Valyuta.com

Prezident İlham Əliyev: “Mənim seçimim birmənalıdır – insanların sağlamlığı”

Prezident İlham Əliyev: “Mənim seçimim birmənalıdır – insanların sağlamlığı”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib.
Toplantıda giriş nitqi söyləyən dövlət başçısı 2020-ci ilin uğurla başladığını deyib. Mart ayında koronavirusla bağlı müəyyən qədər tənəzzül olsa da, ilin 3 ayında bütövlükdə yenə də inkişaf, tərəqqi müşahidə olunub.
Koronavirusun böyük bəla olduğunu, 100 mindən çox insanın həyatına son qoyduğunu söyləyən Prezident İlham Əliyev dünyanın bütün ölkələrində bununla bağlı problemlər yaşandığını qeyd edib. Bildirib ki, qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində vəziyyət nəzarət altında saxlanır: “Əgər bu addımlar vaxtında atılmasaydı və biz düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejimi mərhələli yollarla sərtləşdirməsəydik, bu gün xəstələrin sayı min yox, bəlkə də 10 min, bəlkə də 20 min ola bilərdi. Ən inkişaf etmiş ölkələrin təcrübəsi onu göstərir ki, heç bir ölkə özünü tam sığortalı hesab edə bilməz. Heç bir ölkənin səhiyyə sistemi bu xəstələrin artan dinamikasının qarşısında duruş gətirə bilməz. ... Bizim bütün addımlarımız ölçülüb-biçilmiş addımlardır və təsadüfi deyil ki, bir neçə ölkə bizim təcrübəmizdən yararlanıb oxşar addımlar atır”.
Dövlət başçısı vurğulayıb ki, bundan sonrakı addımlar da elə atılmalıdır ki, insanların sağlamlığı və həyatı qorunsun. Qeyd edib ki, koronavirus pandemiyasının nə vaxt qurtaracağı ilə bağlı proqnoz vermək mümkün deyil. Buna görə pandemiyanın artıq təhlükə törətmədiyinə tam əminlik yaranana qədər həm ölkə daxilində vəziyyət tam nəzarətdə saxlanmalı, geniş monitorinq aparılmalı, həm də dünyada gedən proseslər müşahidə edilməlidir. Ancaq ondan sonra müəyyən dərəcədə yumşalma addımlarının atılması mümkündür: “Hələ demək tezdir, amma son günlərin rəqəmləri ümidvericidir. Ümid etmək istəyirəm ki, xəstələrin sayı ilə bağlı müsbət dinamika bundan sonra da davam edəcək”.
Prezident İlham Əliyev ölkədə gedən iqtisadi və siyasi proseslərdən, iqtidar-müxalifət münasibətlərindən, Dağlıq Qarabağ münaqişəsindən, diplomatiyamızın beynəlxalq qurumlarda qazandığı uğurlardan söz açıb. Vurğulayıb ki, ilin sonuna qədər sosial sahədə heç bir proqram ixtisar edilməyəcək. Əksinə, koronavirusla bağlı ümumi dəstək paketi 2,5 milyard manat nəzərdə tutulur, ancaq bundan artıq olacaq. Təkcə lazımi avadanlıqların, ləvazimatların alınması üçün bu yaxınlarda Prezidentin ehtiyat fondundan 97 milyon manat ayrıldı. Bundan sonra da ilin sonunadək nə qədər lazımdırsa, ayrılacaq.
Ölkə rəhbəri bildirib ki, onun Sərəncamı ilə sosial, iqtisadi, maliyyə, makroiqtisadi vəziyyəti sabit saxlamaq üçün dörd işçi qrup yaradılıb. Müşavirədə bu qrupların rəhbərləri görülmüş işlərlə bağlı çıxış ediblər.
Maliyyə naziri Samir Şərifov çıxışında qeyd edib ki, ötən il ölkəmizin sosial-iqtisadi inkişafında əldə edilən nəticələr, aşağı inflyasiya və sabit milli valyuta şəraitində iqtisadi artımın sürətlənməsi və gəlirlərimizin artması cari ildə də bu müsbət meyillərin davam etməsi üçün əsaslı gözləntiləri formalaşdırıb. Bu gözləntilər bu ilin yanvar-fevral aylarında özünü tam doğruldub. Lakin COVID-19 pandemiyası və neftin qiymətinin düşməsi vəziyyətə kəskin təsir edib: “Bu qeyri-standart xarici mənşəli şoklar şəraitində Azərbaycan Respublikasının Prezidentinin bir çox dövlətlərə örnək olmuş erkən və qətiyyətli qərarları xəstəliyin ölkəmizdə yayılma sürətinin azaldılmasına, səhiyyə sistemimizin xəstəliklə mübarizə imkanlarının artırılmasına, bununla da insan həyatının qorunmasına yönəldilib. Qərarların həyata keçirilməsi üçün zəruri kadr, inzibati və maliyyə resursları səfərbər olunub. Dövlət başçısının tapşırığına müvafiq olaraq, xərclərin prioritetliyi yenidən qiymətləndirilib, mövcud büdcə qanunvericiliyi çərçivəsində ilkin olaraq bir sıra xərclərin ixtisarı və təyinatının dəyişdirilməsi, həmçinin Prezidentin ehtiyat fondu və digər ehtiyat mənbələri hesabına dövlət büdcəsindən koronavirusla mübarizə və iqtisadiyyata mənfi təsirlərin azaldılması tədbirlərinin maliyyələşdirilməsi üçün 1 milyard 350 milyon manat məbləğində vəsait ayrılıb. Bu vəsaitin 350 milyon manatlıq hissəsi bir sıra zəruri tibbi ləvazimatların və avadanlıqların təxirəsalınmadan alınması, dövlət və özəl tibb müəssisələrində çalışan tibb işçilərinə, cəlb olunmuş könüllülərə xüsusi əlavə və müavinətlərin ödənilməsi, ölkədə dezinfeksiya işlərinin genişləndirilməsi və digər tibbi ehtiyacların maliyyələşdirilməsinə yönəldilir”.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov makroiqtisadi vəziyyətlə, bank sektorunda görülmüş və görüləcək işlərlə bağlı məruzə edib.
Prezident İlham Əliyev onun çıxışının müddəaları ilə bağlı qeyd edib ki, əsas məqsədimiz koronavirusla apardığımız mübarizədə qalib gəlmək, bu vəziyyətdən az itkilərlə çıxmaq, iqtisadiyyata az ziyan vurmaqdır: “Biz açıq-aydın başa düşürük ki, bu məhdudlaşdırıcı tədbirlər iqtisadiyyata ziyandır. Burada biz iki amil arasında seçim etməliyik – iqtisadi fəallıq, insanların sağlamlığı. Mənim seçimim birmənalıdır – insanların sağlamlığı. Ona görə bu məhdudlaşdırıcı addımlar atıldı. Biz, əlbəttə, bəri başdan bilirdik ki, bu, …iqtisadi sahədə müəyyən narahatlığa gətirib çıxara bilər. Biz bunu şüurlu şəkildə etdik ki, insanlarımızı, onların həyatını qoruyaq. Çünki bundan daha qiymətli heç nə yoxdur”.
İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında deyib ki, 2020-ci ilin ilk rübündə, yanvar-fevralda müşahidə edilən sağlam artım birinci rübün ümumilikdə müsbət fonda yekunlaşmasını şərtləndirib. Mart ayında isə pandemiya dünya enerji bazarlarında artım tempinə mənfi təsir edib və mütləq göstəricilərin enməsinə səbəb olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev sosial ödənişlər, məşğulluq, ölkə üzrə yaşayış minimumu olan 190 manat məbləğində birdəfəlik ödəmələr, işsizlikdən sığorta, özünüməşğulluq, ünvanlı sosial yardım, xüsusi həssas təbəqənin qorunması məsələləri və s. barədə məlumat verib.
Kənd Təsərrüfatı naziri İnam Kərimov xüsusi karantin rejimi dövründə aqrar sahənin inkişafı istiqamətində həyata keçirilmiş tədbirlərdən danışıb.
Prezident İlham Əliyev müşavirədə yekun çıxışında kənd təsərrüfatının müasir standartlara cavab verməsi, bu sahədə mikrokreditlərin verilməsi, quraqlıqla, iqlim dəyişikliyi ilə bağlı genişmiqyaslı layihələr kimi məsələlərə toxunub. Bildirib ki, koronavirus bizim iqtisadi və sosial planlarımıza müəyyən təsir etsə də, bizi əsas yolumuzdan döndərə bilməz: “Əlbəttə ki, indi bizim bütün səylərimiz koronavirusla mübarizəyə yönəldilib. Bu da təbiidir. Məhz bu məqsədlə mənim Sərəncamımla Baş Nazirin rəhbərliyi altında Operativ Qərargah yaradılıb. Qərargah çox səmərəli işləyir, 24 saat çalışır. Demək olar ki, mən də 24 saat əlaqədəyəm. Gün ərzində bəlkə də 5-6 dəfə zəngləşirik, danışırıq. Deyə bilərəm ki, əgər vaxtında bu addımlar atılmasaydı, əgər çox ciddi koordinasiya aparılmasaydı, bu gün biz daha da böyük problemlərlə üzləşə bilərdik. Biz özümüzü bu günə qədər çox böyük problemlərdən qoruya bildik. Son iki günün dinamikası, yəni xəstələrin və sağalanların sayı arasındakı dinamika müəyyən nikbinliyə yol açır. Amma mən vaxtı qabaqlamaq istəmirəm, hələ təhlil aparılır. Bildiyiniz kimi, karantin rejimi ayın 20-nə qədər qüvvədədir. Növbəti həftə ərzində həm Operativ Qərargah, həm bütün digər aidiyyəti qurumlar öz təkliflərini verməlidirlər ki, ayın 20-dən sonra biz hansı addımları atmalıyıq, karantin rejimi qüvvədə qalacaq, ya yox, qalacaqsa, hansı formada qalacaq, biz yumşalmaya nə vaxtdan başlaya bilərik. Biz bütün bunları gərək dəqiq bilək. Bir daha demək istəyirəm ki, əsas məsələ xalqımızı bu xəstəlikdən qorumaqdır. İqtisadiyyat bərpa olunar. Biz indi fəal işləyirik və işləyəcəyik ki, bu vəziyyətdən minimum itkilərlə çıxaq.
Koronavirusla bağlı addımlar ardıcıllıqla atılır. Bizdə indi 20-dən çox xəstəxanada xəstələr müalicə alır. Eyni zamanda, 4-5 ulduzlu otellərdə, o cümlədən Atletlər kəndində karantində olan vətəndaşlar yerləşdirilib. Biz artıq 70 mindən çox test keçirmişik və keçirilən testlərin sayına görə dünya miqyasında 30-cu yerlərdəyik. Həkimlərə diqqət göstərilir, onların maaşları 3, 4, 5 dəfə artırılıbdır. Biz maska istehsalına başlamışıq və bir müəssisə artıq fəaliyyətə başlayıb. Mənə verilən məlumata görə, digər müəssisə də fəaliyyətə başlayır. Bu da çox müsbət haldır. Əlavə 10 modul tipli xəstəxananın tikintisi artıq başlamışdır. Onlardan altısı dövlət, dördü isə özəl sektor tərəfindən inşa ediləcək. Bizim ən müasir xəstəxanamız – “Yeni klinika” keçən ayın sonunda istifadəyə verildi. Bu 575 çarpayılıq ən müasir klinikamız koronavirus xəstələrinin sərəncamına verildi. Mən klinikanın açılışında qeyd etmişdim ki, biz bu xəstəliyə görə bu klinikanı vaxtından bir qədər əvvəl istifadəyə verdik və o tədricən fəaliyyətə başlayır. Son məlumata görə, artıq bu klinikada 100 koronavirus xəstəsi müalicə alır. Deməli, orada çarpayıların istifadəyə verilməsi prosesi davam edir və bütün imkanlar maksimum səfərbər olunubdur.
Bizim bu sahədə görülən işlərə ən gözəl qiyməti Azərbaycan xalqı verir. Bir daha demək istəyirəm ki, mən minlərlə elektron məktub alıram. Bu məktublarda görülən işlərə görə minnətdarlıq ifadə olunur. Ümumdünya Səhiyyə Təşkilatı bizim gördüyümüz işlərə yüksək qiymət verərək Azərbaycanı koronavirusla mübarizə sahəsində nümunəvi ölkə adlandırıbdır.
Bütün bunlar deməyə əsas verir ki, biz bu bəlanı da dəf edəcəyik, bu mübarizədə qalib gələcəyik. Biz xalq olaraq artıq birlik, həmrəylik nümayiş etdirmişik, indi daha çox məsuliyyət və nizam-intizam nümayiş etdirməliyik. Belə olan halda biz bu ağır vəziyyətdən az itkilərlə və şərəflə çıxacağıq.
Azərbaycan xalqına cansağlığı və xoşbəxtlik arzulayıram”.шаблоны для dle 11.2





]Avqust

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova