Dünya Səs gününə həsr olunmuş tədbirlər keçirilib
Hər il aprelin 16-sı Dünya Səs günü kimi qeyd olunur. Bu günün keçirilməsində əsas məqsəd ictimaiyyətə səsin rolu və əhəmiyyəti, yaranan problemlərin müalicə-profilaktik həlli prinsipləri haqqında informasiya verməkdir.
Son 3 ildə olduğu kimi, bu il də ölkəmizdə Dünya Səs günü münasibətlə müxtəlif tədbirlər təşkil olunub. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Qulaq-burun-boğaz xəstəlikləri kafedrası nəzdində “Səs laboratoriyası”nın rəhbəri, tibb üzrə fəlsəfə doktoru Ramil Həşimlinin verdiyi məlumata görə, Dünya Səs günü münasibətlə üç tədbir keçirilib.
Bunlardan biri Milli Konservatoriyada “Səs: tibbin və incəsənətin kəsişdiyi nöqtə” mövzusunda seminar, digəri “Larinqologiyanın “başağrısı” – qırtlaq iflicləri” mövzusunda elmi-praktik konfrans, üçüncüsü isə Avroviziya mahnı müsabiqəsinin qalibi Eldar Qasımovun “Volume” vokal məktəbində “Professional səs” mövzusunda konfrans olub.
Həmin tədbirlərdə tibb üzrə fəlsəfə doktorları Ramil Həşimli, Afaq Abbasova və Araz Əliyev, həkimlər Dilşad Şadlinskaya və Kamil Süleymanov səs problemlərinin müayinə və müalicəsi barədə mühazirələr oxuyublar.
Çıxış edən qonaqlar bu tədbirlərin əhəmiyyətini, bu işin lazımlı olmasını qeyd ediblər, belə tədbirlərin davamlı təşkil olunması arzusunu bildiriblər.