Seçenov Universitetinin rektoru Bakı filialında müəllim və tələbələrlə görüşüb
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (BMDTU) Bakı filialında Universitetin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Pyotr Qlıboçko ilə görüş keçirilib.
İclasda BMDTU Bakı filialının rektoru, professor Əziz Əliyev Universitetin Bakı filialının yaradılması tarixindən danışıb, bu işdə Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rolunu qeyd edib.
Akademik P.Qlıboçko toplantı iştirakçılarına Universitetin adının dəyişməsi barədə məlumat verib. O bildirib ki, bundan sonra Universitet “İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti Federal Dövlət Müstəqil Təhsil Müəssisəsi (Seçenov Universiteti)” adlanacaq.
Rektor P.Qlıboçko deyib ki, Bakı filialının tələbələri üçüncü kurs başa çatanda Moskvada Seçenov Universitetinin klinik bazalarında təcrübə keçəcəklər. Filialda klinik fənlər Azərbaycan klinikalarının bazasında Moskvadan gəlmiş müəllimlər tərəfindən tədris ediləcək.
Akademik qeyd edib ki, filialın yaradılması Azərbaycanda tibb təhsilini təkmilləşdirmək, dünyanın nüfuzlu təhsil mərkəzləri ilə əlaqələri genişləndirmək, habelə Azərbaycan vətəndaşlarının Rusiyanın tibb təhsili ocaqlarında təhsil almaq arzusunu təmin etmək məqsədi daşıyır.
Görüşün sonunda akademik P.Qlıboçko tələbələrə tibb elminin mənimsənilməsində uğurlar arzu edib.