Valyuta.com

Türk Şurası ölkələrinin səhiyyə rəhbərlərinin onlayn görüşü keçirildi

Türk Şurası ölkələrinin səhiyyə rəhbərlərinin onlayn görüşü keçirildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş fövqəladə Zirvə görüşündə dövlət başçıları Şuraya üzv ölkələrdə vəziyyəti müzakirə edib, koronavirus pandemiyası ilə mübarizəyə dair Bakı Bəyannaməsini qəbul ediblər. Tədbirdə Azərbaycan Respublikası Prezidenti bu istiqamətdə səylərin birləşdirilməsinin vacibliyini qeyd edərək, sammitdə qəbul olunmuş bəyannamənin müddəalarının icrası üçün üzv ölkələrin səhiyyə nazirləri səviyyəsində eyni formatda görüşün keçirilməsini təklif edib. Məsələyə dair üzv dövlətlərlə aparılan danışıqların nəticəsində videokonfransın keçirilməsi haqqında razılıq əldə olunub və aprelin 28-də bu virtual görüş baş tutub.
Onlayn formatda keçirilən konfransda qurumun sədr dövləti olan Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev, Türk Şurasının Baş katibi Bağdad Amreyev, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klüge, qurumun üzv dövlətləri olan Qazaxıstan Respublikasının Səhiyyə naziri Eljan Birtanov, Qırğızıstan Respublikasının Səhiyyə naziri Sabirjan Abdikarimov, Türkiyə Cümhuriyyətinin Səhiyyə naziri Fahrettin Koca, Özbəkistan Respublikası Səhiyyə naziri Aleşer Şadmanov və müşahidəçi ölkə olan Macarıstanın Dövlət səhiyyə katibi Zoltan Lourens çıxış ediblər.
Azərbaycan Səhiyyə naziri Oqtay Şirəliyev Türk Şurasına sədrlik edən dövlətin nümayəndəsi kimi toplantı iştirakçılarını salamlayıb, bütün dünya üçün, o cümlədən bizim ölkələrimiz üçün, xüsusilə səhiyyə sistemlərimiz üçün bu çətin və mürəkkəb zamanda bu görüşə vaxt tapıb qoşulduqlarına görə onlara təşəkkür edib. Bildirib ki, ümumi köklərimizin, mədəni və tarixi yaxınlığımızın təzahürü olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası xalqlarımızın dostluq və qardaşlıq bağlarına əsaslanır. Mürəkkəb dövrlərdə bu birliyin və əməkdaşlığın dəyəri daha da artır, hər kəs qardaş dəstəyinə daha çox ehtiyac duyur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqımıza “Biz birlikdə güclüyük” çağırışını beynəlxalq aləmə və türk birliyinə şamil edən nazir bildirib ki, dünya birliyinin və türkdilli xalqlar toplumunun etibarlı üzvü olaraq Azərbaycan digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də, xüsusən günümüzün aktual problemi – COVİD-19 pandemiyası ilə mübarizədə də əməkdaşlıq etməyə hazırdır və bunu edir.
Səhiyyə naziri pandemiya şəraitində həmrəyliyin gücləndirilməsi üçün indiyədək atılmış önəmli addımlardan danışıb, ayrı-ayrı türk dövlətləri ilə, Türk Şurasının üzv və müşahidəçi dövlətləri ilə bu sahədə əməkdaşlıq əlaqələrindən söz açıb. O, təxliyə, karantin, müalicə, testləşdirmə kimi tədbirlərdə, müvafiq avadanlığın, test dəstlərinin, qoruyucu vasitələrin və onların istehsalı üçün xammalın əldə olunmasında və s. istiqamətlərdə həyata keçirilən bu əməkdaşlığa görə tərəfdaş qurumlara təşəkkür edib.
COVİD-19-un yeni infeksiya olduğunu qeyd edən Oqtay Şirəliyev bildirib ki, bəşəriyyət bu virusla indi tanış olduğuna görə, onun özünü necə apardığını indi öyrənir: “Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sözləri ilə desək, informasiya bolluğuna baxmayaraq, suallar cavablardan daha çoxdur. Belə şəraitdə təcrübə, bilik, məlumat xüsusi əhəmiyyət daşıyır. Dünya bu virusla mübarizə aparmaq təcrübəsini indi, bu ağır mübarizənin gedişində qazanır. Ona görə təcrübə mübadiləsi bu gün əməkdaşlığın ən vacib istiqamətlərindən biridir”. Bunu nəzərə alaraq, Səhiyyə naziri Azərbaycanın bu sahədə təcrübəsindən danışıb.
