Koxlear implantasiya əməliyyatlarına hazırlıq məktəbi fəaliyyətə başlayır
Səhiyyə Nazirliyi “Koxlear implantasiya əməliyyatları aparılmasına ehtiyacı olan uşaqların qeydiyyatının aparılması, seçilməsi, müayinə və müalicəsi üzrə Komissiya”ya müraciət edən ailələrin, əməliyyat və ondan sonrakı dövrdə reabilitasiya məsələləri ilə bağlı məlumatlandırılması üçün xüsusi məktəb təşkil edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında keçirilən ilk dərslərdə tibb üzrə fəlsəfə doktoru A.Abbasova komissiyaya müraciət edən ailələrə uşaqların ağıreşitmə problemləri, onun həlli yolları, koxlear implantasiya əməliyyatı və əməliyyatdan sonrakı dövrdə reabilitasiya məsələləri ilə əlaqədar mühazirələr oxuyacaq. Bu sahədə praktik təlimlərin keçirilməsi də nəzərdə tutulub.
Hazırda məktəbin təşkili üçün lazımi şərait və mütəxəssislərdən ibarət qrup yaradılıb.