QİÇS-dən vəfat edənlərin Ümumdünya Xatirə günü qeyd olundu

QİÇS-dən vəfat edənlərin Ümumdünya Xatirə günü qeyd olundu

Hər il mayın üçüncü istirahət günü bütün dünyada Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) səbəbindən vəfat edənlərin Ümumdünya Xatirə günü qeyd olunur. Bu sindromdan dünyasını dəyişənlərin yad olunması cəmiyyət üzvlərini bu infeksiyaya yoluxma təhlükəsi haqqında düşünməyə, sosial mənşəyindən asılı olmayaraq hər kəsi insanın immunçatışmazlığı virusu (İİV) adlı təhlükədən qorunmağa çağırır. Eyni zamanda, bu tədbir cəmiyyətin diqqətini İİV-lə yaşayan insanların problemlərinə cəlb etmək, onlara qarşı stiqma və diskriminasiyanı aradan qaldırmaq, onların ailə üzvlərinə və yaxınlarına dəstək vermək, geniş ictimaiyyətə İİV/QİÇS haqqında düzgün informasiya çatdırmaq məqsədi daşıyır.
QİÇS-dən vəfat edənlərin Ümumdünya Xatirə günü münasibətilə Respublika QİÇS-lə Mübarizə Mərkəzində keçirilən mətbuat konfransında da bu məsələlərə toxunulub, həmçinin Azərbaycanda İİV infeksiyası ilə bağlı son statistika açıqlanıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə çıxış edən Mərkəzin direktoru Esmira Alməmmədova bildirib ki, bu ilin ilk üç ayı ərzində ölkəmizdə 108 nəfərdə İİV-ə yoluxma aşkar edilib. Onlardan 107-si ölkə vətəndaşı (71 kişi və 36 qadın), 1 nəfəri isə əcnəbidir. Həmin dövrdə QİÇS mərhələsinə keçənlərin sayı 31 nəfər, İİV infeksiyasından vəfat edən ölkə vətəndaşlarının sayı isə 19 nəfər olub.
İİV-ə yoluxması bu il aşkar edilən 108 nəfərdən 10-u parenteral yolla, 51 nəfər heteroseksual kontakt, 4 nəfər homoseksual kontakt nəticəsində, 4 nəfər anadan uşağa ötürülməklə infeksiyaya tutulub. 39 nəfərdə isə yoluxma yolu hazırda müəyyən edilməkdədir.
Ümumilikdə, Azərbaycanda İİV infeksiyasının ilk dəfə aşkar edildiyi 1987-ci ildən bu il martın axırlarınadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 5 269 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 73,2 faizi kişi, 26,8 faizi qadındır. QİÇS mərhələsində olanların sayı 1 383 nəfər, İİV infeksiyasından vəfat edənlərin sayı isə 828 nəfər olub.
İİV-lə yaşayan insanların 45,5 faizində yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 43,2 faizində heteroseksual, 2 faizində isə homoseksual kontakt nəticəsində, 1,9 faizində anadan uşağa keçməklə, 0,03 faizində donor qanının köçürülməsi nəticəsində baş verib, 7,4 faizində yoluxma yolu müəyyən edilməyib.
Mətbuat konfransında İİV-lə yaşayanlara QİÇS-lə Mübarizə Mərkəzində profilaktika, müalicə, qulluq və dəstək göstərilməsi barədə məlumat verilib. Bildirilib ki, 2006-cı ilin noyabrından tətbiq edilən antiretrovirus müalicəsinə İİV-lə yaşayan 3 653 nəfər cəlb edilib, onlardan 115 nəfərin müalicəsinə bu ilin əvvəllərindən başlanılib.
Məlumat verilib ki, nikaha daxil olmaq istəyənlərin tibbi müayinəsi çərçivəsində 2017-ci ilin I rübü ərzində 30 464 nəfər İİV-ə görə müayinəyə cəlb olunub, onlardan 11 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib.
Qeyd edilib ki, bütün dunyada olduğu kimi, Azərbaycanda da QİÇS-dən dünyasını dəyismiş insanların Ümumdünya Xatirə günündə ənənəvi olaraq onlar yad edilir, Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən həmin günə həsr olunmuş könüllü testləşmə aksiyaları və maarifləndirmə tədbirləri həyata keçirilir.
Mətbuat konfransının sonunda İİV-ə yoluxma yolları və ondan qorunma üsullarına dair film nümayiş olunub.







Dekabr 2024

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova