Valyuta.com

Dünyanı dərk etməyin sevinci

Dünyanı dərk etməyin sevinci

Bir müddət öncə “Tibb qəzeti”nin redaksiyasında Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində 50 ildən artıq elmi-pedaqoji fəaliyyəti ilə böyük uğurlar qazanaraq elm və təhsilimizin qızıl fonduna daxil olmuş görkəmli bir ziyalı ilə görüşdük. Qonağımız 130 elmi əsərin, dövlət qeydiyyatından keçmiş iki kəşfin, patentləşdirdiyi ondan çox ixtiranın, 15 yeni modelin, 17 kitabın, 3 monoqrafiyanın müəllifi, ABŞ-da keçirilən “Dünyanın 500 elmi lideri” nominasiyasının qalibi ordeni ilə, “Dünyanın intellektual lideri” qızıl medalı və Beynəlxalq Ekoenergetika Akademiyasının xüsusi qızıl medalı ilə təltif olunan, adı “Dünyanın intellektual liderləri” kitabına daxil edilən, həmçinin “Amerikanın qüdrəti” ordeninin təsisçi üzvü seçilən işıqlı şəxsiyyətdir. Uzun illər televiziyada efirə getmiş “Elm və həyat” proqramının aparıcısı kimi tanınan alim, Nobel Mükafatı Komitəsinin eksperti, milli ensiklopediyamızın elmi məsləhətçisi Telman Əliyev.
Ukrayna İnşaat Akademiyasının, Beynəlxalq Ekoenergetika Akademiyasının, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının akademiki T.Əliyevlə onun elmi kəşflərinin mahiyyəti, elmi-pedaqoji sahədə fəaliyyəti və s. barədə söhbət etdik.


- Telman müəllim, sizin iki kəşfiniz Nobel mükafatına təqdim edilib. Onlardan biri insanın ölümündən öncə gümrahlaşması ilə bağlıdır. Ümumiyyətlə, ölümqabağı insanların gözəlləşməsi, üzünə nur gəlməsi, bəzən daha gümrah və sağlam görünməsi barədə tez-tez eşidirik. Ancaq elmi izahını bilmədən bu fikirlərin həqiqətə uyğun olduğunu demək bir qədər çətindir. Bütün qüvvələri tükənməkdə olan, hətta iştahasını da itirmiş adam ölümqabağı bu qədər enerjini haradan alır?
- “Təbiətin qadağan qanunları və ölümqabağı gümrahlaşmanın sirri” adlanan kəşfim 2003-cü ildə Müəllif Hüquqları Agentliyində dövlət qeydiyyatından keçib və “Canlılarda müxtəliflik (diversifikasiya) hadisəsi və onun sirrinin açılması” adlanan digər kəşfimlə bir yerdə 2010-cu ildə Nobel mükafatına təqdim olunub.
Kəşfin mahiyyətinə gəlincə isə qeyd edim ki, ölümqabağı gümrahlaşmanın sirrini açdığım xüsusi konsepsiyaya əsasən, hesab edirəm ki, insanın malik olduğu enerji 3 hissəyə bölünür. Bunlardan birincisi orqanizmin böyüməsinə sərf edilən enerjidir. Tibb elminə məlumdur ki, insan beyninin dərinliklərində somatotropik hormon ifraz edən hipofiz vəzisi var. Bu hormon insan bədəninin böyüməsinə sərf olunan enerjini yaradır. Bu enerjini başqa fəaliyyətə yönəltmək mümkün deyil, çünki təbiətin qoyduğu qadağanı ancaq təbiət götürə bilər. Böyüməyə xidmət edən orqan 25 yaşa qədər öz funksiyasını yerinə yetirir və bundan sonra orqanizm böyümə enerjisi yaratmağı dayandırır.
İkinci növ enerji orqanizmin yaşamasına sərf edilən enerjidir. İnsan beynində bu enerjinin yaranması və sərf edilməsini də tənzimləyən qadağanedici mərkəz var. Bu iki növ enerjini orqanizm bizim iradəmizdən asılı olmayaraq sərf edir.
Azad, sərbəst enerji adlandırdığım üçüncü növ enerjini isə insan istənilən istiqamətə yönəldə, zərurət olduqda, tam sərf edə bilər. Məhz onun hesabına hərəkət edirik, danışırıq və s.
Bu 3 növ enerji bütün canlılarda var və onların tənzimlənmə mexanizmi eynidir. İnsanı digər canlılardan fərqləndirən şüur bu nizamlamada heç bir rol oynamır.
Ölüm qabağı insanda təbiətin qadağan qanunlarından biri olan ehtiyat bioenerjinin saxlanması qanunu üzərindən qadağan hökmü götürülür. Müdrik təbiət üzərinə qadağa qoyduğu ehtiyat enerjini ölüm ayağında saxlamağa ehtiyac duymur. Beləliklə, saxlanc enerji bütün gücü tükənmiş insana verilir.
- Ehtiyat enerjinin sərf olunması, insanın ölümqabağı gümrahlaşması təxminən nə qədər davam edə bilər?
- Təəssüf ki, bu, çox qısa müddət baş verir – təxminən 1-2 gün.
- Bütün ölüm hadisələrində bu cür gümrahlaşmanı müşahidə etmək mümkündürmü?
- Bəlkə də, ani qəza kimi təsadüfi ölümlərdə də belə hallar olur. Ancaq onu müşahidə etmək mümkün deyil.
Öz əcəli ilə ölən, istər yataq xəstəsi, istərsə də ayaqüstü xəstəlik keçirən adamlarda isə ölümqabağı canlanma, dirçəliş, gümrahlaşma o qədər aydın və davamlı olur ki, çox vaxt xəstənin dostları, qohumları bir-birlərinə ümidverici sözlər deyir, gözaydınlığı verirlər. Ölüm ərəfəsində baş verən bu gümrahlaşma, bəzi müşahidələrə görə, ölümdən bir neçə saat əvvəl də üzə çıxa bilər.
Hətta elə hallar olub ki, “kar” ləqəbi qazanmış adamın normal eşitmə qabiliyyəti ölüm qabağı bərpa olunub, kor adam görməyə başlayıb. Məsələn, dahi bəstəkar İohan Sebastyan Bax ömrünün son illərində görmə qabiliyyətini itiribmiş. Ancaq ölümünə 10 gün qalmış onun gözlərinə işıq gəlib, görməyə başlayıb, lakin həmin axşam iflic olub və tezliklə ölüb. Nitqi, yaddaşı pozulmuş adamların ölümqabağı nitqinin, yaddaşının bərpa olunduğu hallar da məlumdur.
Həyatın sonunda gümrahlaşma ilə əlaqədar bir tarixi faktı da qeyd etmək istəyirəm. Türkiyədə Çanaqqala döyüşlərində bir ordunun döyüşçüləri məhv olur. Huşunu itirmiş komandir gözlərini açıb görür ki, tək qalıb. O, topun ağır, yalnız bir neçə adamın qaldıra biləcəyi mərmisini götürüb yerinə qoyur və düşmənə güclü zərbə vurur. Sonralar Atatürk qəhrəman döyüşçüyə həmin əməliyyatı təkrar etməsini təklif elədikdə, o bunu bacarmır. Döyüş zamanı yalançı ölümqabağı gümrahlaşma onun ehtiyat enerjisi üzərindən qadağanı götürmüşdü.
Daha bir parlaq misal fransız riyaziyyatçısı, Qalua nəzəriyyəsinin müəllifi Evaris Qaluanın faciəli həyatını göstərə bilərik. Gənc alim duelə çıxmalı olur və bunu bildikdən sonra ömrünün qalan az vaxtında böyük elmi nəticələr əldə edir. Bu elə nəzəriyyə idi ki, sonralar dünya riyaziyyatçıları uzun müddət onu anlamaqda çətinlik çəkmişdilər. Ölümlə nəticələnən duelin yaratdığı real ölüm qorxusu onun ehtiyat bioenerjisi üzərindən qadağanı götürmüş və 21 yaşlı dahi alim elmə böyük yenilik gətirmişdi.
Tarixdə bu qəbildən elə parlaq, unikal hadisələr baş verib ki, onları ancaq ölüm qabağı ehtiyat enerji üzərindən qadağanın götürülməsi ilə izah etmək olar.
- Telman müəllim, ölümqabağı gümrahlaşma ancaq insanlarda müşahidə olunan haldır, yoxsa?..
- Təbiətin qadağan qanunları bütün canlıları (mikroorqanizmləri, bitkiləri, heyvanları və insanları) əhatə etdiyi kimi, qadağanın ölümqabağı götürülməsi də bütün canlılara aiddir.
Lap qədimdən bar verməyən meyvə ağacını balta, dəhrə ilə yüngülvari yaralayıb qorxuzublar ki, əgər gələn il bar verməsən səni kəsəcəyəm. Ağac da canlı orqanizm olaraq hiss edir ki, məhsul verməsi həyat, nəslin davamı deməkdir. Ona görə də, təbiət ehtiyat enerji üzərindən qadağanı götürür, ölüm qorxusu ilə üzləşən bitki özünün nəsil artırmaq funksiyasını yerinə yetirərək çiçəkləyir, bar verməyə çalışır.
Bəzi heyvanlar isə (vaşaq, tülkü, ceyran və s.) ölüm qorxusu hiss edəndə instinktiv olaraq daha bərk qaçır, daha uzağa tullanır və s. Yəni bu hal onların gücünü müvəqqəti olaraq artırır.
Təbiətdə olan qadağan qanunları hər zaman, hər yerdə hökmrandır. Bu qanunlar 3 növ enerjidən ikisinə həmişə qadağa qoyur. Ancaq faktlar göstərir ki, ölümqabağı bu qadağalar götürülür.
- “Canlılarda müxtəliflik (diversifikasiya) hadisəsi və onun sirrinin açılması” kəşfiniz necə, ilk elmi kəşfiniz kimi, o da cəmiyyətdə maraq doğurdumu? Bu kəşfin mahiyyəti nədən ibarətdir?
- İlk kəşfim ikinci ilə müqayisədə maraqlı, cazibədar görünə bilər. Ancaq təbiətdə müxtəlifliyin səbəbini və mahiyyətini açan ikinci kəşfin tətbiqi daha genişdir.
Mikro və makro bioaləmdə, ümumiyyətlə, kainatda iki eyni cisim tapmaq mümkün deyil. Dünyada bir-birini təkrar edən heç nə yoxdur. Bu təsadüfdürmü? Xeyr, təbiətdə, ümumiyyətlə, təsadüf yoxdur. Sadəcə, bizə hansısa hadisə təsadüf kimi görünə bilər.
Bəs, təbiət nə üçün bu qədər müxtəlifliyə meyl edir? Bunun izahı ikinci kəşfimin mahiyyətini təşkil edir. Allah canlılarda müxtəliflik yaratmaqla onların məhvolma riskini azaldır. Əgər canlılar eyni olsaydı, biri üçün əlverişsiz hal yarananda onlar hamısı məhv olardı. Fərq onları qorumaq, məhvolma riskini azaltmaq üçündür.
Toplanmış elmi bilgilər göstərir ki, milyardlarla insan bir-birindən fərqlənir. Onların hər biri yaranışdan fərd olaraq doğulur. Bu isə zahiri əlamət deyil, təsadüf deyil, təbiətin köklü prinsipinin təzahürüdür. Biz bunu nəsli qoruyan müxtəliflik fenomeni adlandırırıq.
Qeyd edim ki, canlı nə qədər zəif, zərif, az ömürlü, ətraf mühitə qarşı dözümsüz, davamsızdırsa, onun növ müxtəlifliyi bir o qədər çoxdur. Məsələn, bir günlə bir həftə arası ömrü olan kəpənəklərin 170 min növü var. Kəpənəklər qısaömürlü olduqları üçün nəslini yaşatmaqdan ötrü çoxnövlüdür. Məhvolma riskini azaltmaq üçün təbiət kəpənəkləri növ müxtəlifliyi ilə silahlandırıb.
Bu, bitkilərə də aiddir. 5 mindən artıq növü olan kaktus növ müxtəlifliyi ilə, tikanlardan özünə sipər qurmaqla nəslinin, kökünün kəsilməsinin qarşısını alır.
Beləliklə, biz təbiətin canlılarda müxtəliflik, çoxnövlülük prinsipindən istifadə etməsini onun növlərin məhvolma riskini azaltması ilə izah edirik.
Canlı nə qədər güclü və uzunömürlüdürsə, onun növ müxtəlifliyi bir o qədər azdır. İnsan güclü canlıdır, o, yaranışdan ən ali varlıq, ən mükəmməl biosistem olduğu üçün onun müxtəlifliyi elə də üzdə deyil. İnsan dərisinin rəngindən, milliyyətindən, irqindən asılı olmayaraq insandır. Ancaq müxtəlif millətlər bir-birinə nə qədər yaxın olsalar da, ana təbiət milyardlarla insan yaratsa da, hələ onlardan bütün parametrləri üzrə bir-birini təkrar edəni yoxdur. Bu o deməkdir ki, təbiət hər bir fərdi unikal yaratmaqla bəşər övladının xarici təsirlərə, bəlalara qarşı davamlılığını artırıb, mümkün ola biləcək məhvolma riskini azaltmaq qayğısına qalıb. Ancaq insan məhvolma qorxusu, genetik nigarançılıq təsiri altında növ müxtəlifliyinə meyillənməyib. Dərinin rəngi, milli, dini, irqi müxtəliflik növ müxtəlifliyi, diversifikasiya deyil.
Güclü canlılara təkcə insanları deyil, heyvanları da aid etmək olar. Məsələn, məhvolma ehtimalı yüksək olan zəif, həssas, azömürlü qarışqalarda növ müxtəlifliyi yüksək həddə çatır. Dayanıqlığa, möhkəm bədən quruluşuna malik uzunömürlü canlılarda, məsələn, fillərdə, dəvələrdə isə bu müxtəliflik çox az olur – hərəsinin cəmi iki növü var.
Təbiətin canlılara verdiyi birinci tapşırıq nəsil artırmaq, onu salamat saxlamaq, inkişafını təmin etməkdir. Buradan doğan, növ müxtəlifliyinin növün zəif, yaxud güclü olmasından asılılığı heyvanların döl verərkən təbii nizamlanmasında da özünü göstərir. Bir qayda olaraq, güclü növlər (məsələn, fil, dəvə və s.) bala verərkən tələsmirlər – fil balasını bətnində 22 ay, dəvə 13 ay bəsləyir. Hər biri doğuşda bir bala doğur. Zəif növlər isə doğmaqda tələskənlik göstərirlər. Məsələn, kirpi balasını 40 gün, dovşan 50 gün, ev siçanı 21 gün bətnində bəsləyir və balalarının sayı çox olur.
Qeyd edim ki, cansızlarda da növ müxtəlifliyi dağılma riskini azaldır. Kəşfin universallığının əsas göstəricilərindən biri də zəlzələyə davamlı qurğular nəzəriyyəsində aşkarladığımız prinsipdir. Bu qayda ondan ibarətdir ki, hər hansı zəlzələ təhlükəli ərazidə yaşayış məntəqəsi yaradıldıqda, orada planda mürəkkəb konfiqurasiyalı, müxtəlif sərtliklərə, müxtəlif qabarit ölçülərinə malik bina və qurğular tikilərsə, onların dağılmalarının seysmik riski azalar. Biz nə zəlzələnin qarşısını ala bilirik, nə proqnozunu düzgün verə bilirik, nə də zəlzələyə davamlı elə qurğu yarada bilirik ki, bütün hallarda binaları xilas etsin. Dünya seysmoloqları və antiseysmikləri yeganə çıxış yolunu binaların zəlzələdən dağılma riskini azaltmaqda görürlər. Bunun üçün isə binaları müxtəlif konstruktiv sxemlə tikmək lazımdır.
Bu kəşfi zəlzələyə davamlı qurğulara tətbiq etmək üçün mən alman texnologiyası ilə 5 müxtəlif tip konstruktiv qurğu layihələndirdim və ona Rixter şkalası ilə 8 ballıq zəlzələ verdim. Həmin 5 tip qurğudan birində silkələnmə əmələ gəldi və dağıldı. Digər dörd tipə heç nə olmadı, yəni dağılma riski azaldı. Deməli, məhəllələrdə müxtəlif xarakteristikalı binalar tikmək zəlzələ zamanı onların dağılma riskini azaldır. Bu fakt da təbiətdən gələn müxtəlifliyin məhvolma riskini azaltdığını göstərir.
- Telman müəllim, əlli ildən artıqdır elmi-pedaqoji fəaliyyətlə məşğulsunuz, bu sahədə də elmə yeniliklər gətirmisiniz...
- Böyük fizioloq alim Pavlov “əzələ sevinci” anlayışını vermişdir. Mən isə elmi pedaqogikaya “dərketmə sevinci” anlayışını gətirmişəm, dərs deyərkən tələbələrdə hökmən bu hissi yaratmağa nail oluram. Bunun üçün aktiv tədris metodu olan problemli təlim metodunu tətbiq edirəm. Hər bir mövzuda elmə məlum olan, ancaq tələbə üçün problem sayılan məsələ var. Dərsdə bu problemi tələbələrin ixtiyarına verirəm və onların dərketmə sevincinə səbəb olmağa çalışıram.
Mən ali məktəb müəllimini dirijora bənzədirəm. O, tələbənin təfəkkürünü idarə etməlidir. Dirijorun çubuğu olduğu kimi, müəllimin də idarəetmə pultu var ki, bu, sözdür. Dərketmə sevinci də buradan doğur. Həmin sevinci bir təzə dil açan uşaqlar, bir də yeni hadisələr kəşf edən alimlər yaşayır. Müəllim əgər tələbələrdə bu sevinci yarada bilirsə, öz ömrü də dərketmə sevincinə qərq olur.

Ü.FƏRZƏLİYEVAшаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova