Valyuta.com

Prezident İlham Əliyev: "Azərbaycan ölkə daxilində və beynəlxalq arenada ümumi bəlaya qarşı mübarizə üzrə operativ tədbirlər görüb"

Prezident İlham Əliyev: "Azərbaycan ölkə daxilində və beynəlxalq arenada ümumi bəlaya qarşı mübarizə üzrə operativ tədbirlər görüb"

MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında iştirak edib.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev MDB Dövlət Başçıları Şurasının iclasının koronavirus səbəbindən videokonfrans formatında keçirildiyini vurğulayıb, ölkəsinin quruma sədrliyi dövründə həyata keçirilən tədbirlərdən danışıb.
Sonra MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev Şuranın iclasının gündəliyi barədə məlumat verib.
İlk çıxış üçün söz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə verilib.
Dövlətimizin başçısı əvvəlcə bu Zirvə görüşünün təşəbbüskarı olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə MDB Dövlət Başçıları Şurasının sədri qismində fəal işinə görə təşəkkür edib.
Başa çatmaqda olan ilin dünyada əsas mövzusunun pandemiyaya qarşı mübarizə olduğunu söyləyən Prezident İlham Əliyev Azərbaycanın həm ölkə daxilində, həm də beynəlxalq arenada bu ümumi bəlaya qarşı operativ tədbirlər gördüyini deyib: “Qısa müddətdə laboratoriyaların sayı praktiki olaraq 8 dəfə artırılıb, 10-dan çox yeni müasir xəstəxana, o cümlədən modul tipli xəstəxana tikilib. Beləliklə, biz COVID xəstələri üçün 10 mindən çox çarpayı təqdim etmişik. Həkimlərin çatışmaması da ümumi problem idi, çünki heç bir səhiyyə sistemində xəstələrin sayının bu qədər olacağı nəzərdə tutulmamışdı. Biz həmkar ölkələrlə operativ danışıqlar apararaq, 5 ölkədən – İtaliya, Çin, Kuba, Rusiya və Türkiyədən həkimləri dəvət etdik. Bu, xəstələrin müalicə olunmasında bizə xeyli dərəcədə kömək etdi. Pandemiyaya qarşı mübarizə, habelə zərərçəkmiş kateqoriyalardan olan vətəndaşlara maliyyə dəstəyi göstərilməsi üçün dövlət büdcəsindən təqribən 2,5 milyard dollar məbləğində vəsait ayrılıb. Maliyyə dəstəyi tədbirləri Azərbaycanın beş milyona yaxın vətəndaşını əhatə edib, bu, bizim əhalinin yarısını təşkil edir. İndi dünyada vaksinləmə prosesinin başlandığı vaxtda biz də bu prosesə qoşuluruq. Ötən aylar ərzində aparıcı vaksin istehsalçıları olan “Sputnik V”, “AstraZeneca”, “Sinofarm”, “Sinovac”, “Moderna”, “Pfizer BioNTech” kimi firmalarla danışıqlar aparılıb. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan ölkələrin vaksinlərə ədalətli istifadə imkanını təmin etmək üzrə Ümumdünya Səhiyyə Təşkilatının iştirakı ilə beynəlxalq “COVAX” təşəbbüsünə ilk qoşulanlardan biri olub.
Yeri gəlmişkən, Azərbaycan Qoşulmama Hərəkatının sədri olan ölkə kimi bu mövzunu daim diqqət mərkəzində saxlayırdı. Biz həmişə bütün beynəlxalq forumlarda deyirdik ki, kifayət qədər maliyyə resurslarına malik olmayan ölkələrin də vaksinlərdən istifadə etmək imkanı inkişaf etmiş ölkələr kimi olsun, bu məsələdə ayrı-seçkilik olmasın. Biz də vaksinləmə strategiyasını hazırlamışıq, bu strategiya çoxplatformalılığı nəzərdə tutur. Hansı texnologiyalardan istifadə ediləcəyindən asılı olmayaraq, bizim üçün əsas meyar həmin vaksinlərin elmi cəhətdən əsaslandırılmış təhlükəsizliyi olacaq. Nəzərdə tutulur ki, vaksinləmə proqramı gələn ilin əvvəlində başlanacaq, vaksinləmə könüllü olacaq və dövlət hesabına həyata keçiriləcək.
Azərbaycan pandemiyaya qarşı mübarizədə geniş beynəlxalq əməkdaşlığın fəal tərəfdarı kimi çıxış edib və edir. Bizim təşəbbüsümüzlə bir neçə beynəlxalq tədbir keçirilib. Onların sırasında bu ilin aprel ayında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının pandemiyaya qarşı mübarizəyə həsr edilmiş Zirvə görüşünü göstərmək olar. Azərbaycan Şuranın sədridir. May ayında bizim təşəbbüsümüzlə Qoşulmama Hərəkatının yenə həmin mövzuya həsr edilmiş Zirvə görüşü keçirilib. Azərbaycan Qoşulmama Hərəkatının sədridir. Mən Qoşulmama Hərəkatının sədri kimi bu mövzunun müzakirə edilməsi üçün hökumət və dövlət başçıları səviyyəsində BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünü irəli sürdüm. Bu təklif 150-dən çox dövlət tərəfindən dəstəkləndi. Beləliklə, dekabrın 3-də və 4-də Azərbaycanın təşəbbüsü ilə 70-dən çox dövlət və hökumət başçısının iştirakı ilə BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyası keçirildi.
Biz bir sıra ölkələrə və beynəlxalq təşkilatlara maliyyə yardımı və humanitar yardım göstərilməsi proqramında da fəal iştirak etmişik. Biz Ümumdünya Səhiyyə Təşkilatının büdcəsinə 10 milyon dollar məbləğində könüllü ianə etmişik. Pandemiyanın birinci günündən etibarən biz bu təşkilatla daim əlaqədə olmuşuq, Azərbaycan 30-dan çox ölkəyə maliyyə yardımı və humanitar yardım göstərib. Beləliklə, üzvlərinin sayına görə BMT-dən sonra ikinci beynəlxalq təsisata – Qoşulmama Hərəkatına başçılıq etməklə Azərbaycan pandemiyaya qarşı qlobal miqyasda mübarizə işinə sanballı töhfə verir”.
Prezident İlham Əliyev bildirib ki, son dövrdə bizim regionda əsas mövzu Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatlar idi. O, nələr baş verməsi və gələcəkdə nə etməyi planlaşdırmağımız barədə informasiyanı həmkarları ilə bölüşüb. Azərbaycan ilə Ermənistan arasında müharibənin dünya kütləvi informasiya vasitələrində kifayət qədər geniş işıqlandırıldığını, lakin təəssüf ki, heç də həmişə obyektiv işıqlandırılmadığını söyləyən dövlət başçısı deyib ki, müharibənin nəticəsində Azərbaycan uzun illər ərzində ölkəmizin xeyli ərazisini, beynəlxalq miqyasda tanınmış ərazilərini işğal altında saxlayan işğalçı ölkə üzərində qələbə qazanıb. Prezident İlham Əliyev münaqişənin tarixi, müharibənin başlanmasını şərtləndirən səbəblər, onun gedişi və nəticələri, Azərbaycanın bu bölgələrində indiki vəziyyət barədə MDB dövlətlərinin başçılarına məlumat verib.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev səmimi sözlərə və sədrliyə verilən yüksək qiymətə görə təşəkkür edib və deyib: “Həqiqətən, Sizin indicə qeyd etdiyiniz kimi, pandemiya ölkələrimiz üçün ciddi sınaq oldu. Bu sahədə sıx əməkdaşlıq etməyin zəruri olması barədə Sizinlə razıyam. ...Biz Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün təmin edilməsinə, mehriban qonşuluğun möhkəmlənməsinə və davamlı inkişafa yönəlmiş bütün səyləri bundan sonra da dəstəkləməyə hazırıq”.
Sonra təşkilata üzv ölkələrin dövlət başçıları çıxış ediblər, qarşılıqlı əməkdaşlıq, gələcək planlar, ümumi çağırışlara qarşı birgə mübarizə barədə fikirlərini bildiriblər.
İclasın sonunda 2021-ci ildə MDB-yə sədrlik Belarusa keçib. Diqqətə çatdırılıb ki, Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının növbəti iclası 2021-ci ilin oktyabrında Minskdə keçiriləcək.шаблоны для dle 11.2





]Dekabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova