Hüznlü o il və fərəhli bu il
«Tibb qəzeti»nin səhiyyə müəssisələrində apardığı araşdırmalarda yolumuz Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasınadır. Xatırladaq ki, bu tibb müəssisəsinə ilk dəfə 2011-ci ilin mart ayında baxış keçirmişdik. O vaxt bir sıra məsələlərdə vəziyyət qənaətbəxş olsa da, şərait ciddi narahatlıq doğururdu. Məhz buna görə də o yazımızda bu tibb ocağının köhnə, təmirsiz görünüşündən söz açmış, daxili aptekin müvafiq tələblərə cavab vermədiyini, mətbəxdə şəraitin daha pis olduğunu da qeyd eləmişdik.
Bu dəfə isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının bizi qarşılayan fərəhli simasında o vaxtkı hüznlü görkəmindən əsər-əlamət yox idi. Xəstəxana Səhiyyə Nazirliyi tərəfindən əsaslı təmir olunub və ən müasir tibbi avadanlıqlarla təmin edilərək, 2015-ci ilin fevral ayında əhalinin istifadəsinə verilib. Bir sözlə, bu tibb ocağını son illər ölkəmizin səhiyyə sahəsində baş verən əsaslı inkişafın daha bir örnəyi hesab eləmək olar. Təkcə ona görə yox ki, şərait ideal səviyyədədir. Həm də ona görə ki, xəstələr və onların yaxınları tibbi xidmətin səviyyəsindən məmnundurlar.
Ənənəmizə uyğun olaraq, içəri girməzdən əvvəl həyətdə xəstə yanına gəlib-gedənlərin bir neçəsi ilə söhbət elədik. Bizi də burada müalicə alan hansısa xəstənin qohumu zənn edən müsahiblərimiz dedilər ki, dava-dərmanla təminat baxımından heç bir çatışmazlıq yoxdur, lazım olan preparatları xəstəxanadan verirlər. O ki qaldı qida məsələsinə, bildirdilər ki, xəstələrə gündə üç dəfə yaxşı yemək verildiyi üçün, evdən, demək olar ki, heç nə gətirmirlər.
Həyətdəki qısa sorğumuzu tamamladıqdan sonra içəri daxil olub, üz tutduq birbaşa Qəbul şöbəsinə. Bu şöbənin həkimləri bizim haqqımızda rəhbərliyə məlumat verdikdən sonra baş həkimin müavini İlham Mayılovun müşayiəti ilə araşdırmamızı davam etdirdik.
Qəbul şöbəsində şərait ideal səviyyədə idi. Bura yeni avadanlıqlarla təchiz olunub, xəstələri qəbul etmək, onlara ilkin tibbi yardım göstərmək üçün hər bir imkan yaradılıb. Dərman baxımından da heç bir çatışmazlıq görmədik – şkaflarda xeyli preparat var idi. Onları bir-bir gözdən keçirdik, hamısı istifadəyə yararlı idi. Səhiyyə Nazirliyinin əmri ilə stasionar xəstələrin müalicəsində pulsuz istifadə olunan dərmanların siyahısının bir neçə yerdən asılması, «Qəbul jurnalı»nda lazımi qeydlərin dəqiq aparılması da buradakı nizam-intizamdan xəbər verirdi. İş qrafikinə əsasən hər gün səhər saat 8:00-dan 15:00-a qədər bu postda keşik çəkməli olan şöbə müdiri E.Əhmədov, böyük tibb bacısı A.Cəfərova və tibb bacısı S.Ağayeva hər üçü iş başında idi.
Bir neçə otaqda yerləşən kliniki laboratoriya da elə ilk baxışdaca həm səliqə-sahmanı, təmizliyi, həm də müasir aparatlarla təmin olunması ilə diqqəti cəlb edir. Reaktivlərin çoxluğunu, onların saxlanma qaydalarına riayət edildiyini də müsbət faktlar kimi vurğulamalıyıq. Qeyd edək ki, burada vaxtı keçmiş reaktivlərə rast gəlmədik. O ki qaldı tibbi tullantıların məhv edilməsinə, bizə təqdim olunan aktlar təsdiq edirdi ki, bu iş qaydalara uyğun həyata keçirilir.
İndi isə xəstəxananın daxili aptekindəyik. Bu dəfə əczaxana barədə istənilən qədər xoş sözlər söyləmək olar. Şərait yüksək səviyyədə, bütün avadanlıqlar müasir tələblərə uyğun, dərman ehtiyatı boldur. Tələbnamələri və fakturaları da nəzərdən keçirdik. Məlum oldu ki, bütün şöbələr vaxtlı-vaxtında lazımi preparatlarla təmin olunur.
Xəstələrin nahar vaxtı olduğuna görə, bu dəfə yolumuzu qida blokundan saldıq. İdeal şəraiti, yeni avadanlıqları olan mətbəxdə də hər bir imkan və şərait yaradılıb. Baş aşpaz söhbət əsnasında menyunu göstərərək, həmin gün pasiyentlərə səhər yeməyində verilənlər, nahara və şama nəzərdə tutulanlar barədə məlumat verdi. Yeməklərdən nümunələrin saxlanıldığını, həmçinin işçilərin hamısının tibbi müayinədən keçdiklərini də nəzərə alsaq, mətbəxdə vəziyyət qənaətbəxş idi.
Ərzaq anbarı da bizdə xoş təəssürat yaratdı. Burada şərait gözəl, ərzaq ehtiyatı baxımından bolluq idi. Üstəlik, məhsulların saxlanma qaydalarına da əməl olunmuşdu.
Nəhayət, şöbələrə baş çəkib, xəstələrlə söhbət elədik, bu tibb ocağı, burada göstərilən tibbi xidmət, dərman və yeməklə təminat barədə onların fikirlərini öyrəndik.
Öncə bu ilin aprel ayından fəaliyyətə başlamış 9 çarpayılıq Hemodializ şöbəsində olduq. Burada fikrini öyrəndiyimiz pasiyentlər hamısı ölkə rəhbərinin, səhiyyə nazirinin, həmçinin orada çalışan həkimlərin ünvanına minnətdarlıq dolu sözlər söylədilər. Heç bir problemlə üzləşmədən dializ aldıqlarını deyən müsahiblərimiz onlara göstərilən qayğıdan razı qaldıqlarını dedilər.
Doğum şöbəsində söhbət elədiyimiz pasiyentlərdən də heç bir narazılıq eşitmədik. Müsahiblərimiz bildirdilər ki, şərait gözəl olmaqla yanaşı, dava-dərmanın verilməsi, eləcə də yeməklə təminat da onları qane edir.
Bir neçə xəstə ilə də Terapiya şöbəsində söhbət elədik. Həkimlərin münasibətindən razı qaldıqlarını vurğulayan müsahiblərimiz onları narahat edən heç bir səbəb olmadığını dedilər. Bildirdilər ki, lazım olan dərmanları da, yeməkləri də vaxtlı-vaxtında verilir.
Araşdırma zamanı xəstəxanada sanitar-gigiyenik vəziyyətə də diqqət yetirdik. Əlbəttə, şərait yüksək səviyyədədir. Bundan əlavə, hər yerdə təmizlik, səliqə-sahman olduğu diqqətimizdən yayınmadı. Sterilizasiya qaydalarına riayət olunması baxımından da heç bir nöqsanla qarşılaşmadıq. Qeyd edək ki, sözügedən tibb ocağında müasir tələblərə cavab verən mərkəzi avtoklav fəaliyyət göstərir. Sterilizasiya jurnallarının dəqiqliklə işlənməsi, onlar arasındakı uyğunluq, həmçinin bikslərin markalanması, eləcə də tibbi tullantıların qaydalara uyğun olaraq utilizasiyası bu səhiyyə müəssisəsində işin düzgün qurulmasından xəbər verirdi.
Beləliklə, daha bir araşdırmamızın sonuna gəldik. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasındakı bu gözəl şəraitin, pasiyentlərin və onların yaxınlarının dilindən eşitdiyimiz bu razılıqların daimi olması, eləcə də bu ürəkaçan mənzərənin digər tibb ocaqlarımıza sirayət etməsi arzusu ilə yazımıza nöqtə qoyuruq.
Q.NURİYEV