən əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanlarının qeydə alınmasına yol verilməməsi müddəasına əsaslanır. Eyni zamanda, bu qayda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”nın 3.3.1 yarımbəndində də göstərilir.
Bütün ərizəçilərin bu tələbi yerinə yetirmələri zəruridir, əks halda AEM sənədlərin ekspertizaya qəbulundan imtina edəcək.
Yeri gəlmişkən, AEM vətəndaşların nəzərinə çatdırır ki, Bioloji fəallığa malik qida əlavələrinin ekspertiza nəticələri haqqında məlumatı (istehsalçı ölkə, istehsalçı şirkət, buraxılış forması, tərkibi, miqdarı, müsbət və ya mənfi ekspertiza nəticəsi) AEM-in rəsmi www.pharma.az saytından əldə etmək olar. Bunun üçün sayta daxil olmaq, menyuda “DV qeydiyyatı” bölməsində BFMQƏ-nin ekspertiza nəticələri alt bölümünə keçid edib baxmaq lazımdır.