Bildirib ki, virusun ölkəyə xaricdən daxil olmasının qarşısını almaq üçün görülən tədbirlər mərhələli şəkildə tətbiq olunub. Buraya ölkəyə gələnlərin yoxlanması, sonrakı mərhələdə sərhədlərin bağlanması, xaricdən təxliyə olunan vətəndaşlarımız üçün karantin tədbirlərinin təşkili, karantin müəssisələrində tibb işçilərinin fəaliyyəti və s. aiddir.
İkinci istiqamət – ölkə daxilində yoluxmaların qarşısının alınması üçün görülən tədbirlər də tədricən, vəziyyətdən asılı olaraq həyata keçirilib. Xüsusi rejimin tətbiq olunması, geniş miqyaslı dezinfeksiya işlərinin təşkili, təhsil, əmək və digər müəssisələrin distant rejimə keçməsi, risk qrupunda olan yaşlı insanlar üçün sosial xidmətlərin təşkili və s. bu qəbildəndir.
Üçüncü istiqamət – yoluxmuş şəxslərin aşkar edilməsi üçün ilk mərhələdən ölkəyə testlər, test dəstləri gətirilib, konkret olaraq məhz bu virusun təyini üçün laboratoriyalar ayrılıb, yeni laboratoriyalar təşkil olunub. Hazırda ölkədə COVİD-19 üzrə 18 laboratoriya fəaliyyət göstərir, onların 5-i yeni yaradılıb. İndiyədək yüz minə yaxın müayinə aparılıb.
Nazir Oqtay Şirəliyev qeyd edib ki, dördüncü istiqamət, yəni xəstələnmiş şəxslərin müalicəsinin təşkili məqsədilə Bakıda və bölgələrdə xüsusi tibb müəssisələri ayrılıb. Son 16 il ərzində Azərbaycanda səhiyyənin maddi-texniki bazasının gücləndirilməsi, həkimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün görülmüş əsaslı işlərdən danışan natiq bildirib ki, hazırda koronavirus xəstələri 20-dən artıq müasir, zəruri avadanlıqlarla təchiz olunmuş dövlət xəstəxanasında müalicə olunurlar. Bundan başqa, qısa müddət ərzində 6-sı dövlət, 4-ü isə özəl sahibkarlar tərəfindən tikilməklə, hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi də nəzərdə tutulur.
Müalicə üçün kadr potensialının əhəmiyyətini vurğulayan nazir əminliklə bildirib ki, bu gün Azərbaycan səhiyyəsinin yüksək ixtisaslı kadr potensialı var. Bütün ölkənin müvafiq ixtisaslı həkim kadrları bu işə səfərbər olunub. COVİD-19 üzrə müalicə və karantin müəssisələrinin, təcili tibbi yardım və ilkin səhiyyə xidmətlərinin personalı üçün koronavirus və təhlükəsizlik üzrə təlimlər, o cümlədən distant təlimlər keçilir.
Səhiyyə naziri hər kəsin öz davranışını epidemiya ilə mübarizənin tələblərinə uyğunlaşdırmasının, bu məqsədlə maarifləndirmə işlərinin vacibliyini qeyd edib.
Pandemiyaya qarşı mübarizənin ilk günlərindən Azərbaycanın ÜST ilə səmərəli əməkdaşlıq etdiyini deyən Oqtay Şirəliyev fəaliyyətin bu qurumun tövsiyələrinə uyğun qurulduğunu söyləyib. ÜST mütəxəssislərindən ibarət heyətin ölkəmizdə görülmüş işlərə müsbət qiymət verdiyini, ÜST Baş direktoru Tedros Adhanom Gebreyesus tərəfindən Prezident İlham Əliyevə ünvanlanmış məktubda da ölkəmizdə pandemiyaya qarşı görülmüş tədbirlərin təqdir olunduğunu, bu tədbirlərə görə Azərbaycanın nümunəvi ölkə kimi dəyərləndirildiyini vurğulayıb.
“Biz haqqında danışdığım bu təcrübəmizlə bütün türk dünyası üçün açığıq, əməkdaşlığa, təcrübəmizi bölüşməyə və imkanımızda olan hər cür köməkliyi göstərməyə hazırıq”, - deyən Səhiyyə naziri Türk Şurası dövlətlərinin səhiyyə sahəsində əməkdaşlığı üçün geniş imkanların olduğunu bildirib: “Pandemiya şəraitində səhiyyə xidmətinin və qabaqlayıcı tədbirlərin təşkili təcrübəsini bölüşmək, xəstəliyin müalicəsi zamanı müsbət dinamikaya gətirən üsullar haqqında məlumatları paylaşmaq, yoluxucu xəstəliklərlə mübarizə üzrə ekspert yardımı göstərmək, təlimlər keçmək kimi istiqamətlərdə bir-birimizə faydalı ola bilərik. Həmçinin bu gün sərhədlərin bağlandığı şəraitdə ölkələrimizin ərazisində Şuranın digər ölkələrinin vətəndaşları qalıb. Onlara dəstək, karantin xidmətləri, lazım gəldikdə tibbi yardım da göstərmək lazımdır”.
Çıxışının sonunda Azərbaycanın Səhiyyə naziri əminliyini bildirib ki, ölkələrimiz və xalqlarımız bu ağır vəziyyətin öhdəsindən layiqincə gələcək, pandemiyaya qarşı bu mübarizədən qalib çıxacaq.
Müzakirələr zamanı hər bir nümayəndə öz ölkəsində COVID-19 pandemiyası üzrə sanitar-epidemioloji vəziyyət, səhiyyə infrastrukturu, diaqnostika və müalicə, karantin tədbirləri və digər məsələlər ətrafında çıxış edib.
Onlayn iclasa yekun olaraq, Türk Şurasının Sammitində qəbul edilən bəyannamənin müddəalarının yerinə yetirilməsinə dair aşağıdakı qərarlar qəbul edilib:
1. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində səhiyyə sahəsində əməkdaşlıq qurulsun və tərəflərin ekspertlərindən ibarət Birgə İşçi Qrup yaradılsın;
2. COVID-19 pandemiyası və digər təhlükəli infeksiyalara qarşı mübarizədə profilaktika, diaqnostika, müalicə, epidemioloji nəzarət, elmi araşdırmalar sahəsində məlumat və təcrübə mübadiləsi genişləndirilsin;
3. COVID-19 və digər təhlükəli infeksiyalar üzrə əməkdaşlıq və koordinasiyanın genişləndirilməsi məqsədilə üzv/müşahidəçi dövlətlərin aidiyyəti nazirliklərinin ekspertlərindən ibarət Xüsusi Əməkdaşlıq Mexanizmi yaradılsın və onun fəaliyyəti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyi vasitəsilə tənzimlənsin;
4. Pandemiyalar zamanı xəstəxanaların idarəedilməsi, laborator diaqnostika və həyati dəstək əhəmiyyətli tibbi avadanlıqlarla bağlı ehtiyacların qiymətləndirilməsi, eləcə də ixtisaslı tibb mütəxəssislərindən ibarət qrupların yaradılmasına dair əməkdaşlıq və təcrübə mübadiləsi aparılsın;
5. Təhlükəli infeksiyaların müalicə və profilaktikasında yeni metodların, o cümlədən, müvafiq vaksin, farmakoloji məhsulların və müalicə sxemlərinin hazırlanması sahəsində birgə əməkdaşlıq inkişaf etdirilsin;
6. COVID-19 və digər təhlükəli infeksiyalar üzrə tibb mütəxəssisləri üçün bilik və bacarıqların inkişafı proqramlarının tətbiqi, eləcə də onlayn-təlimlər təşkil edilsin.
Sonda görüşün iştirakçıları COVID-19 ilə mübarizə üçün birgə tədbirlərin hazırlanması və əlaqələndirilməsi məqsədilə gələcəkdə də belə görüşlər keçirməyə hazır olduqlarını bildiriblər.
Həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin səhiyyə sahələrinin rəhbərləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşünün təşkili və bu ölkələrin Səhiyyə nazirləri səviyyəsində görüş keçirmək təşəbbüsü ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz səmimi minnətdarlıqlarını xüsusi qeyd ediblər.шаблоны для dle 11.2





]Avqust

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova