Parlamentin yaz sessiyasının son plenar iclası keçirilib
Milli Məclisin 2017-ci il yaz sessiyasının sonuncu iclasında bir sıra məsələlər, qanun layihələri müzakirə edilib.
O cümlədən “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov çıxış edərək bildirib ki, hazırda ölkədə neftdən asılılığın aradan qaldırılması istiqamətində mühüm tədbirlər görülür. Nazir qeyd edib ki, səhiyyə sahəsində bəzi tədbirlərin görülməsi ilə bağlı qərar verilib. İcbari tibbi sığorta ilə bağlı olan pilot layihə Mingəçevir və Yevlax rayonlarında uğurla həyata keçirilməkdədir.
İclasda Əmək Məcəlləsində, Cinayət Məcəlləsində və bir sıra qanunlarda dəyişikliklərin edilməsi haqqında məsələlərə baxılıb, bəzi beynəlxalq sənədlər təsdiqlənib, bir neçə yeni qanun müzakirəyə çıxarılıb.
Toplantıda Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda dəyişikliklər edilməsi barədə sənədlə bağlı məlumat verib. Bildirilib ki, sənədin 11-ci və 50-ci maddələrinə “hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamının qadağan olunması” ilə bağlı müvafiq dəyişikliklər edilib. Sənəd səsə qoyularaq təsdiqlənib.
İclasda “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 53-cü maddəsinə edilən “həqiqi hərbi xidmətə çağırılma və səfərbərliklə bağlı” dəyişikliklər də qəbul olunub.
Milli Məclisin sədri Oqtay Əsədov 84 deputatın müraciəti əsasında parlamentin növbədənkənar sessiyasının çağırılacağını söyləyib və Milli Məclisin yas sessiyasını bağlı elan edib.