Tibb işçilərinin hüquqi maarifləndirilməsinə dair treninqlər keçirilir
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin yerinə yetirilməsi, bu işdə şəffaflığın və vahid metodologiyanın tətbiqi məqsədi ilə treninqlərə başlanılıb.
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən treninqlər “Tibb İşçilərinin Hüquqi Maarifləndirilməsinə Yardım” İctimai Birliyi tərəfindən aparılır. Treninq tibb işçilərinin öz hüquq və vəzifələrini bilməsi, həmçinin pasiyent hüquqlarını da lazımi səviyyədə öyrənməsi, onlarla düzgün ünsiyyət qurulması, şikayətlərin hüquqi həlli baxımından böyük əhəmiyyət kəsb edir.
İlk təlimlər Siyəzən və Quba Regional Müalicə Diaqnostika Mərkəzlərində (MDM) təşkil olunub. Treninqlərdə bu tibb müəssisələri ilə yanaşı, Siyəzən Rayon Mərkəzi Poliklinikasının, Şabran, Xızı, Quba, Qusar, Xaçmaz Rayon Mərkəzi Xəstəxanalarının mütəxəssisləri iştirak ediblər.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində təşkil olunan digər təlimə isə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin, Milli Onkologiya Mərkəzinin, Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin, M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının, Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun, Respublika Perinatal Mərkəzinin, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının, 3 nömrəli Şəhər Klinik Xəstəxanasının, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun, Kliniki Tibbi Mərkəzin və Bakı Sağlamlıq Mərkəzinin mütəxəssisləri qatılıblar.
Treninqlərdə tibb işçilərinin hüquq və vəzifələri, həmin hüquqların müdafiəsi mexanizmləri, şikayətlərin araşdırılma taktikasına dair praktiki tövsiyələr haqqında mühazirələrlə Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov və başqaları çıxış ediblər.
Analoji treninqlərin digər regionlarda da keçirilməsi planlaşdırılır.