Azərbaycan – Cibuti səhiyyə əməkdaşlığının perspektivləri müzakirə edildi
Səhiyyə Nazirliyində nazir Oqtay Şirəliyev ölkəmizdə rəsmi səfərdə olan Cibuti Respublikasının səhiyyə naziri Cama Elmi Okiehin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə qonaqlar ümummilli lider Heydər Əliyev və görkəmli akademik Zərifə Əliyevanın məzarını, sonra isə Şəhidlər Xiyabanını ziyarət ediblər.
Səhiyyə Nazirliyində keçirilən görüşdə Cibuti Respublikasının səhiyyə naziri Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyli İli” elan edilməsinin bütün İslam dünyası ölkələrində rəğbətlə qarşılandığını xüsusi olaraq vurğulayıb. Qonaq həmçinin İslam Həmrəyli Oyunlarının Azərbaycanda keçirilməsini ölkə rəhbərliyinin sağlam həyat tərzinin təbliği və ölkədə aparılan sosialyönümlü siyasətin bariz nümunəsi olduğunu bildirib.
Görüşdə ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın qurulması, Azərbaycan səhiyyəsinin qazandığı müsbət təcrübədən cibutili həmkarların istifadəsi, azərbaycanlı həkimlərin həmin ölkədə qısa müddətdə cərrahi əməliyyatlar aparması barədə təkliflər verilib.
Səhiyyə naziri Oqtay Şirəliyev son illər ərzində səhiyyə və tibb elmi sahəsində görülən işlər və əldə olunan uğurlar barədə qonağa məlumat verib.
Nazir Cama Elmi Okieh və Cibuti nümayəndə heyəti həmçinin K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunda olub. Tibb müəssisəsinin rəhbərliyi ilə görüşdə qonağa Azərbaycanda dövlətin sosialyönümlü siyasətinin əsas istiqamətlərindən və səhiyyənin prioritet sahələrindən biri olan uşaqların sağlamlığının qorunması üzrə görülən işlərdən danışılıb.
Digər tanışlıq görüşü Azərbaycan Tibb Universitetinın (ATU) rəhbərliyi və professor-müəllim heyətinin iştirakı ilə keçirilib. Qonaqlara ölkəmizdə tibbi təhsildə aparılan islahatlar, Boloniya sisteminə keçid və tibbi rezidentura sistemi barədə məlumat verilib. Cibutili tələbələrin ATU-da təhsil almaq imkanlarına dair təkliflər qəbul edilib.
Milli Onkologiya Mərkəzində keçirilən görüşlərdə xərçəngin erkən aşkarlanması üzrə Azərbaycanda səyyar briqadalarla mütəmadi monitorinqlərin aparılmasından, xəstələrin müalicəsi üzrə Dövlət Proqramından söz açılıb, Azərbaycanlı mütəxəssislərin Cibutiyə qısa müddətli ezamiyyətə gedərək, orada nəzəri-təcrübi kursların təşkili haqqında təkliflər səsləndirilib.
Milli Oftalmologiya Mərkəzində keçirilən görüşdə Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin rəhbərliyi də iştirak edib. Həmin təşkilatının xətti ilə Azərbaycanlı oftalmoloqlar, Cibuti də daxil olmaqla, Afrikanın bir sıra ölkələrində oftalmoloji cərrahi əməliyyatlar aparıblar. Həmin layihənin davamı və Azərbaycanlı mütəxəssislərin Cibutiyə qısa müddətə ezam olunaraq nəzəri- təcrübi kurslar təşkil etməsi barədə müzakirələr aparılıb.
Səfər proqramı çərçivəsində Cibuti nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində də olub.
Görüşlərdə Azərbaycanın Cibuti səhiyyəsinə texniki və maddi yardımı məsələləri müzakirə edilib, bir sıra tibbi cihaz və xəstəxana ləvazimatının həmin ölkəyə verilməsi barədə razılaşma əldə olunub.