Anadangəlmə ürək qüsurlarının erkən diaqnostikası üzrə təlimlər keçirilib
Səhiyyə Nazirliyi, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Kardiologiya və Pediatriya kafedraları, K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika Uşaq Xəstəxanası və Rostropoviç-Vişnevskaya Fondu birgə dəstək və təşkilatçılıq sayəsində "Anadangəlmə ürək qüsurlarının antenatal və neonatal dövrdə diaqnostikasında exokardioqrafiyanın əsasları" mövzusunda təkmilləşdirmə kursu keçiriblər.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 20 günlük nəzəri və praktiki kurslara pediatrik və neonatal kardioloqlar, pediatrik reanimatoloqlar, exokardioqrafiya ilə maraqlanan pediatr və neonatoloqlar, habelə neonatal və pediatrik kardiologiyaya dair biliklərini təkmilləşdirmək istəyən kardiocərrahlar və kardiologiya ixtisası üzrə təhsil alan sonuncu kurs rezidentləri qatılıblar.
Yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə həyata keçirilən təlimdə anadangəlmə ürək qüsurlarının diaqnostikasında exokardioqrafiyanın tətbiqi, antenatal dövrdə (ana bətnində) ürək qüsurlarının diaqnostikası, yenidoğulmuşlarda exokardioqrafiya aparılması qaydaları, invaziv prosedurlar zamanı ondan istifadənin əsasları, sadə və mürəkkəb anadangəlmə ürək qüsurlarında müayinələrin aparılması alqoritmləri və digər mövzular müzakirə edilib.
İki mərhələdən ibarət təlim kursunda müdavimlər nəzəri biliklər almaqla yanaşı, “Yenidoğulmuşlarda və körpələrdə exokardioqrafiyanın aparılmasına dair praktikum” da keçiblər.