Ulu öndərin xatirəsi yad edildi
10 may müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin doğum günüdür. Bu əlamətdar gündə Azərbaycan xalqı, o cümlədən tibb işçiləri öz xilaskarını ehtiramla anır, onun ad gününü müxtəlif tədbirlərlə qeyd edir, dahi şəxsiyyətin vətən və dövlət qarşısında xidmətlərini minnətdarlıqla xatırlayırlar.
Fəxri Xiyabanı ziyarət
Hər il olduğu kimi, bu il ulu öndərin anadan olmasının 94-cü ildönümü günündə də Səhiyyə Nazirliyinin rəsmiləri, kollegiya üzvləri, tibb ictimaiyyətinin, səhiyyə müəssisələrinin, elmi tədqiqat institutlarının nümayəndələri Fəxri Xiyabanı ziyarət edərək, ümummilli liderin xatirəsini ehtiramla yad ediblər, bu dahi şəxsiyyətin məzarı üzərinə əklil qoyublar.
Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi-praktiki konfrans
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.
Səhiyyə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, tədbiri giriş sözü ilə açan ADHTİ-nin rektoru professor Nazim Qasımov vurğulayıb ki, ulu öndər Heydər Əliyev Azərbaycan tarixində doğum günü milli bayram kimi qeyd edilən yeganə şəxsiyyətdir. Ümummilli liderin Azərbaycan dövlətçiliyinin, ordusunun, mədəniyyətinin, səhiyyə və təhsil sistemlərinin inkişafında əvəzsiz rolunu qeyd edən N.Qasımov onun azərbaycanlı gəncləri gərəkli ixtisaslara yiyələnməkdən ötrü keçmiş Sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsini, səhiyyə sahəsinə həmişə diqqət və qayğı göstərməsini xüsusi xatırlayıb.
Rektor bildirib ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə öz inkişaf dövrünü yaşayır, bölgənin aparıcı dövlətinə çevrilmişdir və bu, ümummilli liderin xatirəsinə ən böyük hədiyyədir: “Həyata keçirilən genişmiqyaslı islahatlar əhalinin sağlamlığının qorunmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. Tam əminliklə demək olar ki, Heydər Əliyevin uzun illərə hesablanmış strategiyasının uğurla tətbiqi nəticəsində səhiyyə sistemini qarşıda daha böyük tərəqqi, nailiyyətlər gözləyir”.
Ə.Əliyev adına ADHTİ-nin professor-müəllim heyətinin iştirak etdiyi konfrans öz işini institut alimlərinin elmi tədqiqatlarının nəticələrinə həsr olunmuş çıxışları ilə davam etdirib. Sinir xəstəlikləri, Terapiya, Yoluxucu xəstəliklər, Şüa diaqnostikası, Mamalıq və ginekologiya kafedralarının əməkdaşları Aygün Quliyeva, Tünzalə Səmədova, Səbinə Orucova, Aynur Qarayeva, Arzu Nuriyeva, Natavan Süleymanova təbabətin müxtəlif aktual problemlərinə həsr olunmuş məruzələrlə çıxış ediblər. Məruzələr maraqla dinlənilib, mövzular ətrafında diskussiyalar aparılıb.
ATU-da anım tədbiri
Azərbaycan Tibb Universitetində (ATU) də ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbirdə ulu öndərin əziz xatirəsi ehtiramla yad edilib.
Toplantıda ATU-nun rektoru, professor Gəray Gəraybəyli bu dahi şəxsiyyətin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında əvəzsiz tarixi xidmətlərindən danışıb, bildirib ki, onun diqqət və qayğı göstərdiyi sahələrdən biri də səhiyyə olub. Ulu öndərin səhiyyə sahəsinin inkişafı istiqamətində əvəzsiz işlər gördüyünü deyən G.Gəraybəyli, tibb müəssisələrinin əsaslı təmir edildiyini, yeni səhiyyə ocaqları tikildiyini, bu tibb müəssisələrinin müasir avadanlıqlarla təchiz olunduğunu xatırladıb. Rektor Azərbaycan dövlətçiliyinin ən ağır məqamında Heydər Əliyevin xilaskar kimi hakimiyyətə qayıtdığını, ölkəmizi parçalanmaqdan qoruduğunu vurğulayıb.
Digər çıxış edənlər qeyd ediblər ki, ümummilli lider hələ 1970-1980-ci illərdə ilk dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə Tibb İnstitutuna xüsusi diqqətlə yanaşıb. Məhz onun qayğısı nəticəsində ATU-da zəngin maddi-texniki baza yaradılıb, tədris korpusu, tələbə yataqxanası, xəstəxana və poliklinikalar tikilərək istifadəyə verilib, elmi-tədqiqat laboratoriyaları müasir cihazlar və avadanlıqla təchiz edilib. Bu isə dərin elmi axtarışlar aparmağa, tibb sahəsində kifayət qədər kadr potensialı yaratmağa imkan verib.
Mərkəzi Neftçilər Xəstəxanasında müayinələr
Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə bir çox tibb müəssisələrində də müxtəlif səpkili tədbirlər keçirilib. Belə tədbirlərdən biri də Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında vətəndaşların check-up müayinələrinin təşkili olub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səhər saatlarından başlayan müayinə tədbirləri üçün ümumilikdə 719 nəfər müraciət edib. Onlardan 135 nəfər kardioloq, 117 nəfər nevropatoloq, 128 nəfər terapevt, 78 nəfər oftalmoloq müayinəsindən keçib. Müraciət edənlərin qalan hissəsi mərkəzin endokrinoloq, LOR, uroloq, ginekoloq, revmatoloq, travmatoloq-ortoped, infeksionist, allerqoloq və digər ixtisaslı həkimlərinin müayinəsində olublar. Aparılan müayinələr zamanı 393 nəfər USM, EKQ, EXO, rentgen, EEQ müayinələrindən keçib, 1 xəstə isə stasionara yerləşdirilib.
Mərkəzi Klinikada anım tədbiri
Mərkəzi Klinikada keçirilən anım tədbirində baş direktor İxtiyar Sultanov ümummilli liderin həyat və fəaliyyəti barədə geniş məlumat verib, bildirib ki, Azərbaycanın müstəqilliyinin son 23 ili ərzində həyatımızın bütün sahələrində əldə olunan uğurlar məhz ulu öndərin müəyyənləşdirdiyi strategiya ilə bağlıdır.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Aqiyə Naxçıvanlı çıxış edərək, görkəmli şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövrdə elmin, təhsilin inkişafı ilə bağlı gördüyü işlərdən, qadınlara, uşaqlara, müxtəlif peşə sahiblərinə, xüsusən də həkimlərə diqqət və qayğısından danışıb, xatirələri ilə bölüşüb.
Yeni Azərbaycan Partiyası Mərkəzi Klinika ilk təşkilatının sədri Xudayar Mustafayev, baş həkimin müavini Sevda Əsədova ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair geniş məruzələrlə çıxış ediblər.
Tədbirin sonunda görkəmli şəxsiyyətin ömür yolundan bəhs edən videoçarx nümayiş olunub.