Nöqsanlı 274 və örnək 264

Nöqsanlı 274 və örnək 264

Orta məktəblərdə fəaliyyət göstərən tibb məntəqələri və bufetlərlə bağlı növbəti araşdırmamızı bu iki təhsil ocağına həsr etmişik

Orta məktəblərdə fəaliyyət göstərən tibb məntəqələrində şərait, dərman vasitələri və lazımi avadanlıqlarla təchizat hansı səviyyədədir? Bu postda çalışan tibb işçiləri lazımi anda iş başında olub, öz vəzifələrini layiqincə yerinə yetirirlərmi? Şagirdlərin qidalanmasına xidmət edən bufetlərdə sanitar-gigiyenik vəziyyət necədir? Həmin obyektlərdə müvafiq tələblərə, qayda-qanunlara əməl olunurmu? Növbəti araşdırmamızda bu və digər suallara Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yerləşən 274 nömrəli və Xətai rayonundakı 264 nömrəli məktəblərdə cavab axtardıq.


Vaxtı keçmiş dərman və ərzaq

Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəki 274 nömrəli məktəbə səhər erkəndən çatdıq. Amma içəri keçməzdən əvvəl həyətdə bir neçə şagirdlə söhbət elədik ki, görək onlar buradakı tibb məntəqəsi barədə hansı fikirdədirlər. Bu məqsədlə söhbət elədiyimiz 3 nəfər məktəblinin hər birindən oxşar cavablar aldıq – tibb işçilərinin hər gün məktəbdə olduqlarını deyən müsahiblərimiz məntəqənin daim açıq olduğunu, ehtiyac yarandıqda hər kəsə lazımi tibbi yardımın göstərildiyini bildirdilər.
Daha sonra məktəbə daxil olub, üz tutduq tibb məntəqəsinə. Burada bizi tibb bacısı Nəcibə Əliyeva qarşıladı.
Məntəqədə şərait normal səviyyədədir. Bura yalnız tərəzidən başqa, digər lazımi avadanlıqlarla təmin edilib. Təmizlik, səliqə-sahman baxımından da hər şey öz qaydasında idi.
Məntəqənin iş rejimi ilə maraqlandıq. Tibb bacısı təsdiq olunmuş qrafiki təqdim edərək bildirdi ki, Qaradağ rayonu 13 nömrəli Şəhər Poliklinikasının tabeliyində olan bu məntəqədə biri həkim, ikisi tibb bacısı olmaqla, üç nəfər işləyir. Məlum oldu ki, həmin gün həkim Leyla Nəsiblinin iş günü deyil. Digər tibb bacısı Valya Rüstəmova isə işə qrafikə əsasən bir qədər gec gələcəkdi.
Daha sonra dərman şkafına yaxınlaşıb preparatları nəzərdən keçirdik. Doğrudur, orada xeyli dava-dərman var idi. Amma məlum oldu ki, papaverin-hidroxloridin (9 ampul) istifadə müddəti bitib. Onun təsadüfən gözdən qaçdığını deyən tibb bacısı dərmanla təminat baxımından heç bir çətinliklə qarşılaşmadıqlarını, nə lazım olsa, tələbnamələrə əsasən 13 nömrəli Şəhər Poliklinikasından aldıqlarını vurğuladı.
Cari tədris ilində tibb məntəqəsi tərəfindən görülən işləri nəzərdən keçirmək üçün müvafiq jurnalları, sənədləri də vərəqlədik. Bütün jurnallar var idi, üstəlik, lazımi qeydlər vaxtında və dəqiq aparılmışdı. Amma jurnalların əksəriyyəti sözügedən poliklinikanın rəhbərliyi tərəfindən təsdiq olunmamışdı.
Nöqsanlı 274 və örnək 264Nöqsanlı 274 və örnək 264
Nəhayət, məktəbin bufetinə baş çəkdik. Doğrudur, burada təqdir olunası məqamlar çoxdur. Məsələn, bufet öz şəraiti, səliqə-sahmanı ilə xoş təsir bağışlayır. Satışına qadağa qoyulmuş ərzaqlar satılmır. Məhsulların saxlanma qaydalarına riayət olunması, burada çalışan Ruhiyyə Ələsgərovanın şəxsi gigiyena qaydalarına əməl etməsi və tibbi müayinədən keçməsi də müsbət faktlardır. Amma bufetdə bir sıra nöqsanlara da rast gəldik. Soyuducudakı ərzaqlara baxarkən məlum oldu ki, 12 ədəd «Milla» əmtəə nişanlı 200 qramlıq ayranın istifadə müddəti bitib. Bundan əlavə, «REM Servis» MMC-nin ərzaqla təmin etdiyi bu bufetdə satılan məhsulların əksəriyyətinin uyğunluq və gigiyenik sertifikatlarının vaxtı keçmişdi. Bu isə o anlama gəlir ki, tibb işçilərinin qida blokuna nəzarəti formal xarakter daşıyır. Əks təqdirdə bufetdə qeyd etdiyimiz nöqsanlar olmazdı.

Digər məktəblərə örnək

Xətai rayonu 264 nömrəli məktəbə də səhər tezdən baş çəkdik. Tənəffüs vaxtı olduğundan həyətdə xeyli şagird var idi. Fürsətdən istifadə edib, onlardan bir neçəsini söhbətə tutduq. «Məktəbinizdə tibb məntəqəsi varmı?», «Kiminsə halı pisləşəndə ona lazımi tibbi yardım göstərilirmi?» və sair bu kimi suallarımıza müsahiblərimizdən heç bir mənfi cavab almadıq. Onlar tibb məntəqəsi və orada çalışan tibbi heyət haqqında razılıqla danışdılar. Həyətdəki sorğumuzu başa vurduqdan sonra üz tutduq tibb məntəqəsinə.
Biz içəri daxil olanda iki nəfər iş başında idi. Öyrəndik ki, onlardan biri həkim-pediatr Aidə Əhmədova, digəri tibb bacısı Sevil Bəkirovadır. Beləcə, onların müşayiəti ilə məntəqəyə baxış keçirdik.
Məktəb ümumilikdə əsaslı təmir olunduğundan, tibb məntəqəsində şərait olduqca yüksək səviyyədədir. Otaq yeni avadanlıqlarla tam təmin edilib. Səliqə-sahman da öz yerindədir.
Nöqsanlı 274 və örnək 264
Həkim A.Əhmədova söhbət əsnasında bildirdi ki, məntəqə Xətai rayonu 8 nömrəli Uşaq Poliklinikasının tabeliyindədir. Müsahibimizin sözlərinə görə, dərman vasitələri ilə təminat baxımından heç bir problemləri yoxdur: «Dərs ili boyunca lazımi preparatları həmişə vaxtlı-vaxtında poliklinikadan götürür və ehtiyac yarandıqda şagirdlərə və müəllimlərə gərək olan tibbi yardımı göstəririk. Hazırda bütün preparatlardan varımızdır».
Bu arada dərman şkafına yaxınlaşıb, preparatları gözdən keçirdik. Orada, həqiqətən də, xeyli dava-dərman var idi, hamısı da istifadəyə yararlı. Daha sonra müvafiq jurnallara diqqət yetirdik. Təqdirəlayiqdir ki, heç bir çatışmazlıqla qarşılaşmadıq. Jurnallar hamısı səhifələnib-tikilmiş, poliklinikanın rəhbərliyi tərəfindən təsdiq olunmuş, bütün qeydlər vaxtında, dəqiq və nizam-intizamla aparılmışdı.
Tibb məntəqəsi belə ürəkaçan olan məktəbin, görəsən, qida blokunda vəziyyət necədir? Bu sualımıza cavab tapmaq üçün üz tutduq bufetə. Və burada seyr etdiyimiz mənzərə bizi olduqca fərəhləndirdi. Bəlkə də ilk dəfə idi ki, belə gözəl, ideal səviyyədə olan məktəb bufetinə rast gəlirdik.
Digər məsələlərə gəldikdə, hər tərəf dezinfeksiyaedici məhlullarla silinib-təmizlənmiş, ərzaqlar çeşidlənərək vitrinlərə və soyuducuya yerləşdirilmişdi. Bufetçi Səbirə Hacıismayılova formada idi – başında örtük, əynində xalat, əlində əlcək. O, tibbi müayinədən də keçmişdi.
Bufetdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən məktəblərdə satışına qadağa qoyulmuş məhsullara rast gəlmədik. Buradakı ərzaqların hər birinin gigiyenik və uyğunluq sertifikatları da var idi.
Onu da qeyd edək ki, araşdırmamızı yekunlaşdırıb, bufeti tərk edərkən bizə yaxınlaşıb gəlişimizin məqsədi ilə maraqlanan məktəbin direktoru Sevda Qocayeva tibb işçilərinin fəaliyyətindən hədsiz razı qaldığını, onların həmişə öz işlərinin öhdəsindən layiqincə gəldiklərini bildirdi.
Beləcə, oxucularımızı daha iki təhsil ocağında fəaliyyət göstərən tibb məntəqəsi və bufetin vəziyyəti ilə tanış etdik. 274 nömrəli məktəbdə rast gəldiyimiz nöqsanların tezliklə aradan qaldırılması, 264 nömrəli məktəbdəki nümunəvi vəziyyətin isə daimi olması arzusu ilə yazımıza nöqtə qoyuruq.
Q.NURİYEV
Ü.FƏRZƏLİYEVA





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova