Səhiyyə Nazirliyi və UNICEF jurnalistlər üçün seminarlar təşkil edib
Səhiyyə Nazirliyinin “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya”nın həyata keçirilməsi üzrə Fəaliyyət Proqramı çərçivəsində Səhiyyə Nazirliyi və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Ana südü ilə qidalandırmanın üstünlükləri” mövzusunda silsilə seminarlar keçirilib.
K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunda təşkil edilən ilk belə seminarda İnstitutun direktoru, Səhiyyə Nazirliyinin pediatriya üzrə baş mütəxəssisi, professor Nəsib Quliyev çıxış edərək bildirib ki, uşaqların rasional qidalanması hazırda ən aktual problemlərdən biridir. Baş pediatr deyib ki, anaların yalnız 2 faizinin onlardan asılı olmayan səbəblərə görə südü olmaya bilər: “Təəssüf ki, anaların 48 faizi körpələrini subyektiv səbəblərə görə öz südü ilə qidalandırmır. Çox vaxt ana bədən quruluşunu korlamaqdan qorxur. Amma elm sübut edir ki, ana südü ilə qidalanma həm ananın, həm də körpənin orqanizmi üçün faydalıdır. Körpəsini 2 yaşına qədər öz südü ilə qidalandıran analar süd verdiyi dövrdə çox vaxt (96 faiz halda) hamilə qalmır. Bundan əlavə, süni qidalarla bəslənən uşaqlar arasında xəstəlik və ölüm səviyyəsi ana südü ilə qidalanan uşaqlara nisbətən 4 dəfə yüksək olur. Həmçinin süni qidalandırılan uşaqlarda mədə pozulmasına və ishala 17,3 dəfə çox təsadüf edilir.
Tədbirdə Səhiyyə Nazirliyinin mamalıq-ginekologiya üzrə baş mütəxəssisi, Respublika Perinatal Mərkəzinin baş həkimi Sevinc Məmmədova, 2 saylı Doğum Evinin baş həkimi Mehriban Abasquliyeva və digərləri ana südü ilə qidalandırmanın həm ana, həm də uşaq sağlamlığı üçün əhəmiyyəti haqqında çıxışlar ediblər.
Aparıcı KİV nümayəndələrinin iştirak etdiyi seminarda ana südü ilə qidalanma sahəsində mövcud vəziyyətə toxunulub. Qeyd edilib ki, bu sahədə maarifləndirməni gücləndirmək məqsədilə UNICEF və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə hər ilin avqust və oktyabr aylarının ilk həftələrində ana südünün üstünlüklərinə həsr edilən “Ana südü həftəsi” keçirilir. Həmin tədbirin təşkilində əsas məqsəd qadınları ana südünün üstünlükləri barədə məlumatlandırmaq, bu sahədə ananın məsuliyyətini artırmaqdan ibarətdir.
Seminarda qeyd edilib ki, son illər Səhiyyə Nazirliyinin fəaliyyəti, aparılan maarifləndirmə tədbirləri sayəsində ana südü ilə qidalandırmanın xüsusi çəkisi artıb.
Seminar müzakirələrlə davam etdirilib.
Bu qəbildən ikinci seminar Sumqayıtda keçirilib. Tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova, Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin baş pediatrı, Əməkdar həkim Xalidə Quliyeva, ictimai məsələlər üzrə təlimçi Elçin Sərdarov ana südü ilə qidalanmanın üstünlükləri, ana və uşaq sağlamlığı üçün əhəmiyyətindən danışıblar, körpənin gələcək sağlamlığında, immun sisteminin formalaşmasında onun böyük rolu olduğunu nəzərə çatdırıblar. Bildirilib ki, il ərzində ölkəmizdə 150-170 min doğuş baş verir və bunun 70-80 faizi normal fizioloji doğuşlardır. Dünyaya göz açan körpənin və ananın sağlamlığı həkimin diqqət mərkəzində saxladığı ən vacib məsələdir. Seminarda yeni doğulan körpələrin qayğısına qalmaq üçün analara yaradılan şərait və bu sahədəki dövlət qayğısından da danışılıb. Vurğulanıb ki, qadınların hamiləlikdən əvvəl müayinə olunmaması, mütəxəssislərdən məsləhət almaması, daxili somatik xəstəliklərin vaxtında müalicə edilməməsi, hamiləlik dövrü yaşadığı ailədaxili və sosial problemlər doğuş zamanı fəsadlar törədə bilər.
Ana südü ilə qidalanmanın vacibliyinin mətbuatda peşəkarlıqla işıqlandırılması və əhalini maarifləndirilməsində KİV nümayəndələrinin məlumatlı və hazırlıqlı olması məqsədilə keçirilən tədbir suallar ətrafında fikir mübadiləsi aparılıb.
Seminar zamanı mövzu ilə əlaqədar Heydər Əliyev Fondunun Səhiyyə Nazirliyi və UNICEF-lə birgə hazırladığı videoçarx nümayiş olunub.
Analoji seminar Gəncə şəhərində də keçirilib və digər regionlarda da təşkili nəzərdə tutulub.