Azərbaycanda vərəmə yoluxanlar azalıb

Azərbaycanda vərəmə yoluxanlar azalıb

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2015-ci ildə dünyada 10,4 milyon nəfər vərəm xəstəliyinə yoluxub, onların 60 faizi Hindistan, İndoneziya, Çin, Nigeriya və Pakistanda yaşayır. Xəstələnənlərin 5,9 milyonunu kişilər, 3,5 milyonunu qadınlar, 1 milyonunu isə uşaqlar təşkil edir. Həmin ilin statistikasına əsasən, 480 min nəfər vərəmin çoxsaylı dərmanlara davamlı növünə yoluxub.
Bu barədə Səhiyyə Nazirliyinin və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda kütləvi informasiya vasitələri nümayəndələri üçün keçirilən, vərəm xəstəliyi və onun profilaktikasına, dünyada və Avropada vərəmlə bağlı epidemioloji vəziyyətə dair seminarda danışılıb.
Nazirliyin mətbuat xidmətindən bildirilir ki, tədbirdə Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, professor Həqiqət Qədirova geniş yayılmış yoluxucu xəstəliklər sırasında yer tutan vərəm xəstəliyinin dünya və Avropa ölkələrində yayılma arealı, yoluxma formaları, diaqnostikası, müalicə və mübarizə üsulları haqqında ətraflı məlumat verib. Qeyd edib ki, düzgün müalicə edildiyi təqdirdə xəstələr sağalaraq, normal həyat tərzi şəraitində uzun ömür sürürlər.
İnstitutun direktoru jurnalistlərin nəzərinə çatdırıb ki, hazırda ölkəmizdə 9 minə yaxın vərəm xəstəsi var və onların təxminən yarısı xəstəliyə yeni yoluxub. O bildirib ki, bu sahədə ölkəmizdə aparılan müalicə-profilaktika tədbirləri nəticəsində son 6 ildə Azərbaycanda vərəmə yoluxanların sayında azalma müşahidə olunur. Belə ki, 2010-cu illə müqayisədə 2016-cı ildə ölkəmizdə hər 100 min əhaliyə görə bu say 144 nəfərdən 99 nəfərə düşüb. H.Qədirova xəstəliyə yoluxanların 83 faizinin uğurla müalicə olunduğunu söyləyib, qeyd edib ki, Avropada bu göstərici 85 faizdir və indi Azərbaycanda həmin göstəriciyə nail olmaq üçün mübarizə aparılır. Təkrar yoluxanların müalicəsi isə 73 faiz hallarda uğurla nəticələnib. Vərəmə yoluxma halları daha çox 25-44 yaş arasında olanlarda təsadüf edilir.
Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizdə nümayəndəliyinin layihə əlaqələndiricisi Cəvahir Süleymanova çıxış edərək, vərəmə qarşı müxtəlif müəssisələrdə, xüsusilə penitensiar sahədə aparılan təlimlər barədə danışıb. Onun verdiyi məlumata görə, 2012-ci ildən 2015-ci ilin axırınadək 66 təlim keçirilib, 392 həkim, 134 orta tibb işçisi, 70 laborant və digər qurumların əməkdaşları həmin təlimlərdə iştirak ediblər. Penitensiar xidmətdə növbəti təlimin iyunun ikinci həftəsində keçirilməsi nəzərdə tutulub.
Sonra Ağciyər Xəstəlikləri İnstitutunun direktor müavini İradə Axundova vərəm xəstəliyinin yoluxma yolları, simptomları, qorunma üsulları, İnstitutun Konsultativ poliklinika şöbəsinin müdiri Nailə Mahmudova isə uşaqlar arasında vərəmin profilaktikası haqqında mətbuat nümayəndələrinə ətraflı məlumat veriblər.
Bildirilib ki, ölkəmizdə vərəm xəstələrinin müayinə və müalicəsi ödənişsiz həyata keçirilir. Vərəm əleyhinə dərmanlar Səhiyyə Nazirliyi tərəfindən müvafiq səhiyyə müəssisələrinə təqdim edilir. Müalicə tədbirləri ilə yanaşı, vaxtaşırı olaraq xəstələrin vəziyyəti ilə bağlı monitorinqlər aparılır.
Tədbirdə qeyd edilib ki, bu xəstəliklə mübarizə sahəsində profilaktikanın xüsusi önəmi vardır. Əsas məqamlardan biri vaxtında müalicə üçün müraciət etməkdir. Öskürək və gecələr tərləmə halları davamlı olduqda insanlar hökmən həkimlə məsləhətləşməlidirlər. Bildirilib ki, xəstə vaxtında həkimə müraciət edərsə, düzgün müayinə və müalicə nəticəsində vərəmdən tam sağalmaq mümkündür.







Dekabr 2024

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova