Beynəlxalq Dağınıq Skleroz Günü qeyd olunub

Beynəlxalq Dağınıq Skleroz Günü qeyd olunub

25 May – Beynəlxalq Dağınıq Skleroz Günü ilə əlaqədar Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında (RKX) tədbir keçirilib.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Sinir xəstəlikləri kafedrasının və RKX-nın II Sinir xəstəlikləri şöbəsinin əməkdaşlarının iştirak etdiyi toplantıda qeyd olunub ki, Azərbaycanda səhiyyənin digər sahələri kimi, dağınıq skleroz xəstəliyinə də böyük diqqət ayrılır. Çıxış edənlər – RKX-nın baş həkiminin müavini Mahir Babayev, ADHTİ-nin Sinir xəstəlikləri kafedrasının dosenti Rövşən Həsənov və assistenti Rəhim Əliyev vurğulayıblar ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 noyabr 2012-ci il tarixli Sərəncamı ilə “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət proqramı” təsdiq edilib və onun icrasına başlandıqdan sonra ölkəmizdə bu xəstəliyin diaqnostikası və müalicəsi sahəsində bir sıra nailiyyətlər əldə olunub. Bu proqramın qəbulu və icrası sayəsində Azərbaycanda dağınıq sklerozdan əziyyət çəkənlərin dövlət tibb müəssisələrində müayinə və müalicəsinin həcmi genişləndirilib, həyat keyfiyyəti artırılıb, onların inyeksiya vasitələri və dərman preparatları, o cümlədən yüksək effektli preparatlarla təminatı yaxşılaşdırılıb.
Tədbirdə bildirilib ki, dağınıq skleroz nevroloji simptomatikalı, mərkəzi və periferik sinir sisteminin çox ocaqlı pozulması ilə müşayiət edilən, proqressivləşən gedişli xroniki xəstəlikdir. Hazırda bu xəstəlikdən əziyyət çəkənlərə dövlət proqramı çərçivəsində beynəlxalq tibbi protokollara uyğun diaqnostika və müalicə tədbirləri davam etdirilir. Belə ki, 2013-2016-cı illər ərzində proqram çərçivəsində 1240-dan çox xəstə müayinə olunub, onlardan təxminən 1000 nəfərə dağınıq skleroz diaqnozu qoyulub. Xəstələr müvafiq preparatlarla dövlət tərəfindən tam təmin edilir. Müayinə olunanlardan 100-dən artıq pasiyent dinamik müşahidəyə götürülüb, 104 nəfərdə isə diaqnoz tamamilə inkar edilib.
Dövlət proqramı çərçivəsində həmçinin tibb işçilərinin təkmilləşdirilməsi, habelə əhali arasında bu xəstəliyə dair maarifləndirmə işi də aparılır. Hər il Nevroloqların Milli Assosiasiyası Ə.Əliyev adına ADHTİ-nin Sinir xəstəlikləri kafedrası ilə birgə Türkiyənin aparıcı mütəxəssislərinin iştirakı ilə tibb bacılarına müvafiq preparatların inyeksiya metodikası ilə bağlı təlim kursu təşkil edir. Həmçinin Nevroloqların Milli Assosiasiyasının mütəmadi olaraq keçirilən görüşləri zamanı onlara dağınıq skleroz xəstəliyinin diaqnostikası və müalicəsi barədə mühazirələr oxunur. ADHTİ-nin Sinir xəstəlikləri kafedrasının, Azərbaycan Tibb Universitetinin Nevrologiya və tibbi genetika kafedrasının və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşlarının birgə səyləri ilə “Dağınıq skleroz üzrə klinik protokol” da hazırlanıb.







Dekabr 2024

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova