Araşdırmamızın izi ilə
Qəzetimizin ötən sayında (№ 21-22) məktəb tibb məntəqələri ilə bağlı araşdırmaya dair “Nöqsanlı 274 və örnək 264” adlı yazı dərc olunmuşdu. Məqalədə Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəki 274 nömrəli məktəbdən də söhbət açmış, həmin təhsil ocağının bufetində bəzi nöqsanlara, o cümlədən, istifadə müddəti bitmiş 12 ədəd «Milla» əmtəə nişanlı 200 qramlıq ayrana rast gəldiyimizi vurğulamışdıq.
Bu məsələ ilə bağlı Qaradağ Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) Uşaq və yeniyetmə gigiyenası bölməsinin müdiri Natiq Ağayevə müraciət edib, münasibətini öyrəndik.
Müsahibimiz bildirdi ki, Qaradağ GEM-in mütəxəssisləri «Tibb qəzeti»nin 5 noyabr tarixinə təsadüf edən bu araşdırmasından bir qədər əvvəl – sentyabrın 29-da həmin bufetə baxış keçiriblər və elə o zaman da orada nöqsanlar aşkarlanıb: «Həmin vaxt bufetçiyə inzibati qaydada cərimə yazıldı və çatışmazlıqları aradan qaldırmaq üçün müvafiq tapşırıq və tövsiyələr verildi. Lakin, görünür, o bu tənbehdən lazımi nəticə çıxarmayıb. Doğrudur, dekabr ayının 8-nə həmin məktəbin bufetinə növbəti planlı yoxlama təyin olunmuşdu. Lakin «Tibb qəzeti»nin apardığı araşdırmadan sonra bunu bir qədər tezləşdirdik. Dekabrın 3-də həmin məktəbin bufetinə yenidən baxış keçirdik. Bir daha belə halların baş verməməsi üçün bufetçiyə xəbərdarlıq olundu».