Valyuta.com

Prezident İlham Əliyev: “Həkimlərin fədakarlığı qürur hissi yaradır”

Prezident İlham Əliyev: “Həkimlərin fədakarlığı qürur hissi yaradır”

“Bütün Azərbaycan xalqı bir daha gördü ki, bizim həkimlərimiz öz həyatlarını, öz sağlamlıqlarını risk altına ataraq xəstələrin yanındadırlar, gecə-gündüz, fasiləsiz xəstələrə qulluq edirlər”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun ərazisində Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılış mərasimində iştirak edib.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev görülən işlər barədə dövlət başçısına məlumat verib.
Sonra Prezident İlham Əliyev magistral qaz kəmərinin açılışını edib və Sumqayıt şəhər ictimaiyyətinin bir qrup nümayəndəsi ilə görüşüb.
Dövlət başçısı görüşdə çıxış edərək, Sumqayıt şəhərinin dayanıqlı qaz təchizatı üçün yeni alternativ qaz xəttinin çəkilişinin əhəmiyyətini vurğulayıb, şəhərin inkişafından danışıb, onun ekoloji vəziyyətində müsbət dəyişiklikləri qeyd edib.
Prezident İlham Əliyev deyib: “Azərbaycan sosial dövlətdir və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Bu gün koronavirus dövründə bizim əsas amalımız Azərbaycan xalqını bu bəladan qorumaqdır. Bizim qəbul etdiyimiz qərarlar, atdığımız addımlar həm ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilir, - mənə minlərlə təşəkkür məktubları gəlir, - həm də beynəlxalq təşkilatlar Azərbaycanı bu sahədə nümunəvi ölkə kimi göstərir. Ümumdünya Səhiyyə Təşkilatı bizim gördüyümüz işləri təqdir edir və açıq bəyan edir ki, Azərbaycan nümunəvi ölkədir. Biz dünya miqyasında birinci ölkə olmuşuq ki, koronavirusla mübarizə ilə əlaqədar tərəfdaş ölkələrlə Zirvə görüşü keçirdik. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans şəklində Zirvə görüşü bizim təşəbbüsümüzlə keçirilmişdir. Koronavirusla mübarizədə Azərbaycan xalqı bir daha gördü ki, sözümüzlə əməlimiz arasında fərq yoxdur. Vətəndaşların sağlamlığı, onların həyatı birinci dərəcəli məsələdir”.
Dövlət başçısı Sumqayıt şəhərinin bundan sonra da birgə səylərlə inkişaf etdiriləcəyinə, daha gözəl şərait yaradılacağına əminliyini ifadə edib.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt şəhər filialının sədri Tərlan Hacızadə ulu öndər Heydər Əliyevin bu şəhərə xüsusi yanaşmasını xatırladıb. O, Sumqayıta göstərdiyi xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə şəhər sakinləri adından minnətdarlığını bildirib.
Sumqayıt şəhər 1 nömrəli doğum evinin baş həkimi Təranə Rəcəbli dövlət başçısını salamlayıb və deyib ki, onun siyasətinin mərkəzində xalqımızın rifahı, sağlamlığı və əminliyi durur: “Biz bunun illərdir şahidiyik. Son aylarda dünyada tüğyan edən COVID-19 qlobal pandemiyası, əlbəttə ki, Azərbaycandan da yan keçmədi. Bu dövrdə Sizin atdığınız addımlar, verdiyiniz qərarlar bizə bir xalq kimi bu dövrü çox sabit və rahat keçirtməyə imkan verdi. Bu dövrdə bizim xalqımız az itkilər verib. Buna görə mən Sizə bir vətəndaş kimi, bir ana kimi, bir həkim kimi təşəkkür edirəm”.
Baş həkim bəzi ölkələrin artıq bizim bu dövrdəki təcrübəmizdən faydalandığını söyləyib: “Ümumdünya Səhiyyə Təşkilatının, beynəlxalq təşkilatların Sizə təşəkkür etməsi bir vətəndaş kimi məndə böyük fərəh hissi yaradır. Bu dövrdə Sizin məhz iqtisadi sabitliyi deyil, əhalinin sağlamlığını üstün tutmağınız çox təqdirəlayiqdir”. T.Rəcəbli fürsətdən istifadə edərək, Sumqayıtın 70 illik yubileyi ərəfəsində ona “Əməkdar həkim” fəxri adı verdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib, etimadı doğruldacağını deyib: “Sizin rəhbərliyinizlə ölkəmiz, dövlətimiz daha böyük inkişaf yolu keçəcək. Bu pandemiya dövründə Sizin verdiyiniz qərarlarla qısa müddətdə laboratoriyaların açılması, modul tipli xəstəxanaların tikilməsi və yüksək standartlara uyğun “Yeni klinika”nın açılıb COVID-19 xəstələrinin müalicəsi üçün ayrılması bu infeksiya ilə mübarizəni gücləndirdi. Bu dövrdə Sizin və Mehriban xanımın həkimlərin yanında olmağınız, bizim sosial rifahımız üçün verdiyiniz qərarlar, nəinki bizim, bütün sakinlərin, aztəminatlı ailələrin, yaşlı nəslin yanında olmağınız bizi bir daha inandırır ki, xalq-hakimiyyət birliyi güclüdür və bu birlik bizi daha gözəl, işıqlı sabahlara çıxaracaq”.
Prezident İlham Əliyev səmimi sözlərə görə təşəkkür edib: “Xahiş edirəm, mənim salamlarımı Sumqayıt həkimlərinə çatdırasınız. Mən artıq dəfələrlə demişəm ki, həkimlərin fədakarlığı qürur hissi yaradır. Bütün Azərbaycan xalqı bir daha gördü ki, bizim həkimlərimiz öz həyatlarını, öz sağlamlıqlarını risk altına ataraq xəstələrin yanındadırlar, gecə-gündüz, fasiləsiz xəstələrə qulluq edirlər. Mən demişəm, o geyimdə hətta hərəkət etmək belə çətindir. Onlar isə ayaqüstə, gecə-gündüz xəstələrin yanındadırlar. Xəstələrin sağalmasında həkimlərin çox böyük rolu var. Əlbəttə ki, görülmüş bütün tədbirlər və, sizin də qeyd etdiyiniz kimi, müasir klinikaların koronavirus xəstələrinin sərəncamına verilməsi, təşkilati işlərin düzgün qurulması və qabaqlayıcı tədbirlər bizi, demək olar, bu böyük bəladan qorudu. Düzdür, itkilər də var, ancaq itkilər daha da çox ola bilərdi. Ona görə bütün qabaqlayıcı tədbirlərin görülməsi, indi həyat göstərir ki, düzgün addım idi.
Əlbəttə, mən həkimlərin fəaliyyətini bir daha qeyd etmək istəyirəm. Bildiyiniz kimi, artıq bir neçə şüar da əhali arasında çox təqdir edilir: “Biz birlikdə güclüyük!” və “Azərbaycan həkimlərinə eşq olsun!”. Biz ölkəmizin müasir rəmzlərindən biri olan “Alov qüllələri”ndə də bütün həkimlərimizi alqışlamışıq. Bir məsələyə də toxunmaq istəyirəm. Bəzi hallarda Azərbaycan səhiyyə sisteminə müəyyən tənqidi yanaşmalar da müşahidə olunurdu. Hətta deyirdilər ki, xəstələr xaricə üz tutur, xaricdə müalicə almaq istəyirlər. İndi bir çox ölkələrdə imkanlı adamlar istəyirlər dünyanın ən inkişaf etmiş ölkələrinin xəstəxanalarına müraciət etsinlər. Ancaq bu gün nəyi görürük? Onu görürük ki, səhiyyə xidməti, tibb xidməti baxımından biz heç kimdən geri deyilik. Bu gün inkişaf etmiş ölkələrin səhiyyə sistemləri böhran içindədir, xəstələrə qulluq edə bilmirlər. COVID-19 xəstəliyinə düçar olmuş, amma vəziyyəti ağır olmayan insanlara nəinki tövsiyə edilir, göstəriş verilir ki, evdə otur. Onları xəstəxanalara götürmürlər, ən inkişaf etmiş ölkələrin xəstəxanalarında xəstələri dəhlizlərdə yerə uzadırlar. Ən inkişaf etmiş ölkələrdə artıq neçə gündür ki, yüzlərlə insan vəfat edir, yüzlərlə. Özü də elə ölkələr var ki, o ölkələrin əhalisi Azərbaycanın əhalisi ilə təxminən eynidir. Yüzlərlə - 200, 300, 400 insanın vəfat etməsi onu göstərir ki, o ölkələrin səhiyyə sistemi buna hazır deyil, bu yükü götürə bilmədi və faktiki olaraq çökdü.
Bu gün koronavirusla bağlı əsas problem odur ki, xəstəliyin geniş yayılması o ölkələrin mövcud olan səhiyyə potensialından daha geniş həcmlidir. Ona görə bizim əsas vəzifəmiz ondan ibarət idi ki, xəstəliyin geniş yayılmasına imkan verməyək. Biz bilirdik ki, bu xəstəlik bizə xaricdən gəlib. Artıq daxildə yoluxma prosesi başlayanda bilirdik ki, bu yoluxma prosesinin qabağını almaq tam mümkün olmayacaq. Amma məhdudlaşdırmaq, xəstələnmə zəncirini qırmaq, vaxt udmaq, bu vaxtdan istifadə edərək bütün bizim tibb sahəsini təşkilatlandırmaq, maska, dezinfeksiya vasitələri müəssisələrini işə salmaq üçün bizə vaxt lazım idi. Eyni zamanda, mənim göstərişimlə bizim ən qabaqcıl xəstəxanalarda koronavirus xəstələri yerləşdirildi, o cümlədən “Yeni klinika”da, Azərbaycan Tibb Universitetinin iki klinikasında. Və bu gün xəstələr 20-dən çox klinikada müalicə alırlar. Artıq bir həftədir ki, biz müsbət dinamikanı görürük. Nədədir bu dinamika? Yəni yoluxanların sayı sağalanların sayından azdır. Əsas budur. Artıq bu məhdudlaşdırıcı tədbirlərin nəticəsini biz görürük”.
Dövlət başçısı təqdim olunan geniş sosial paketdən danışıb. Qeyd edib ki, mütəxəssislərin rəyi ilə məhdudlaşdırıcı tədbirlər müəyyən dərəcədə yumşaldılacaq: “Ancaq yenə də daim monitorinq aparılacaq. Əgər bu yumşalmadan sonra görsək ki, vəziyyət mənfi istiqamətə gedir, məcbur olub yenə də sərtləşdirəcəyik. Ona görə ki, əsas məsələ vətəndaşların sağlamlığıdır, onların həyatıdır”.
Çıxışının sonunda Prezident İlham Əliyev bir daha tibb işçilərinə yüksək dəyər verib: “Bu vəziyyətdə insanların sağlamlığını qoruyan həkimlər və karantin rejiminə nəzarət edən polis işçiləri ən yüksək qiymətə layiqdirlər. Mən heç şübhə etmirəm ki, biz bu vəziyyətdən az itkilərlə çıxacağıq, İnşallah! Sağ olun”.шаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova